15 iyul 2020 16:45
2650

Beynəlxalq hüquq dünyadakı vəziyyətin əsas amili olmalıdır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  Ermənistanın Azərbaycana son  hücumlarını kəskin şəkildə  qınayaraq bildirir ki, bütün imkanlarımızla dost və qardaş Azərbaycanın yanındayıq və yanında olmaqda davam edəcəyik

Təhlükəsizlik Şurasının iclasında Ermənistanın təxribatlarını şərtləndirən amillərdən geniş bəhs edən dövlətimizin başçısı İlham Əliyev bu məqamı xüsusi diqqətə çatdırmışdır ki, ölkəmizin son vaxtlar əldə etdiyi beynəlxalq uğurlar erməniləri çox narahat edir və onlarda paxıllıq hissini daha da gücləndirir. Xüsusilə, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyətimiz, son müddət ərzində bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilən  açıqlamalar, qəbul edilən qərarlar, ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi, əlbəttə ki, Ermənistanın münaqişə ilə bağlı mövqelərinə çox ciddi zərbə vurubdur: «Eyni zamanda, mötəbər kürsülərdən müntəzəm olaraq həm münaqişənin tarixi ilə, həm bölgənin tarixi ilə bağlı gətirdiyimiz konkret faktlar, inandırıcı əsaslandırmalar, əlbəttə ki, onların təbliğatını alt-üst edir. Artıq bütün dünya bilir ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bunu təsdiqləyən kifayət qədər sənədlər var və bu sənədləri biz indi geniş beynəlxalq ictimaiyyətə təqdim edirik… O cümlədən bu yaxınlarda qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “seçkilər” nəinki heç bir ölkə tərəfindən tanınmadı, hətta bütün aparıcı beynəlxalq təşkilatlar, qonşu ölkələr və bu məsələ ilə məşğul olan ölkələr bu seçkiləri pislədilər. Beləliklə, bir daha ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə olundu, bir daha açıq göstərildi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.»

Qeyd edək ki, pandemiya dövründə Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən  Sammitində növbəti dəfə  Ermənistanın işğalçılıq siyasətini ifşa edən Prezident İlham Əliyev nitqində bir daha diqqəti  Azərbaycan və Avropa İttifaqı arasında imzalanan  “Tərəfdaşlıq prioritetləri” sənədində əksini  tapan  hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi məsələsinə yönəldərək  bir daha bəyan etmişdir  ki,  Ermənistan və Azərbaycan arasında olan münaqişə eyni prinsiplər əsasında həll edilməlidir.  Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalını davam etdirir.

Azərbaycanın iqtisadi uğurları, onların fonunda artan hərbi qüdrəti, ən əsası real həqiqətlərə, tarixi faktlara əsaslanan təbliğatına söykənən diplomatik mübarizədə qələbəsi yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini daha da yaxınlaşdırır.  Qeyd etdiyimiz  kimi, problemin həlli üçün möhkəm hüquqi baza mövcuddur. Beynəlxalq təşkilatların qərar və qətnamələrində Azərbaycanın ədalətli mövqeyi dəstəklənir, Ermənistanın işğalçılıq siyasəti pislənir, ən əsası erməni işğalçılarının torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmasının vacibliyi bəyan edilir.  30 ildən artıq davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ikili yanaşmalar göz önündədir. Baxmayaraq ki, beynəlxalq səviyyədə Azərbaycanın haqlı mövqeyi dəstəklənir, münaqişənin həlli üçün möhkəm hüquqi baza mövcuddur, bəyanatlardan konkret əmələ keçməkdə tərəddüdlər inkaredilməzdir.

İyulun 12-də   Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində, Tovuz rayonu istiqamətində törətdiyi  təxribat beynəlxalq səviyyədə pislənir, dünya dövlətləri və beynəlxalq  təşkilatlar münasibətlərini bildirirlər. Hər zaman Azərbaycanın yanında olan dost, qardaş Türkiyədən gələn dəstək bir daha ulu öndər Heydər Əliyevin  «Bir millət, iki dövlət» tezisinin təsdiqidir.  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Azərbaycana son hücumlarını kəskin şəkildə  qınadığını bildirib: «Türkiyə qədim  dostluq bağları və qardaşlıq əlaqələrinin olduğu  Azərbaycanın haqq və  hüquqdarının müdafiəsi, torpaqlarına qarşı yönələn təcavüzün qarşısının alınmasında tərəddüd etməyəcək. Öz ölkəsində sosial və  epidemiya ilə bağlı problemləri həll edə bilməyən bir dövlətin belə hücumlar etməsi, ilk növbədə, xalqına qarşı hörmətsizlikdir. Bütün imkanlarımızla dost və qardaş Azərbaycanın yanındayıq və yanında olmaqda davam edəcəyik.»

Azərbaycan və Türkiyənin birliyinin bariz nümunələrindən olan  «Star» neft emalı zavodunun açılışında da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələyə xüsusi diqqət yönlətmişdir.  «Türkiyə və Azərbaycanın bölgəmizin təhlükəsizliyinin və sabitliyinin əsas aktorları olduğu artıq hamı tərəfindən qəbul edilməyə başlanıb. Bu iki ölkənin qoşulmadığı, razı olmadığı və dəstək vermədiyi heç bir layihə hədəfinə çata bilməz» söyləyən R.T.Ərdoğan, eyni zamanda, bildirmişdir ki, bununla yanaşı, Azərbaycan torpaqlarının 20 faizinin əsrin dörddəbiri qədər işğal altında qalması qəbul edilə bilməz: «Ölkəmizin və Azərbaycanın bu münaqişənin həlli istiqamətində göstərdiyi təşəbbüslərə beynəlxalq ictimaiyyət daha səssiz qala bilməz. BMT başda olmaqla regional və qlobal problemlərin həlli üçün qurulan təşkilatların bu səssizliyi onların özlərini də məhvə sürükləyir. Haqq-ədalət duyğusundan uzaq, içi boş olan beynəlxalq qurumun heç bir cəmiyyətin və şəxsin gözündə etibarı qalmaz. Biz, beynəlxalq ictimaiyyətin Qarabağ məsələsi başda olmaqla dünyada ortaya çıxan haqsızlıqlara “Dur!” deməsini gözləyirik. Sabitliyin, əmin-amanlığın, rifahın təmin olunması qaydaları istisnasız bütün dövlətlər üçün tətbiq edilməzsə, kimsə gələcəyinə əminliklə baxa bilməz. Türkiyə və Azərbaycan olaraq biz istənilən vəziyyətdə və şərtlər altında inandığımız dəyərlər uğrunda apardığımız birgə mübarizəni davam etdirəcəyik. Allahın izni ilə bu müqəddəs mübarizəmizdə müvəffəqiyyət qazanacağıq.»

Dövlətimizin başçısı İlham Əliyev dünyanın ən nüfüzlu təşkilatlarının tribunasından bəyan edir ki,  biz hansı tərəfdən baxsaq da, əsas prinsip beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmasıdır.  Azərbaycan beynəlxalq hüququn prinsiplərinə riayət olunmamasından zərər çəkən ölkə kimi, o cümlədən ərazilərimizin Ermənistan tərəfindən işğalı ilə əlaqədar  bütün beynəlxalq tədbirlərdə beynəlxalq hüququn zəruriliyinə təkid edir. BMT-nin Təhlükəsizlik Şurası bəzən qətnamələri bir neçə günə yerinə yetirir, Azərbaycana gəldikdə isə qətnamələr 25 ildən artıqdır ki, kağız üzərində qalır.  Buna görə də əsas məsuliyyət dünyanın aparıcı ölkələrinin üzərinə düşür və onlar dünyada sülhün qorunması üçün həmin prinsiplərə riayət etməlidirlər.

Qeyd etdiyimiz kimi, cənab İlham Əliyevin elə xarici səfəri, yaxud  iştirak etdiyi tədbir yoxdur ki, Dağlıq Qarabağ münaqişəsinin  həllində ikili siyasətin yaratdığı  problemlərə diqqət yönəldilməsin. BMT Baş Assambleyasının 72-ci sessiyasında dövlətimizin başçısı İlham Əliyev, 74-cü sessiyasında isə  Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan  bu çağırışları etmişlər ki, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurasının Parlament Assambleyası,  Avropa Parlamenti  və  digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələri qəbul etmişlər. Ermənistan bu qərar və qətnamələri icra etmir. Ermənistan  BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar ki, o, buna görə cəzalandırılmır. Bu, ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir. BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır.

Hər bir məsələdə Azərbaycanın yanında olduğunu əməli işi ilə təsdiqləyən rəsmi Ankara daim bütün münaqişəli məsələlərin, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, ərazi bütövlüyü çərçivəsində həllinin,  dünyanın ikili siyasətə son qoymasının  vacibliyini  bəyan edir. Türkiyənin bu mövqeyi  işğalçı dövlət və onun havadarları tərəfindən həmişə narazılıqla qarşılanıb.  Hətta münaqişənin həllində Türkiyənin  vasitəçiliyi məsələsi gündəmə gətiriləndə Ermənistan hakimiyyəti   sərt mövqe ortaya qoyaraq rəsmi Ankaranı birtərəflilikdə ittiham edir. Ədaləti dəstəkləmək  birtərəflilikdimi? Görünür, Ermənistan rəhbərliyi üçün beynəlxalq hüquq normalarına məhəl qoymuyub, qonşu dövlətlərə  qarşı ərazi iddiaları ilə çıxış etmək, saxta tarix yazıb özlərini yalanlarına inandırmaq ədalət,  bu «ədalətə» dəstək olan dövlətlərin, təşkilatların mövqeyi isə birtərəflilik deyil, normaldır.

Azərbaycan-Türkiyə birliyi hər addımda özünü təsdiqləyir. Bu, öz möhkəmliyini və yenilməzliyini xalqların birliyi ilə  sübut edir. Türkiyə-Ermənistan sərhədlərinin açılmasını nəzərdə tutan protokolun imzalanmaması,  eyni zamanda,  ondan sonrakı mərhələdə baş verən hadisələr bütün dünya xalqlarına bəlli etdi ki, Azərbaycan-Türkiyə dostluğu, eyni kökdən qaynaqlanan xalqların əzmi yenilməzdir. «Ermənistan tərəfindən işğal olunan  Azərbaycan torpaqları  azad olunmayınca sərhədlərin açılması mümkün  deyil» kimi qərarında israrlı olan rəsmi Ankaranın  bu gün də eyni mövqe nümayiş etdirməsi bu qardaşlığın digər xalqlara xas olan əlaqələrindən fərqli olduğunu bir daha bəyan etdi.     

«Azərbaycan Xalq Cümhuriyyəti ili» çərçivəsində  Bakının azad olunmasının  100 illiyi münasibətilə Azərbaycan və türk əsgərlərinin möhtəşəm paradı da  bir əsrlik tarixə malik olan Azərbaycan-Türkiyə qardaşlığına, dostluğuna bir daha işıq salmışdı. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, dünyaya nümunə olan bu birlik sarsılmazdır, əbədidir, yüksək zirvədədir. Həmin paradda  Türkiyə Prezidenti R.T.Ərdoğan  bu məqamı bir daha diqqətə çatdırmışdır: «Türkiyənin bu məsələdə mövqeyi məlumdur, aydındır, dəqiqdir. Əvvəla, bu məsələdə addım atmalı olan tərəf işğalçılardır, bir milyon qardaşımızın qəlbini doğma vətən həsrəti ilə yandıranlardır. Əlbəttə, biz bütün qonşularımızla yaxşı əlaqələr qurmağı və davam etdirməyi arzu edirik. Amma Dağlıq Qarabağ probleminin həlli Ermənistanla əlaqələrimizin bərpasının ən vacib şərtidir. Bunu hamı bilməlidir. Bundan 26 il əvvəl Xocalıda, Dağlıq Qarabağda törədilmiş qətliamlara görə məsuliyyət daşıyanların, qatilləri qəhrəman elan edənlərin bizə verə biləcəyi heç bir tarixi dərs yoxdur. Türkiyə əsgərləri bu gün burada Azərbaycan əsgərləri ilə çiyin-çiyinə bundan 100 il əvvəl birlikdə qazanılan böyük qələbənin ildönümünü qeyd edirlər. Bu bayram gələcək nəsillərə ötürəcəyimiz ən böyük ərməğandır. Bir əsr əvvəl bu torpaqlarda minlərlə şəhidimizin qanı ilə yazılan dastanın unudulmasına və unutdurulmasına qətiyyən imkan verməyəcəyik.»

Azərbaycanın möhkəmlənən beynəlxalq mövqeyi, iqtisadi imkanları fonunda güclənən və qüdrətlənən ordusu tezliklə yeganə problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə inamı artırır.  Müharibə şəratində yaşayan bir ölkə üçün güclü və qüdrətli ordunun olması əsas şərtdir. Müstəqilliyimizin, ərazi bütövlüyümüzün qarantı olan  Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Böyük inamla qeyd edirik ki, diplomatik mübarizədə qələbə qazanan Azərbaycan sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb variantını seçərsə, qələbəmiz şəksizdir. Ən yüksək tribunalardan bəyan edildiyi kimi, hərbi qüdrətimizin artırılması suveren hüququmuzdur. Azərbaycanın tam haqqı var ki,  işğal altında olan torpaqlarını istənilən yolla azad etsin.

Yeganə Əliyeva, «İki sahil»