KÖŞƏ

Azər Qismət

Bir kəmərlə 65 ölkəyə xeyri dəyən Azərbaycan

30 aprel 2019 13:49
283

Çin Xalq Respublikasının sədri Si Cinpinin dəvəti ilə Prezident İlham Əliyevin Pekinə səfəri və 2-ci “Bir kəmər, bir yol” forumunda iştirakı iki ölkə arasında iqtisadi əməkdaşlıq üçün yeni perspektivlər açır. Bu fikirdə olan ekspertlər forum ərəfəsində Azərbaycan və Çin şirkətləri arasında 821 milyon dollarlıq 10 sənədin imzalanmasını mühüm hadisə adlandırır və hesab edirlər ki, həmin sazişlər Asiya nəhənginin respublikamızı Cənubi Qafqaz regionunda özünün əsas tərəfdaşı kimi dəyərləndirməsindən xəbər verir.

Azərbaycan həyata keçirdiyi strateji-enerji və nəqliyyat layihələri ilə regionun iqtisadi mərkəzlərindən biri statusunu qazanmaqdadır. Prezident İlham Əliyevin Pekində təşkil olunan 2-ci “Bir kəmər, bir yol” forumuna dəvət alması dünyanın aparıcı ölkələrindən olan Çinin ölkəmizlə bütün istiqamətlər üzrə  əməkdaşlıqda maraqlı olduğunu təsdiqləyir. Əlbəttə, Azərbaycan siyasi, iqtisadi, infrastruktur, logistika, humanitar sahələrdə əlaqələrin inkişafına təkan verən layihələrə hər zaman dəstək verir ki, onlardan biri də “Bir kəmər – bir yol” təşəbbüsüdür. Rəsmi Pekinin sözügedən layihədə Azərbaycanı əsas tərəfdaşlardan biri kimi qəbul etməsi ölkəmizin Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub nəqliyyat dəhlizinin mərkəzi halqası statusuna gəlməsi, habelə, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət limanı kimi infrastruktura sahib olması ilə birbaşa əlaqədardır.

Bu gün Çin dövləti özünü xammal və enerji mənbələri ilə tam təmin etməyi milli təhlükəsizliyinin əsas şərtlərindən hesab edir. O üzdən Azərbaycan-Çin münasibətlərinin əhəmiyyəti həm də bu sahələrdə əldə olunacaq yeni imkanlar baxımından mühüm önəm kəsb edir. Prezident İlham Əliyevin Çin Xalq Respublikasının sədri, habelə, Çinin aparıcı şirkətlərinin rəhbərləri ilə görüşləri iki ölkə arasında əməkdaşlığın  müxtəlif sahələr üzrə inkişaf etdirilməsi üçün əlverişli imkanların real nümunəsidir. Perspektivdə isə iqtisadi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi, ticarət dövriyyəsinin artırılması, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək, investisiya qoyuluşu kimi məsələlər durur.

Statistik məlumatlara görə, hazırda qarşılıqlı investisiyanın real həcmi Çindən Azərbaycana 800 milyon dollar, Azərbaycandan Çinə isə 1 milyard 700 milyon dollar həcmindədir və bu rəqəmi artırmaq üçün kifayət qədər potensial var. Belə ki, Bakı və Pekin kənd təsərrüfatı, kimya və sənaye istehsalı məhsulları, internet İpək Yolu, elektron İpək yolu və digər sahələrdə təmasları dərinləşdirmək imkanına malikdir. Pekində 2-ci beynəlxalq əməkdaşlıq forumu ərəfəsində Azərbaycan və Çin şirkətləri arasındaimzalanan 821 milyon dollarlıq 10 saziş də əməkdaşlığın yeni mərhələsindəki prioritetləri müəyyən edir.

Pekində təşkil olunan 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu da Azərbaycanın iqtisadi imkanlarının təqdimatı baxımından mühüm tədbir hesab olunur. Ümumiyyətlə, forumda 37 dövlət və hökumət başçısı, beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı, tədbir çərçivəsində 12 panel iclas və digər tədbirlərin keçirilməsi layihənin böyük gələcəyinin olmasından xəbər verir. Təşəbbüsün 150 ölkə tərəfindən dəstəklənməsi, layihənin həm də ölkələr arasında ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlığı əhatə etməsi qədim İpək Yolu üzərində yeni dəyərlərin formalaşmasına da dəstək göstərəcək, qloballaşmanın iqtisadiyyata mənfi təsirlərini azaldacaq, beynəlxalq səviyyədə yüklərin daşınması və beləliklə də milli gəlirlərin artmasına, regional inkişafa ciddi təkan verəcək. Statistik məlumatlara görə, “Bir kəmər, bir yol” layihəsi 65 ölkəni əhatə edir, bu ölkələrdə dünya əhalisinin 63%-i yaşayır. İştirakçı ölkələrin Ümumi Daxili Məhsulda 21 trilyon dollarlıq payı var. Bu, dünya iqtisadiyyatının 30%-i deməkdir. Şübhəsiz, Prezident İlham Əliyevin Çinə səfəri, “Bir kəmər, bir yol” forumunda yaxından iştirak, Çinin aparıcı şirkətləri ilə ikitərəfli görüşlər Azərbaycanın beynəlxalq nüfuzundan, onun etibarlı iqtisadi tərəfdaş kimi qəbul olunmasından xəbər verir. Əlbəttə, ölkəmizdə dövlət başçısının rəhbərliyi altında həyata keçirilən iqtisadi siyasətin uğurları dünya iqtisadiyyatında 2-ci yerdə duran Çində də izlənilir və yüksək dəyərləndirilir. Bu gün Çinin 3 şəhərində Azərbaycanın ticarət nümayəndəliyi var və qeyri-neft məhsullarımız sözügedən ölkəyə ixrac edilir. Asiya nəhənginin Cənubi Qafqaz üzrə ticarət həcminin 43%-i Azərbaycan üzərindədir. Çinin məşhur şirkətlərinin ölkəmizə marağı, iqtisadi əməkdaşlığa önəm verməsi Azərbaycanın iqtisadi gələcəyinə olan inam, ölkəmizdə yaradılan investisiya mühiti ilə əlaqəlidir. Azərbaycanın iqtisadi uğurlarının Davos İqtisadi Forumu tərəfindən də təqdir olunması, ölkəmizdə nəqliyyat-logistika sahəsində aparılan işlər dünya nəhənglərinin diqqətinin Azərbaycana yönəlməsini şərtləndirir. Prezidentin Çin səfəri də ölkə iqtisadiyyatının perspektivlərinə olan inamın məntiqi nəticəsi sayılmalıdır.