28 yanvar 2021 16:15
2087

Bizə saxta tarix lazım deyil

Dövlətimizin başçısı İlham Əliyev Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən alimlərimizin, mütəxəssislərimizin qarşısında  bu tələbi qoydu ki, tarixi həqiqətlər daha dolğun şəkildə çatdırılmalıdır: torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir

Hadisələrə ən böyük dəyəri zaman verir. İllər keçdikcə baş verən hadisələrin mahiyyəti daha dolğun şəkildə dərk olunur və ictimaiyyətə çatdırılır. Ulu öndər Heydər Əliyev bu cağırışı edirdi: “ Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır,  tarixi təhrif etmək də olmaz, tariximizdəki qara ləkələri, qara səhifələri unutmaq da olmaz.”  Ümummilli Liderin bu fikirlərinin davamı olaraq dövlətimizin başçısı İlham Əliyev Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirmişdir ki, tariximizin həqiqətə uyğun olması ilə bağlı  alimlərimiz,  mütəxəssislərimiz gərək dolğun məlumat versinlər, tariximizi malalamasınlar. Bizə saxta tarix lazım deyil. Sovet dövründə nə qədər saxta tarixlə üzləşmişdik: «Bizim qəhrəmanlarımız düşmən kimi göstərilirdi. Xalqımızın düşmənləri, qaniçənlər qəhrəman kimi göstərilirdi. 26 Bakı komissarı - o erməni bolşevik quldur dəstəsi qəhrəman kimi göstərilirdi. Ancaq onlara qarşı vuruşan milli vətənpərvər insanlar düşmən kimi göstərilirdi. Biz bunu görmüşük. Bizim nəsil bunu görüb, saxta tarix nədir. İndi yenə kimsə saxta tarix yaratmaq istəyir. Yenə kimsə hansısa fərarinin, satqının, qorxağın günahlarını yumaq istəyir. Biz buna imkan verə bilmərik. Hər kəs bilməlidir, torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir.»

Öncə ermənilərin yazdıqları saxta tarixə qarşı həqiqətlərə nəzər salaq. Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə azərbaycanlılara və türklərə  qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər.  Dövlətimizin başçısı  İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunması, bunun ardınca “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında”  Sərəncamın imzalanması məhz tariximizin hər bir səhifəsinə ətraflı  diqqət yönəltməyə geniş imkanlar açdı.  Tarixə nəzər salsaq görərik ki, Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaratmış, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görmüşdür. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılmış, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınmışdır. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.

O da məlumdur ki, Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Məhz Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş soyqırımlar da tarixin açılmamış səhifələrindən biridir. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq öz havadarlarının himayəsi altında “Erməni vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına "bəraət qazandırmaq məqsədilə" erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırılmışdır. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi.  Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişlər. Keçmiş sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Elə o zamanlardan ermənilərə göstərilən dəstəklər bu günə qədər davam etməkdədir.  1988-ci ildə ermənilərin torpaq iddiasının yenidən baş qaldırması nəticəsində yaranan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin 30 ilədək  uzanmasında dünyanın ikili siyasəti, ermənilərin başına çəkilən sığallar əsas rol oynamışdı.  1992-ci ildə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri – ABŞ, Fransa və Rusiya, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bu xatırlatmanı ona görə edirik ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə erməni işğalçılarının Azərbaycan ərazilərini qeyd-şərtsiz azad etmələri tələb edilsə də, ermənilər bu qərar və qətnamələrə məhəl qoymur, “evin ərköyün” uşağı kimi istədikləri zaman danışıqlar prosesinə qatılır, istəmədikləri zaman da müəyyən bəhanələrlə yayınırdılar.  Yəni himayədarlarından aldıqları dəstəklər onlarda böyük ruh yüksəkliyi yaradaraq, daha böyük iddialarla çıxış etmələrinə rəvac verirdi. Məhz onlar bu dəstəkdən yararlanaraq illərdir beynəlxalq ictimaiyyətdə özləri barədə “yazıq, məzlum, əzilən və döyülən” millət, azərbaycanlıların isə mənfi obrazını yaratmışdılar.  ABŞ Konqresinin 1992-ci ildə Azərbaycana qarşı ədalətsiz 907-ci düzəlişi tətbiq etməsi də aparılan bu əsassız təbliğatın nəticəsi idi.  Yalnız 2001-ci ildə ABŞ-da baş verən terror aktı rəsmi Vaşinqtonu bu qərarın ədalətsizliyi barədə düşünməyə və onun fəaliyyətini bir illik dondurması barədə qərar qəbul etməyə sövq etdi. Hər zaman qeyd etdiyimiz kimi, dünyanı idarə edən iri dövlətlər bu və ya digər ölkələrə qarşı atılan addımlara, eyni zamanda, baş verən hadisələrə o zaman düzgün dəyər verməyə çalışırlar ki, özləri həmin hadisəni yaşayırlar. Dövlətimizin başçısı bildirir: “Səbəblərindən asılı olmayaraq, terrorçuluğa haqq qazandırılması haqqında söhbət belə gedə bilməz. Terror aktlarının kimə qarşı törədilməsindən asılı olmayaraq, terror təşkilatları arasında fərq qoyulmamalıdır. Buna görə, hesab edirəm ki, səylərin geniş şəkildə birləşdirilməsi və terrorçuluğa qarşı hərtərəfli əməkdaşlığın aparılması bu mübarizədə bizə yardımçı olacaq və uğurumuzu təmin edəcəkdir.» Fransa kimi dövlət heç bir araşdırma aparmadan ermənilərə sevgisinin nümayişi olan “erməni soyqırımı”nı tanıyıb və bunu bütün dövlətlərdən tələb edir. Hətta senatda “erməni soyqırımı”nı tanımayanlara qarşı cəzanın tətbiq olunması ilə bağlı layihə müzakirəyə çıxarıldı. Məhz bu kimi ikili yanaşmalar bu və ya digər ölkələrdə baş verən münaqişələrin nizamlanması prosesinin uzanmasına səbəb olur.

Əbəs yerə 44 günlük İkinci Qarabağ müharibəsi həqiqət anı kimi dəyərləndirilmir. 44 gün bir daha kimin haqqın-ədalətin, kimin şərin yanında olduğunu təsdiqlədi. Bu dönəmdə də Fransa erməni sevgisini qabarıq şəkildə büruzə verdi. Fransa Senatının Qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınması ilə bağlı qətnaməni qəbul etməsinin Azərbaycan üçün adi kağız parçasından başqa bir şey olmadığı aydındır, amma Fransa bu kimi addımları ilə ədalət meyarına hansı prinsiplərdən yanaşdığını ortaya qoydu. Bu kimi ikili standartlar çərçivəsində yanaşmaları xeyli sayda qeyd edə bilərik. Əsas olan bu qərəzli təbliğatlara qarşı Azərbaycanın tarixi faktlara, real həqiqətlərə əsaslanan siyasətinin qoyulması, Qələbənin qazanılmasıdır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi,  Azərbaycan bu illər ərzində gücləndi, münaqişənin həlli üçün möhkəm hüquqi baza yaradıldı.  Azərbaycanın döyüş meydanında qələbə qazanmasında diplomatik müstəvidə qələbələri də əhəmiyyətli rol oynadı. Çünki Azərbaycan əsgəri başqasının deyil, öz torpaqlarımızda döyüşdü, 30 illik işğala son qoydu. Erməni silahlı qüvvələri isə bizim torpaqlarda döyüşdü, onları iti qovan kimi qovduq. Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin ilk günündən bu tələbi irəli sürdü ki, Ermənistan silahlı qüvvələri torpaqlarımızdan öz xoşu ilə çıxsınlar, yoxsa onları iti qovan kimi qovacağıq.

Bu gün İkinci Qarabağ müharibəsi artıq tarixdə qalıb. Cənab İlham Əliyev 44 günlük müharibə dövründə, eyni zamanda, ondan sonra xalqa hər bir müraciətində bu məqamı xüsusi qeyd edirdi ki, tarixçilər baş verənlər barədə daha yaxşı məlumatlıdırlar. Bu çağırışın özü təbii ki, özlüyündə belə bir tələbi ortaya qoyur ki, yeni tariximiz daha dolğun şəkildə yazılmalı, İkinci Qarabağ müharibəsinə gedən yol düzgün təhlil edilməli, Ermənistanın yeni ərazilər uğrunda müharibə planları daha ətraflı şəkildə beynəlxalq ictimaiyyətə çatdırılmalı, bir sözlə, tarixin saxtalaşdırılmasına yol verilməməlidir. Dövlətimizin başçısı tərəfindən  işğaldan azad edilmiş ərazilərimizdə  bərpa və quruculuq işləri aparılarkən hər bir rayonda, kənddə  işğal zamanı dağıdılmış böyük bir ərazinin saxlanılması ilə bağlı göstəriş verilib. Bu tapşırıq tariximizin qorunmasına, ən əsası bizim bugünədək necə vəhşi bir xalq ilə üz-üzə dayandığımızın bir daha dünyaya çatdırılmasına yönələn addımdır. Həmin ərazilərdə muzeylər yaradılacaq. Dövlətimizin başçısı İlham Əliyevin sərəncamları əsasında Zəfər Günü ilə yanaşı, Anım Gününün təsis edilməsi, Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması və sair kimi biri-birindən mühüm addımlar həqiqətlərimizin təbliğində əhəmiyyətli rol oynayacaq. Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılır.

Son illərdə  aparılan araşdırmalar nəticəsində  erməni vəhşiliklərinə işıq salan  çoxlu sayda yeni faktlar və sənədlər toplanıb.   Məhz bu faktların, sənədlərin daha çoxluq təşkil etməsinə inamdan irəli gəlir ki, ölkə Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında bu araşdırmaların miqyasının daha da genişləndirilməsinin, faktların dili ilə yeni kitabların çap olunmasının və müxtəlif dillərə tərcümə edilməsinin  vacibliyini bildirmişdir.

Müasir dövrün informasiya mübarizəsi dövrü olduğunu unutmamalıyıq. Təbliğatı tarixi həqiqətlərə əsaslanan dövlət  bu mübarizədən qalib çıxır. 44 günlük müharibədə Azərbaycanın Qələbəsi bunun bariz nümunəsidir. Əbəs yerə deyilmir ki, tarix faktlara əsaslanır, faktların dili ilə danışır. Tarixin yaddaşına söykənərək bütün reallıqları dünya ictimaiyyətinə çatdırmaq üçün 44 günlük müharibədə  nümayiş etdirdiyimiz yumruğumuzu daha da möhkəmləndirməli, tarixi sahiblərinə qayıdan torpaqlarımızda quruculuq və bərpa işlərini aparmalı, Qarabağı cənnət məkana çevirməliyik. Cənab İlham Əliyev Aydın Kərimovu qəbul edərkən “Biz Şuşanı dünyanın ən gözəl şəhərlərindən birinə çevirməliyik və çevirəcəyik. Mən bu sözü vermişəm və bu sözümü də icra edəcəyəm” söyləyərək bu mühüm məqama diqqət çəkmişdir ki, necə ki, əvvəlki dövrlərdə demişdim biz heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyik və vermədik: “Demişdim ki, Azərbaycan bayrağı Şuşada qaldırılacaq və qaldırıldı. Demişdim ki, Şuşasız qələbəmiz yarımçıq olacaq və o vaxt müharibə dövründə bundan artığını deyə bilmirdim. Çünki müharibənin aparılmasının məxfiliyi gözlənilməli idi. Müharibənin ilk günlərindən biz bilirdik ki, hədəfimiz nədir və Şuşaya doğru uğurla irəliləyirdik. Əgər müharibənin gedişatına hər bir mütəxəssis nəzər salsa, görər ki, bizim strateji hədəfimiz nə idi. Biz Ermənistan tərəfindən qurulmuş istehkamları yararaq cənub istiqamətindən işğal edilmiş torpaqlara daxil olduq, onları azad etdik və müxtəlif istiqamətlər üzrə əks-hücuma keçdik.” Uğurlu əməliyyat nəticəsində  Cəbrayıl, Füzuli, Hadrut, Xocavənd rayonlarının bir hissəsi, Murovdağ yüksəkliyi, Kəlbəcər rayonunun bir hissəsi, Zəngilan, Qubadlı, Laçın rayonlarının cənub hissəsi və Şuşa şəhəri azad edildi. Hədəf Qarabağın tacı olan Şuşa idi və noyabrın 8-də Azərbaycan bayrağı Şuşada qaldırıldı. Ondan sonra düşmən diz çökdü, təslim oldu, ağ bayraq qaldırdı. 10 noyabr üçtərəfli razılaşmasına uyğun olaraq Kəlbəcər, Laçın, Ağdam rayonlarını  bir güllə atmadan geri aldıq. Şuşanın azad olunması günü Zəfər Günü elan edildi. Bu, tarixdir. Bütün bu reallıqlar yeni tariximizlə bağlı yazılacaq dərsliklərdə, kitablarda öz əksini tapacaq. 44 günlük İkinci Qarabağ müharibəsi   Azərbaycan xalqının əyilməz ruhunun dünyaya təqdimatıdır.

Yeganə Əliyeva, “İki sahil”