KÖŞƏ

Elçin Zaman

Əli Kərimli ömrünü müxalifətdə çürütməyə məhkumdur

24 iyul 2019 19:01
2744

Xalqın onlara etimad göstərməməsinin çox ciddi səbəbləri var

İqtisadi və hərbi qüdrəti ilə  regionun ən qüdrətli ölkəsinə çevrilən Azərbaycan artıq beynəlxalq hüququn güclü, nüfuzlu müstəqil subyekti kimi çıxış edir. Ən başlıcası isə siyasi-iqtisadi, sosial-mədəni və geosiyasi sahələr üzrə davam edən inkişafın biri-birini tamamlaması öz növbəsində ölkəmizi daha güclü, beynəlxalq miqyasda daha böyük nüfuz sahibi olan bir dövlətə çevirir.

Azərbaycan dövlətinin  əldə etdiyi nailiyyətlər, qazandığı uğurlar, beynəlxalq hüquq müstəvisində istənilən məsələ üzrə milli maraqlarını qətiyyətlə müdafiə etməsi və bunun üçün lazımi gücün, qüdrətin sahibi olması başda Əli Kərimli olmaqla antimilli qüvvələr  tərəfindən heç cür həzm edilmir. Bu antimillilər daha çox hüquq müdafiəçisi, qeyri-hökumət təşkilatı, siyasi partiya adı altında fəaliyyət göstərirlər. Ən dəhşətlisi isə odur ki, onlar Azərbaycan xalqına və dövlətinə hər zaman xəyanət etməyə hazırdırlar.

Bu qaragüruhçular ölkəmizdə daxili sabitliyi pozmağa yönəlik bir çox fəaliyyətlərin müəllifidirlər. Xüsusilə dağıdıcı müxalifətin antiazərbaycan şəbəkədən gələn göstərişlər əsasında fəaliyyətini genişləndirməsi onların hələ də xaricdən çirkli pullarla bəslənildiyini göstərir. 

İndi görünən odur ki, radikal müxalifət yenidən Azərbaycanda növbəti faciələrin yaşanmasını, ölkəni ötən əsrin 90-cı illərinin anarxiya və xaos dövrünə sürüklənməsini istəyir. Bunun üçün qeyd edildiyi kimi, Azərbaycan əleyhinə çıxan ən müxtəlif xarici qüvvələrlə böyük məmnuniyyətlə işbirliyinə gedirlər. Məqsəd Azərbaycanda qarşıdurma yaratmağa nail olmaqla hakimiyyətə gəlmək, həmçinin qulluqlarında durduqları xaricdəki  ağalarına ölkədə anarxiya yaradacaqlarına dair vədlər verib daha çox miqdarda pul qoparmaqdır.

Son günlərdə dağıdıcı müxalifət düşərgəsində belə absurd fikirlər də yer almağa başlayır ki, guya bir sıra ərəb ölkələrində yaşanan məlum hadisələr Azərbaycanda da təkrarlana bilər. Əslində, bunun mümkünsüzlüyü dağıdıcı müxalifətin özünə də yaxşı məlumdur. Çünki Azərbaycan demokratik islahatlarının əhatə dairəsinə və səmərəliliyinə görə, Avropa standartlarına çatıb.

Təkcə bir faktı qeyd etmək kifayətdir ki, ölkəmizdə 54 siyasi partiya, 4500-dək mətbuat orqanı qeydiyyatdan keçib. 2500-dək ictimai təşkilat fəaliyyət göstərir. Müxalifətin dağıdıcı qanadı olan qondarma “Milli Şura” və Müsavat Partiyası durmadan ölkəmizə qarşı böhtan kampaniyasını genişləndirirlər. Onlar həyasızcasına iddia edirlər ki, guya ölkəmizdə siyasi azadlıqlar pozulur, demokratik dəyərlər tapdalanır.

İstər xarici antiazərbaycan dairələr, istərsə də daxildəki  “5-ci kolon” çalışır ki,  Azərbaycan hər cür böhtanla beynəlxalq qınaq obyektinə çevrilsin, ictimai narazılıq artsın, ölkədə qarmaqarışıq bir vəziyyət yaransın. Bundan istifadə edən maraqlı çevrələr isə Azərbaycanda özlərinə gərəkli olan ssenariləri həyata keçirsinlər.

Hətta ölkəmizlə bağlı ən pis ssenari dağıdıcı müxalifətə hava və su kimi  lazımdır. Uzunömürlü müxalifətçilik Əli Kərimlini və İsa Qəmbəri günbəgün zəiflədib siyasi gündəmdən silmək qorxusu altında  saxlayır. Odur ki, onlar hər vəchlə güclənən Azərbaycanın əleyhinə formalaşacaq qüvvələrin önündə gedirlər.