01 iyul 2020 10:37
1391

Ermənistan koronavirusa təslim olur

Nikol Paşinyan: Cəhənnəmə doğru addımlayırıq

Ermənistanda siyasi və iqtisadi böhran dərinləşməkdədir. Artıq Nikol Paşinyan hakimiyyətindən ciddi narazılıqlar mövcuddur. Onun Ermənistan daxilində reytinqi ciddi problemlər fonunda sürətlə düşür. Bir tərəfdən pandemiyanın gətirdiyi ciddi problemlər, digər tərəfdən «Rusiya ilə qaz anlaşması»nın əldə edilməməsi, habelə, ölkə daxilində vətəndaş həmrəyliyinin mövcud olmaması Paşinyan iqtidarını küncə sıxır. Bir sözlə, Paşinyanın və onun komandasının uğursuzluğu hər gün artır. Paşinyan bütün problemləri koronavirusla əlaqələndirməyə çalışır, lakin müxalifət böhranın başlıca səbəbi kimi Paşinyanın səriştəsizliyini önə çıxarır.

Paşinyan ölkə daxilində müxalifətin təzyiqləri ilə, xaricində isə Moskvanın sərt tələbləri ilə üzləşib. Daim pisləşən Ermənistan-Rusiya münasibətləri fonunda baş nazir artıq nə edəcəyini bilmir. Hakim komanda parçalanır, istefa dalğası bütün iqtidarı iflic etməkdədir. Moskvanın Ermənistana Paşinyanın təklif etdiyi qiymətə qaz satmaq xahişindən imtina etməsi və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qarabağ probleminin mərhələli şəkildə həllinin vacibliyinə diqqət yetirdiyi bəyanatlar Ermənistan rəhbərinin vəziyyətini daha da kritikləşdirib.

Bu arada COVID-19 pandemiyası da Ermənistanda ciddi təhlükə mənbəyi kimi dəyərləndirilir. Hətta son bir neçə gündə bu ölkədə koronavirusa yoluxma halları elə böyük miqyas alıb ki,  Ermənistan kimi kiçik bir ölkə üçün bu, artıq fəlakət sayılır. Belə ki, nüfuzlu «lenta.ru» saytı  yazır ki, Ermənistan koronavirusla döyüşdə uduzan ölkələrin siyahısına düşmək üzrədir. Çünki bu ölkədə artıq yoluxma tempi və ölüm halları sürətlə artmaqla çox ağır bir durum yaradıb. Ermənilər ilk əvvəllər məsuliyyətsiz hərəkətlər edərək maskalardan istifadə etməkdən utandılar və digər sanitar- epidemioloji qaydaları heçə saydılar. Hətta Ermənistan əhalisi koronavirus pandemiyasını böyük ölkələrin xüsusi xidmət orqanlarının hazırladığı bir təxribat kimi dəyərləndirirlər. Ancaq bütün hallarda Ermənistan koronavirusla mübarizədə gecikir və məğlub durumdadır.

Ermənistanda son sutka ərzində daha 415 nəfərdə koronavirus aşkarlanıb və yoluxanların ümumi sayı 25 542 nəfərə çatıb. Bu məlumatı iyunun 29-da Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Bildirilir ki, ötən gün həm də virusa yoluxan daha 10 nəfər ölüb və virusdan həyatını itirənlərin sayı 443 olub. İndiyədək 14 048 xəstə sağalıb.

Ermənistanda koronavirus pandemiyası məhz son 3 həftə ərzində daha sürətlə artmağa başlayıb. Virusa qarşı mübarizədəki uğursuzluq daha çox Ermənistanın bu sahədə geniş resurslara malik olmaması ilə izah edilir. Hətta ötən həftə  Nikol Paşinyanın mətbuatda 100 minədək  yoluxma halının olmasını etiraf etməsi və dərhal bu məlumatın KİV-lərdən yığışdırılması göstərir ki, Ermənistan hakimiyyəti hələ də COVID-19 pandemiyası qarşısında aciz durumdadır. 

Ermənistandan fərqli olaraq Azərbaycanda koronavirus pandemiyasına görə karantin elan olunanda vətəndaşların maddi sıxıntı çəkməməsi üçün dövlət  tərəfindən 3,5 milyard manatlıq sosial paket ayrıldı. Prezident İlham Əliyev ölkədə elan edilən karantin dövründə müstəqillik tariximizin ən böyük sosial-iqtisadi paketini təqdim etdi.  Belə ki,  bu paketdə dövlət sektorunda işləyən 900 min insanın əməkhaqqı tam ödənildi. Özəl sektorda çalışan 700 min insanın maaşının əhəmiyyətli hissəsi ödənildi. 600 min insana 2 ay müddətində hər ay 190 manat maliyyə vəsaiti verildi. 80 min ailəyə hər ay 220 manatdan çox ünvanlı sosial yardım ödənilir. Sahibkarlara maliyyə yardımları və müxtəlif güzəştlər edildi. Tibbi ləvazimat, maska və qoruyucu kombinezonlar istehsal edən 2 zavod açıldı. Virusa yoluxan insanların müalicəsi üçün yeni tipli modul xəstəxanalar inşa edildi. İyun ayı üçün də sərt karantin elan olunmuş şəhər və rayonların işsiz qalan əhalisinə 190 manat verilməsi davam edəcəkdir.

Ermənistanda isə əhali taleyin ümidinə buraxılıb. Artıq bu məğlubiyyəti  Ermənistanın baş naziri Nikol Paşinyan şəxsən etiraf edərək yazır: «Biz artıq cəhənnəmə doğru addımlayırıq.»

Paşinyan sosial şəbəkə istifadəçisi kimi vətəndaşları maskalardan, tibbi əlcəklərdən istifadəyə səsləyir, onları sanitar -epidemoloji qaydalara riayət etməməkdə günahlandırır. Hətta insanları ara məsafəsi yaratmağa, onları kütləvi toplantı mərasimlərindən uzaq durmağa səsləməsi də işə yaramır. Çünki ölkə əhalisi ac və işsizdir- insanlar maddi təminat tələb etsələr də onları adam yerinə qoyan yoxdur. Ona görə də koronavirus və sosial partlayış «Domokl qılıncı» kimi Ermənistanın başının üzərindədir. 

Elçin Zaman,

«İki sahil»