19 noyabr 2019 20:21
162

Gənclərimiz bilməlidir ki, Əli Kərimli onlardan öz çirkin məqsədləri üçün istifadə edir

Müxalifət düşərgəsinin radikal qanadının “liderlərinin” öz şəxsi ambisiyaları naminə gəncləri qurban verməsi günümüzün reallığıdır. Əslində, radikal müxalifətin gənclərə siyasi alət kimi baxması yeni bir tendensiya deyil. Bildiyimiz kimi, ötən əsrin 90-cı illərində gənclərimizin bir qismi AXC-Müsavat deyilən qaragüruhçuların çirkin əməllərinin həyata keçirilməsinə istiqamətləndirilmişdi. Həmin dövrdə gənclər müxtəlif kriminal və özbaşınalıq fəaliyyətlərinə cəlb edilmiş, cinayətlərin törədilməsinə sürüklənmişdilər. Hazırda da Azərbaycanın uğurlarına kölgə salmaq üçün antimilli qüvvələrin məkrli planlarının reallaşdırılmasında gənclərdən istifadə etmək cəhdləri öz “aktuallığını” qoruyub saxlayır.

Göründüyü kimi, müəyyən daxili və xarici qüvvələr var ki, onlar öz çirkin məqsədləri naminə Azərbaycan gənclərini düzgün yoldan çəkindirməyə, onları dövlətə qarşı yönəltməyə çalışırlar. Hər kəs yaxşı bilir ki, Əli Kərimli, İsa Qəmbər, Cəmil Həsənlikimilər gənclərə yalnız xəyanət, satqınlıq, riyakarlıq, dövlətə və xalqa qarşı düşmənçilik dərsi keçə bilərlər. Lakin dövlətimiz daim çalışır ki, ölkəmizin gələcəyi olan gənclər bu cür anti-milli ünsürlərin planlarına alət olmasın və gələcəklərini yüksək səviyyədə qursunlar.

Heç kimə sirr deyil ki, Kərimli sosial şəbəkələr vasitəsilə gənclərimizi zəhərləyir, onları toruna salırdı. O, gənclərə şirnikləndirici vədlər verərək onlarla həyata real baxan, həqiqətləri olduğu kimi dəyərləndirən gənclər arasında sosial şəbəkələrdə qarşıdurma yaradırdı. Hətta söyüş mexanizmi qurmuşdu. Bütün bu olanları gənclərimiz anlamalı, bilməlidir ki, Əli Kərimli onlardan öz çirkin məqsədləri üçün istifadə edir. Niyə ona sual verilmir ki, bəs öz oğlu hardadır? İngiltərədə ali təhsilini başa vuran oğlu niyə qayıdıb əsgərlik xidmətini yerinə yetirmir?  Ailəsində belə gənclik yetişdirən bir şəxsin küçələrə çıxıb “sizi qələbəyə aparacam” söyləməsi ikrah doğurur. Reallıq budur ki, ermənilərin və ermənipərəst qüvvələrin əlində  alətə çevrilən əli kərimlilər gəncləri qələbəyə yox, həbsxanalara aparır.

Əli Kərimlinin gəncləri onların özü tərəfindən belə tam dərk edilməyən siyasi aksiyalara təhrik etməsi məhz siyasi məsuliyyətsizlik və demokratik dəyərlərə hörmətsizlikdən başqa bir şey deyil. Aydın məsələdir ki, küçə yürüşləri, aksiyalar, piketlər siyasi mübarizənin formalarıdır. Amma onların təşkili üçün təbii ki, ciddi əsaslar olmalıdır. Bu gün Azərbaycanın inkişafın hansı mərhələsində olduğu göz önündədir. Bunları inkar yolunu tutmaq, bütün uğurlara, atılan addımlara qara eynəkdən baxmaq müxalifətçilik deyil, düşmən dəyirmanına su tökməkdir. Bu baxımdan gənclərin sağlam düşüncədən, real yanaşmadan təcrid edib, onların beynini öz çirkin niyyətlərindən irəli gələn əsassız fikirlərlə zəhərləmək  əli kərimlilərin əsl simasının açıqlanmasında yardımçıdır. Ruslan Bəşirli ssenarisini xatırlamaq kifayətdir. Gəncləri vətənpərvərlikdən uzaq bir anlamda tərbiyə edən, dövlətə, xalqa xəyanət yolunu tutduran belələrinin yalnız və yalnız bir adı var: mənəviyyatsızlar.

Gələcəyimiz kimi dəyərləndirilən gəncliyimizi Əli Kərimli kimi siyasi aktyorların siyasi avantürasından qorumaq hər bir Azərbaycan ziyalısının, hər bir valideynin,  ictimai fəal fərdin ümdə vəzifəsi olmalıdır. Gəncliyimizi qoruyaq, onların potensial imkanlarından Azərbaycanın daha da qüdrətli dövlətə çevrilməsi, çiçəklənməsi, dünya birliyinin fəal üzvünə çevrilməsi üçün istifadə edək. Bu gün Azərbaycan gəncinin qarşısında geniş imkanlar mövcuddur. Sual olunur: Əli kərimlilər görəsən öz övladlarına xarici ölkələrdə təhsil verib, başqalarının uşaqlarını  öz təsir dairələrinə salıb beyinlərini zəhərləyəndə az da olsa vicdan əzabı çəkirlərmi? Əsla yox. Vicdan, vətəndaşlıq təəssübkeşliyi kimi anlayışlardan xəbərsiz olan belə ünsürlərdən hər çirkin əməli gözləmək mümkündür. Qozbeli qəbir düzəldər.

Mənsumə Babayeva, “İki sahil”