19 iyun 2020 10:24
2580

Günümüzün əsas məqsədi: Şaxələndirməyə əsaslanan iqtisadiyyatın davamlı inkişafına nail olmaq

Dünya Bankının təşəbbüsü ilə  Prezident İlham Əliyevlə bankın yeni vitse-prezidenti və digər nümayəndələri arasında keçirilən videokonfransda dövlətimizin başçısı diqqəti  pandemiyadan əvvəlki dövrün sosial-iqtisadi göstəriciləri, biznes mühitinin yaxşılaşdırılması  fonunda  gələcək hədəflərə  yönəltmişdir

       Dövlətimizin başçısı  İlham Əliyev daim bu çağırışı edir ki, biz hər zaman irəliyə baxmalıyıq. Ölkə Prezidentinin “İyirmi birinci əsrdə iyirminci əsrin baxışı ilə uğur qazanmaq olmaz» kimi fikirləri də deyilənlərin təsdiqidir. Təbii ki, həyat yerində durmur. Qarşıda yeni çağırışlar, yeni vəzifələr dayanır və  bu vəzifələrin uğurlu  icrası istiqamətində mühüm addımlar atılır. Bu gün Azərbaycanın uğurlu inkişafı aparılan islahatlarla sıx bağlıdır.

        Koronavirus infeksiyasının geniş yayıldığı vaxtda Azərbaycanın yaranmış sosial və iqtisadi fəsadları aradan qaldırmaq üçün davamlı Tədbirlər Planının təsdiqlənməsi, 4 sektoru, 20 fəaliyyət sahəsini əhatə edən 10 yardım proqramının  icrasına başlanılması və sair kimi əhəmiyyətli addımlar ölkəmizin iqtisadi və sosial gücünün, bu günə qədər həyata keçirilən təkmil islahatların təqdimatı kimi dəyərləndirildi.

       Dünya Bankının təşəbbüsü ilə  Prezident İlham Əliyevlə bankın Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunan vitse-prezidenti xanım Anna Byerde, Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus və bankın digər nümayəndələri arasında videokonfransda da Azərbaycanın sosial və iqtisadi uğurları, əməkdaşlığın genişləndirilməsinə verdiyi önəm və perspektivlər diqqət mərkəzində olmuşdur. Məlumdur ki, ölkəmiz  Dünya Bankının hesabatlarında hər zaman ən islahatçı ölkə kimi mövqeyini möhkəmləndirib. Ötən il açıqlanan “Doing Business 2020» hesabatında Azərbaycan ən islahatçı 20 ölkə arasında qərarlaşıb. Cənab İlham Əliyev qeyd olunan videokonfransda diqqəti bu məqama yönəldərək bildirmişdir ki, ” “Doing Business”dəki mövqeyimiz bizim üçün çox uğurlu sahələrə diqqəti cəmləmək üçün bir növ motivasiya idi. Ona görə  hökumətin, Administrasiyanın və müvafiq nazirliklərin üzvlərindən ibarət xüsusi komissiya yaradıldı. Qısa müddətdə  çox əsaslı irəliləyişə nail olduq: «Əlbəttə, bu, ölkədəki biznes mühitini yaxşılaşdırır, daha çox investisiyalardan faydalanmağa imkan verir. Təbii ki, biz qeyri-enerji sektoruna investisiya yatırılmasında maraqlıyıq. Bizim üçün hazırda prioritet olan məsələlərə gəlincə mən ümumi şəkildə indiki pandemiya dövründə iki əsas prioritetin olduğunu deyərdim. Çünki biz ilə yaxşı iqtisadi artım göstəriciləri, yaxşı formada olan bütün iqtisadi parametrlərlə birlikdə çox ümidverici başlanğıc etdik. Lakin bu ilin 5 ayı göstərir ki, bizim iqtisadiyyatımız 1,7 faiz azalıb. Bu, çox deyil. Lakin bu, azalmadır. Amma ümidverici fakt ondan ibarətdir ki, bizdə kənd təsərrüfatında artım qeydə alınıb – 3 faizdən çox. Qeyri-enerji sənayesində artım 14 faiz təşkil edib. Ona görə də gələcək üçün bizim nəzərə aldığımız iki əsas məsələ şaxələndirməyə əsaslanan iqtisadiyyatın davamlı inkişafına nail olmaqdır. İkincisi isə, iqtisadiyyatın artımı daha çox iş yerləri ilə müşayiət olunmalıdır. Çünki Azərbaycan əhalisi artan ölkədir. Biz artıq 10 milyondan çoxuq. Əhali artır. Ona görə də xalqımız üçün daha çox iş yerlərinə ehtiyacımız var. Xüsusilə də indi bu yeni texnologiyalarla bir çox iş yerləri artıq bazarda deyil. Yeni işlər peyda olur. Lakin bu yeni iş yerləri üçün bizim insanların xüsusi bacarıqları olmalıdır. Ona görə də bu iki əsas amil bizim hər zaman gündəliyimizdədir.»

   Neft  gəlirlərinin idarə olunmasında şəffaflığın təmin edilməsi, ədalət prinsipinin qorunması ölkəmizin hərtərəfli inkişafına xidmət edən  sosial-iqtisadi layihələrin uğurlu icrasını təmin etdi.  Qeyri-neft sektorunun inkişafını neft siyasətinin məntiqi davamı kimi dəyərləndirən cənab  İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadiyyatın şaxələndirilməsinin vacibliyini önə çəkərək, bölgələrin malik olduğu potensial imkanlardan səmərəli istifadə etmək məqsədilə regional inkişaf proqramlarını təsdiqlədi və uğurlu icrası həyata keçirildi.  Dövlət proqramlarında,  regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafını, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsini, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasını, investisiya qoyuluşunun artmasını, yeni müəssisələrin, iş yerlərinin açılmasını və  əhalinin məşğulluğunun artırılmasını, yoxsulluq səviyyəsinin azaldılmasını təmin etdi. İqtisadi islahatların əsas istiqamətlərindən  birinin qeyri-neft sektorunun inkişafının, enerji sektorundan asılılığın minimuma endirilməsinin olduğunu nəzərə alsaq, bu sənədlərin icrası nəticəsində 2 milyondan artıq yeni iş yaradıldı. Təkcə ötən il 98 min yeni iş yeri yaradılıb.  Sahibkarlığın inkişafı istehsalın artımı ilə bərabər, həm də yeni iş yerləri deməkdir. Buna görə də dövlət regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən proqramlarda bölgələrdə sahibkarlığın inkişafına xüsusi diqqət yetirir. Belə hal həm iqtisadi inkişafı, həm də əhalinin sosial müdafiəsini stimullaşdırır.

        Qeyd etdiyimiz kimi, uğurlara yol açan düşünülmüş və məqsədyönlü  siyasət,  ayrı-ayrı sahələri əhatə edən  Dövlət proqramları, təkmil islahatların həyata keçirilməsi Azərbaycanın beynəlxalq maliyyə qurumlarının, reytinq agentliklərinin hesabatlarında da liderliyini  təmin edir.  İnkişaf modeli dünyaya nümunə göstərilən Azərbaycanda koronavirusun yaratdığı sosial və iqtisadi  fəsadların aradan qaldırılması bu baxımdan  beynəlxalq qurumların, xüsusilə Ümumdünya Səhiyyə Təşkilatının diqqətindədir ki, ölkəmizdə sistemli xarakter alan qabaqlayıcı tədbirlər, əhalinin sağlamlığının təminatı ilə yanaşı, sosial və iqtisadi durumun yaxşılaşdırılmasının prioritetliyi  respublikamızın hər bir çətinliyi uğurlu  siyasəti ilə dəf etmək qüdrətində olduğunu göstərir.

      Zaman amili islahatların sürətini, dərinliyini, səmərəliliyini təmin etmək, ölkənin inkişafı, xalqın rifahının yüksəldilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələrin vaxtında icrasına nail olmaq üçün başlıca faktorlardan biridir. Azərbaycanın bugünkü uğurlarına baxış fonunda bu reallığı böyük inam və fəxrlə qeyd edə bilərik ki, dövlətimizin başçısı İlham Əliyevin həyata keçiridyi uğurlu siyasət, imzaladığı biri-birindən əhəmiyyətli Fərman və sərəncamlar  10-20 il sonrakı Azərbaycanının soisal-iqtisadi, ictimai-siyasi mənzərəsini formalaşdırır. Dövlətimizin başçısının  gələcəyə baxış konsepsiyası  çoxşaxəli olduğu qədər də konkret və məqsədyönlüdür. Malik olduğu enerji resurslarından səmərəli istifadə etmək məqsədilə təşəbbüsçüsü və iştirakçısı olduğu enerji layihələrinin uğurlu sonluqla başa çatması istiqamətində ciddi səylər göstərən Azərbaycan  «Yeni əsrin  müqaviləsi»ni 2050-ci ilədək uzatmaqla,  qlobal tranzit marşrutlarını bir neçə onillik sonrakı geoiqtisadi və geosiyasi reallıqlara  uyğunlaşdırdı. Bu gün qəbul olunan qərarlar daha çox sabahımız, gələcəyimiz  üçündür. Alternativi olmayan islahatlar prosesinin dərinləşməsi fonunda  müstəqil Azərbaycanımızın gələcəyini daha aydın görür, ən əsası  beynəlxalq maliyyə qurumlarının hesabatlarında  ən islahatçı ölkə kimi  möhkəmlənən mövqeyinə hər an yeni əlavələr edəcəyini böyük inam hissi ilə qeyd edirik. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, mövcud imkanların vəhdəti  Azərbaycanın yaranmış  vəziyyətdən  az itki ilə çıxacağına böyük əsas verir.

   Dünya Bankının nümayəndələri ilə keçirilən videokonfransda Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrasında beynəlxalq əməkdaşlıqdan, xüsusilə  Dünya Bakı ilə əlaqələrin bugünkü səviyyəsindən də geniş bəhs olunmuşdur. «Biz Dünya Bankı ilə əməkdaşlığın səviyyəsindən çox məmnunuq» söyləyən cənab İlham Əliyev bildirmişdir ki,  Azərbaycana və  həyata keçirdiyimiz mühüm layihələrə göstərdiyi davamlı dəstəyə görə Dünya Bankına  minnətdarıq. TANAP-a göstərilən dəstəyə görə xüsusi təşəkkürünü ifadə edən dövlətimizin başçısı  vurğulamışdır ki,  Cənub Qaz Dəhlizi layihəsinin icrası sona yaxınlaşır.  Dünya Bankının Cənub Qaz Dəhlizinin ən mühüm hissələrindən olan TANAP-ın icrasına verdiyi töhfə yüksək qiymətləndirilir. Sözsüz ki, bu, digər bankların da bu mühüm layihəni dəstəkləməsi üçün yaxşı siqnal oldu.

     Videokonfransda günümüzün əsas çağırışlarından olan özünüməşğulluq proqramının uğurlu icrasına, həmçinin bu proqrama Dünya Bankının dəstəyinə də xüsusi diqqət yönəldimişdir. Bildirilmişdir ki, 2020-ci ildə  12 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi işləri aparılır. Bu istiqamətdə banklarla,  maliyyə qurumları ilə əməkdaşlığa xüsusi önəm verilir.  Dünya Bankı ilə layihəyə başlanıb və hər il  5 min ailənin özünüməşğulluğu təmin ediləcək.

    Qarşıya qoyulan hədəflər konkret  Dövlət Proqramlarının icrasını, kompleks tədbirlərin həyata keçirilməsini əsas tələbə çevirir.  Cənab İlham Əliyevin vurğuladığı kimi, icrasının bir ili tamam olan dördüncü Dövlət Proqramında  görə bilmədiyimiz işlər öz əksini tapıb. Statistikaya diqqət yetirsək, son 16 ildən artıq dövrdə ümumilikdə  200-dən artıq  Proqram qəbul olunub. Həmin sənədlər ayrı-ayrı sahələri əhatə edərək ümumilikdə qeyri-neft sektorunun inkişafına geniş imkanlar açır.  Bu uğurlarımıza yol açan təbii ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasıdır.  Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadə nəticəsində əldə olunan gəlirlərin təyinatı üzrə, sistemli və şəffaflıq prinsipi əsasında xərclənməsi iqtisadiyyatın şaxələndirilməsini sürətləndirir.  İqtisadiyyatın elmi əsaslara söykənərək təkmilləşən islahatların nəticəsində davamlı inkişafının təmin edilməsi ölkənin iqtisadi təhlükəsizliyinin gücləndirilməsində, rəqabət qabiliyyətinin artırılmasında, qeyri-neft sektorunun inkişafında, əhalinin sosial rifah halının yaxşılaşdırılmasında və ölkəmizin həm neft-qaz, həm də nəqliyyat-logistika nöqteyi-nəzərindən mərkəzə  çevrilməsində özünü qabarıq şəkildə nümayiş etdirir.  Son 16 ildən artıq dövrün  statistikasına diqqət yetirək. Ölkə iqtisadiyyatına 270 milyard dollara yaxın vəsait yatırılıb. Valyuta ehtiyatlarının həcmi 52 milyard dollara çatıb. Həmçinin yoxsulluğun səviyyəsi 49 faizdən 4,8  faizədək endirilib.  Uğurlu nəticələr  onu göstərir ki, həyata keçirilən siyasətin təməlində vətəndaş amili dayanır. İqtisadi islahatların güclü sosial siyasətlə tamamlanması, əhalinin hər addımda özünə diqqət və qayğının şahidi olması ölkədə sabitliyin əsas təminatçısı olan xalq-iqtidar birliyini daha da möhkəmləndirir.

     Əvvəldə də qeyd etdiyimiz kimi, bu gün Azərbaycanın hər bir bölgəsi, kəndi, qəsəbəsi inkişaf, tərəqqi dövrünü yaşayır. Bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı dövlət siyasətinin əsasını təşkil edir, bu atılan addımlardan da aydın görünür. Sahibkarlığın inkişafına yol açan əsas amillərdən biri məhz bölgələrdə infrastrukturun yenilənməsi, beynəlxalq standartlara uyğunlaşdırılmasıdır. Dövlətimizin başçısı İlham Əliyevlə Dünya Bankının nümayəndələri arasında keçirilən videokonfransda da bu məsələlər, həmçinin kənd təsərrüfatının inkişafının prioritetliyi əsas diqqət mərkəzində olub. Cənab İlham Əliyev  ixrac potensialının artırılmasını önə çəkərək bu hədəfi də açıqlayır: «Biz elə etməliyik ki, Azərbaycan bütün ərzaq məhsulları ilə  öz tələbatını özü ödəsin.» Bu əminlik də ifadə edilir ki,  kənd təsərrüfatının sürətli inkişafı, subsidiyaların verilməsi, fermerlərin texnika ilə təchiz edilməsi, yanacağın, gübrənin güzəştli şərtlərlə verilməsi, kompleks tədbirlər, ciddi islahatlar yaxın gələcəkdə  çox gözəl nəticələrə gətirib çıxaracaq.

      Dünyaya Azərbaycan brendi kimi səs salan «ASAN xidmət»in fəaliyyətinin coğrafiyasının genişləndirilməsi, onun  tabeliyində   «ABAD» hüquqi şəxsin,  həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsin yaradılmasında da məqsəd əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılmasıdır. Dövlətimizin başçısı İlham Əliyevin  30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiqlənən «2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası» bu hədəflərə hesablanıb: İqtisadiyyatda rəsmi işləyənlərin qeyri-kənd təsərrüfatı sahəsində ümumi məşğul əhaliyə nisbətini 2030-cu ilədək 80 faizə çatdırmaq, işsizlik səviyyəsini 2030-cu ilədək 4 faizə, o cümlədən qadınlar və gənclər arasında işsizliyi minimum səviyyəyə endirmək və s. Bu kimi əhəmiyyətli addımlara və uğurlu nəticələrə əsaslanaraq dövlətimizin başçısı İlham Əliyev bu əminliyi də ifadə edir ki, özünüməşğulluq proqramı işsizliyin, xüsusilə bölgələrdə işsizliyin, yoxsulluğun aradan qaldırılması üçün çox önəmli bir vasitə, alət olacaq.

  Yeganə Əliyeva,

«İki sahil»