17 iyul 2019 17:54
246

Hədəf sosial-iqtisadi inkişafda vətəndaşların iştirakını təmin etməkdir

Prezident İlham Əliyevin son dövrdə apardığı, əsas məqsədi daxili resurslardan səmərəli istifadə etməklə tələb-təklif münasibətlərinin tənzimləməsinə yönələn islahatlar arasında özünüməşğulluq proqramı xüsusilə fərqlənir. İşsizliyin və qeyri-formal əmək münasibətlərinin aradan qaldırılmasına önəmli təsir göstərən, əhalinin rifah halının yaxşılaşdırılmasına, həssas qruplara dövlət qayğısının artırılmasına yönələn kompleks tədbirlərin tərkib hissəsi olan bu proqramın davamlı sistem kimi təkmilləşdirilməsinə diqqət artırılır. Dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan, modern, çevik və optimal mexanizmlər əsasında qurulan sosial islahatların əsas şərti olan bərabərlik prinsipləri bu proqramın da əsas hədəflərindəndir.

Beynəlxalq təcrübədə özünü doğruldan, daha çox insanı əhatə edən,  mütərəqqi üsul olan özünüməşğulluq siyasəti müasir dövrümüzdə daha aktualdır.

“Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında”kı Fərmanda, “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamda da qeyd olunduğu kimi,  əmək bazarında təklif və tələb arasında tənzimləmə siyasətinə, işsizliyin və qeyri-formal əmək münasibətlərinin, inzibatçılığın aradan qaldırılmasına yönəldilən özünüməşğulluq proqramının əhatə dairəsi genişlənir.

BMT-nin qlobal inkişafla bağlı bütün təşəbbüslərində iştirak edən, mütərəqqi çağırışlara qoşulan Azərbaycanda Minilliyin İnkişaf Məqsədlərinin müvəffəqiyyətlə həyata keçirilməsi ölkəmizdə məşğulluq siyasətinin davamlı olmasına imkanlar yaradır. Azərbaycan BMT-nin üzvü olan dövlətlərin iştirakı ilə təşkilatın Dayanıqlı İnkişaf Sammitində təsdiqlənmiş və qüvvəyə minmiş Dayanıqlı İnkişaf Məqsədləri adlanan 17 məqsədi və bu məqsədlərə müvafiq olaraq müəyyən edilmiş 169 hədəfi özündə birləşdirən “Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf gündəliyi” razılaşmasına da qoşulub.

Bu günlərdə BMT-nin Nyu- Yorkdakı Baş Qərargahında təşkil olunmuş Dayanıqlı İnkişafa dair Yüksək Səviyyəli Siyasi Forumda Azərbaycan nümayəndə heyətinin iştirakı qabaqcıl təcrübələrin ölkəmizdə tətbiqinə artan diqqəti göstərir. Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədovun başçılıq etdiyi nümayəndə heyətinin tədbirdə ölkəmizi təmsil etməsi, Azərbaycanın İkinci Könüllü Milli Hesabatında göstərilən məsələlərin maraqla qarşılanması respublikamızda aparılan sosial islahatların beynəlxalq səviyyədə dəstəklənməsi deməkdir. Hesabatda qeyd olunduğu kimi, son dövrlərdə ölkəmizdə inkluziv və bərabər keyfiyyətli təhsilin təmin edilməsi, dayanıqlı iqtisadi artım, tam və səmərəli məşğulluğun, layiqli işlə təmin olunmanın dəstəklənməsi, “heç kimin geridə qalmaması” prinsiplərinə əsaslanaraq əhalinin həssas təbəqəsinin sosial vəziyyətinin yaxşılaşdırılması həyata keçirilən islahatların əsasında insan amilinin olduğunu göstərir. 7 mindən artıq insanı əhatə edən özünüməşğulluq proqramına qoşulanların sayının artması ailə büdcələrinin möhkəmlənməsini də təmin edir.

“Bizim özünüməşğulluq proqramına böyük ümidlərimiz var. Bu proqram həm iqtisadi inkişafımıza təkan verəcək, xüsusilə regionlarda həm məşğulluq probleminin həllini sürətləndirəcək, eyni zamanda, bəzi vətəndaşlarımızı ələbaxımlıq vərdişindən çəkindirəcək. Özünüməşğulluq proqramını icra etmək üçün indi kifayət qədər vəsait var. Hesab edirəm ki, hər il 6-7 min insan bu proqrama cəlb olunarsa, bir neçə ildən sonra heç sosial yardıma da ehtiyac qalmayacaq və insanlar öz halal zəhmətləri ilə pul qazanacaqlar, ailələrini saxlayacaqlar və ölkə iqtisadiyyatına töhfələrini verəcəklər” söyləyən Prezident İlham Əliyevin səyləri nəticəsində dünya dövlətlərini  narahat edən iqtisadi böhran dövründə belə respublikamızda işsizlik minimuma endirilmiş, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün sosial islahatların tətbiqinə diqqət artırılmışdır. Əhalinin sürətli artımı bu sahənin daim diqqətdə saxlanılmasını tələb edir. BMT-nin Fəaliyyət Proqramına uyğun olaraq ölkəmizdə vətəndaşların ailə planlaşdırılması və reproduktiv sağlamlıq, əhalinin ümumi inkişafı, gender bərabərliyi ilə bağlı həyata keçirilən islahatlar barədə maarifləndirilmənin aparılmasının təməlində də məşğulluq problemlərinin həlli dayanır. Beynəlxalq maliyyə təşkilatlarının hesabatları da təsdiqləyir ki, Azərbaycan son illərdə yüksək inkişaf templərinə, sosial islahatların tətbiqinə görə dünyanın lider dövlətləri arasındadır.

Özünüməşğulluq proqramının tətbiqi ilə bilavasitə məşğul olan, daxili əmək resurslarından səmərəli istifadəni aktuallaşdıran “Ailə Biznesinə Asan Dəstək” (“ABAD”) pilot layihəsi artıq özünü doğruldub. Proqramda iştirak etmək istəyənlərin sayı artır. Milli -mənəvi dəyərlərimizi əsrlərdən bəri yaşadan xalq sənətkarlığının qorunub təbliğ edilməsində böyük əhəmiyyətə malik özünüməşğulluq proqramı yaşından, cinsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşını əhatə edir, insanlara ölkənin iqtisadi inkişafında iştirak etmək imkanı qazandırır. Daimi tezis olan ölkə iqtisadiyyatının neftdən asılılığının azaldımasında, qeyri-neft sektorunun genişləndirilməsində  xüsusi yeri olan özünüməşğulluq proqramında evdar qadınların iştirakı üçün yaradılan şərait aztəminatlı aillərini büdcələrinin möhkəmlənməsinə əlavə imkanlar açır.

Günümüzün əsas çağırışı olan, işsizliyin tam aradan qaldırılmasına, məşğulluq problemlərinin həllinə diqqəti artıran dövlət başçımız İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında” Fərman da bu məqsədə xidmət edir. Hədəfi ölkənin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğunun artırılması sahəsində əlavə imkanlar yaratmaqdır. Məqsəd ailə biznesinə, insanların həyat şəraitinin yaxşılaşmasına dəstək göstərməkdir.

ABAD layihəsi, bu istiqamətdə yaradılan mərkəzlər sahibkarları, kənd təsərrüfatı məhsullarını emal edən fermerləri müasir standartlara uyğun zəruri avadanlıq, texnologiyalarla təchiz edir, xammalın hazır vəziyyətə gətirilməsinə yardım göstərir. Nəticə isə uğurludur.

Fermer təsərrüfatlarında çalışan ailələri lazımi avadanlıqlarla təmin edən, keyfiyyətli, orqanik məhsul istehsalını artıran, məşğulluq proqramında iştirak edən ailələrə hüquqi, maddi -mənəvi dəstək göstərən ABAD-ın yerli mərkəzləri yeni layihələr üzrə fəaliyyətini davam etdirir. İlk mərhələdə 62 ailənin 500 adda əl işinin satışa çıxarıldığı daxili bazarımızda xalq sənətkarlıq nümunələrini yaşadan nümunələrin sayı, növü, keyfiyyəti də artmaqdadır. Ölkəmizə gələn turistlərin milli ornamentli əl işlərinə marağını nəzərə alan, ABAD mərkəzləri ilə əməkdaşlıq edən ailələrin sayı artıq yüzlərlədir.  ABAD-ın təşkil etdiyi kurslarda müvafiq peşələri öyrənən qadınlar qurumun dəstəyi, vəsaiti ilə bərbər, dərzi peşələrinə yiyələnirlər. Bölgələrdə yaşayanlar xalçaçılıq, dulusçuluq, dülgərlik, xarratlıqla məşğul olaraq el sənətkarlıq nümunələrini hazırlayırlar.

Özünüməşğulluq proqramının tətbiqi daha çox qadınlara, aztəminatlı ailələrə, gənclərə və miqrantlara mənfi təsir edən qeyri-rəsmi formada əmək fəaliyyəti ilə məşğulluğun da qarşısını alır. “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın icrası ilə bağlı görülən işlər intensivləşir.

Azərbaycanda qeyri-formal əmək münasibətlərindən formal əmək münasibətlərinə keçidin stimullaşdırılmasına yönələn institusional və praktiki platformanın formalaşdırılması, vətəndaşların məşğulluğunun təmin edilməsi, layiqli iş yerlərinin yaradılması, onların əmək və sosial hüquqlarının qorunması, maddi və sosial tələbatlarının ödənilməsi yeni islahatların əsas hədəflərindəndir. Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində makroiqtisadi sabitlik şəraitində sosialyönümlü iqtisadiyyatın formalaşması tam təmin edilmiş, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektoru və regionların inkişafı sürətlənmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmişdir.

Xuraman İsmayılqızı, “İki sahil”