KÖŞƏ

Azər Həsrət
Mətbuat Şurası İdarə Heyətinin üzvü
[email protected]

Koronavirusu ciddiyə almayanlar üçün cəza təklifimiz var

09 aprel 2020 10:31
1636

Koronavirus pandemiyasının Azərbaycana vura biləcəyi zərəri minimuma endirmək üçün dövlət sözün bütün anlamlarında durmadan çalışır. Ona görə də indiki halda – bu yazının yazıldığı an üçün dünyada 1 milyon 400 mindən çox yoluxma faktının aşkarlanması fonunda Azərbaycanda yoluxmanın 822 nəfər olması nikbinlik üçün ciddi faktordur. Lakin, Nazirlər Kabineti yanında Operativ Qərargahın 8 aprel 2020 tarixli mətbuat konfransında da deyildiyi kimi, əgər hər bir vətəndaşımız məsuliyyət yükünü paylaşmazsa, vəziyyət nəzarətdən çıxa bilər. Biz, şəxsən mən və ətrafımdakı hər kəs bunu ilk gündən anlayırıq və ona uyğun da davranırıq. Dəfələrlə qeyd etdiyim kimi, əlimdə küçəyə istədiyim vaxt çıxmaq üçün imkan verən bir neçə vəsiqənin olmasına baxmayaraq bütün işlərimi evdən görməyə üstünlük verirəm. Yalnız ərzaq almaq üçün çox qısa müddətə evdən çıxıram. Yəni özəlliklə də jurnalist olmağımdan əsla və əsla sui-istifadə etmirəm. Dediyim kimi, necə böyük bir bəla ilə qarşı-qarşıya olduğumuzun fərqindəyəm.

Lakin anlaşılır ki, fərqində olmayanlar da var. Özü də həddən artıq çoxdurlar bunlar.

Bu gün mediada yayılan xəbərə görə, pulla saxta icazə sənədləri satanlar saxlanılıb. Nə yazıq ki, belələrinin arasında jurnalist adından sui-istifadə edənlər də var. Özü də bu adamlar geniş jurnalist cameəsinə tanış olmayan təsadüfi adamlardır. Evdən çıxmaq üçün icazə sənədini kimə gəldi satıb varlanmaq eşqinə düşüblərmiş.

Qanmazlıq, biveclik görmüşdük. Amma bu qədərini heç ağlımıza da gətirə bilmirik. Yəni bizim kimi adamlar belə şeyləri həqiqətən də anlamaqda çətinlik çəkir. Çünki əgər dövlət deyirsə ki, evdən çıxsan ölümcül bir virusa yoluxacaqsan, boş yerə küçələrdə gəzmə, deməli, məsələ ciddidir. Üstəlik də dövlətin tək qayğısı məhz biz vətəndaşların həyatını qorumaqdır. Hətta deyilir ki, siz vətəndaşlar evdə oturun, bu müddət ərzində sizin minimum tələbatınızı da dövlət öz üzərinə götürür. Amma bu qanmazlar nə edir? Saxta sənəd düzəldib satır, insanları küçəyə çıxmağa sövq edir və nəticədə də hər birimizi çox ciddi təhlükə ilə üz-üzə qoyur. Belələrinə qarşı nə etməli? Ən sərt cəzanı verməli bunlara. Heyif ki, indi orta əsrlər deyil. Olsaydı deyərdim ki, bunları tutub zorla o virusa yoluxdurmaq və əzablar içində qıvrılmalarını müşahidə etmək lazımdır ki, nə qədər böyük qələt elədiklərini öz canlarında hiss etsinlər.

Bir başqası da 8103 SMS xidmətinin icazələrini saxtalaşdırmağın yollarını tapıb tirajlayırmış. Onu da virusa yoluxdurmaq ən uyğun cəza olardı. Amma heyif ki, mümkün deyil…

Söz 8103-dən düşmüşkən, mükəmməl bir sistemdir. 3 gün içində hazırlanıb və xidmətə təqdim edilib. Qüsursuz işləyir. Lakin jurnalist adından sui-istifadə edən qanmazlar cinsindən olan bəzi şəxslər bu xidməti də iflic etmək üçün boş durmurlar. Bəlli olur ki, 100 minlərlə gərəksiz və uyğunsuz SMS göndərib sistemi boşuna yükləyənlər var. Özü də bu SMS-lərin hamısı dövlətin hesabına göndərilir. Yəni xidmət biz vətəndaşlar üçün pulsuz olsa da qarşılığını dövlət ödəyir.

Bunun nə demək olduğunu adi bir riyazi hesablamayla izah edirik. Bir SMS biz abunəçilərə ortalama 3 qəpiyə başa gəlir. Bu 3 qəpiyi 200 minə vuranda 600 min qəpik edir. Onu da 100 qəpiyə böləndə 6 min manat edir. Yəni aprelin 5-də 8103 SMS xidməti işə salındığı gün dövlətə hansısa avara və işini bilməz adamlar 6 min manat zərər vurublar…

Bu SMS zərərinin qarşısını almaq üçün nə etməli? Çox sadə bir çıxış yolu təklif edirik: hər yanlış SMS-ə görə onu göndərənin hesabından 1 manat pul tutulsun. Belə olanda heç kim durub-durduğu yerdə boşuna və qaydalarda nəzərdə tutulandan fərqli SMS göndərən deyil. Hə, əgər kimsə israrla bunu etməyə davam edərsə, o adamı da müəyyənləşdirib koronavirusa yoluxanlara xidmət edilən xəstəxanalarda təmizlik işlərinə cəlb etmək olar. Məncə yəni…

Jurnalist adından sui-istifadə hallarına gəlincə, bunu həll etməyin tək yolu o sıradan olanların müəyyənləşdirilməsidir. Daha doğrusu, bu kateqoriyanın da sərhədini bir qədər məhdudlaşdırmaq lazımdır. Bunun üçün Operativ Qərargah Mətbuat Şurası və KİV DF ilə məsləhətləşərək bəlli bir tətbiqata qol qoymalıdır. Örnək üçün, karantin dövründə TV və radio kanalları birmənalı olaraq sərbəst və əlavə iznsiz işini görə bilər. Çünki onların demək olar ki, bütün işçilərinin əmək müqaviləsi var və yeni işçi götürmək, yaxud da elə vəsiqə satmaq kimi bir girdaba yuvarlanası deyillər. İkinci kateqoriya qəzetlərdir ki, bunların da çevrəsi geniş deyil. Yenə də örnək üçün, KİV DF-nin son iki ildə maliyyə ayırdığı qəzetlərin, həmçinin dövlət KİV-lərinin işçilərinə əlavə iznsiz işə gedib-gəlməyə, informasiya toplamağa izn verməklə bu kateqoriyada da səliqə yaratmaq olar. Yerdə qalır onlayn media orqanları. Onların da bir çoxu əmək müqaviləsi məsələsində ciddi olduğuna görə, burda da problem yoxdur. MŞ və KİV DF hansı qurumların doğrudan da media fəaliyyəti ilə məşğul olduğunu yaxşı bilir. Belə olan halda hansısa əldəqayırma bir media qurumunun fürsətdən yararlanıb vəsiqə və icazə sənədi satması, durumdan sui-istifadə etməsi mümkün olan deyil.

Deyildiyi kimi, bizim hər birimiz vətəndaş məsuliyyətimizi nə qədər tez dərk etsək, qoyulan qaydalar çərçivəsində davransaq, bu virusdan da bir o qədər tez qurtula bilərik. Bu qaydalar bizə əlavə məhdudiyyətlər yaşatsa belə, narazılıq etməməli, yalnız canımızın qurtulması üçün dövlətə yardımçı olmalıyıq. Əksini etsək yüzlərlə, minlərlə deyil, milyonlarla insanımız yoluxa və ölə bilər. Biz elə bir mərhələyə çata bilərik ki, onda heç evdə oturub özümüzü təcrid etməklə də qurtula bilmərik…

Yaqut Ağaşahqızı
Biz birlikdə güclüyük!
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?