KÖŞƏ

Sevinc Azadi

Vardanyanın məkrli planları və…

28 dekabr 2022 01:16
10600

İlk vaxtlar özünü Qarabağ ermənilərinə “xilaskar” obrazında təqdim edən Ruben Vardanyana artıq güvənmir

Bu ilin sentyabr ayında erməni biznesmen Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina edərək Xankəndiyə köçmək niyyətində olduğunu açıqlayanda onun Qarabağa gəlişinin xoşməramlı olmadığı hər kəsə məlum idi. Vardanyanın Rusiyada qeyri-şəffaf yollarla əldə etdiyi milyonları ataraq Azərbaycan ərazilərinə müəmmalı köçü, ardınca separatçı qurumda "vəzifəyə" gətirilməsi onun Rusiyanın layihəsi olması barədə deyilənlərin real olduğunu göstərdi. Bu günlərdə separatçı rejimin “dövlət naziri" Ruben Vardanyan Xankəndidə mitinqdə çıxışı zamanı sərsəm fikirlər irəli sürərək Qarabağda yaşayan ermənilərin üç yolu olduğunu bildirib. "Bizim üç yolumuz var: Azərbaycana inteqrasiya etmək, çıxmaq və ya döyüşmək. Mən qərarımı sentyabrın 2-də vermişəm, buradayam, döyüşürəm, getməyəcəyəm və Azərbaycanın tələblərinə tabe olmayacağam",- deyə Vardanyan bildirib və o, erməniləri üsyana səsləyib.

Vardanyan sərsəmləmələrini davam etdirərək deyib: "Biz hər şeyi etməliyik ki, gələcək nəsil qələbəni - müstəqil və xoşbəxt Artsaxı görsün. Biz bilirik ki, çoxlu səhvlər və nöqsanlar etmişik, gücümüzü itirmişik. Dünya dəyişib və biz dərsimizi almışıq. Hamımız bir gəmidəyik biz bir-birimizə güvənməli və dövlətimizə hörmət etməliyik. Hər kəs ilk növbədə özündən tələb edərək qanuna uyğun yaşamalıdır. Artsax təkcə ermənilərin deyil, bütünlükdə təməl daşıdır. Artsax dünyanın ən yaxşı yeridir, bütün çətinliklərə baxmayaraq, biz əməyə və biliyə hörmət etməliyik.”

Bununla da bitməyib. O, erməniləri üsyana çağırmaqla yanaşı, vədlər də verib. Belə ki, o, öz əlaqələrini, adını və əmlakını “müstəqil artsax” adına verəcəyini vəd edərək belə çərənləyib: "Bizi çətin yol gözləyir, onu birlikdə keçəcəyik: tər və qan. Amma təkcə dünya bizə deyil, biz də mübarizəmizlə dünyaya kömək edəcəyik". Sonda isə o, bütün dünya ermənilərinə çağırış edib və onları biganə qalmamağa çağırıb.

Göründüyü kimi, Vardanyan saxtakarlıqla kifayətlənməyərək, özünü həm də əsl separatçı kimi aparır. O, sosial şəbəkələrdə canlı yayıma çıxaraq davam edən aksiyalar fonunda Qarabağın ermənilər yaşayan hissəsinin blokada şəraitinə düşdüyünü iddia edib. Vardanyan “məzlum” ideologiyasından çıxış edərək guya Xankəndidə 120 min erməni əhalisinin ac-susuz, qazsız qaldığını bildirib. Hətta 30 min uşağın çətin vəziyyətdə olduğunu iddia edib. Əlbəttə, bu iddialar tamamilə gülünc və sərsəmdir. Əvvəla ona görə ki, Xankəndidə 120 min erməni nə vaxt peyda olub? Separatçıların baş təxribatçısı qeyd edib ki, hazırda dəhliz bağlı qaldığı üçün artıq bütün sahələrdə ciddi problemlər yaranmağa başlayıb. Bunun ardınca Qarabağda yaşayan erməni qadın, hüquq müdafiəçisi bəyan edib ki, Xankəndi-Laçın yolunda aksiya keçirən azərbaycanlı fəallarla danışmağa, humanitar məsələlərdə razılaşmağa hazırdırlar. Ancaq Vardanyan onu təhdid edərək, ermənilərə “biz bu hərəkətləri etməməliyik” kimi xəbərdarlıq ünvanlayıb. Bəzi sakinlər isə sosial şəbəkə paylaşımlarında onsuz da səfalət və aclıq içində olduqlarını bildirərək, Vardanyanın Qarabağ sakinlərindən əl çəkməsini tələb ediblər. Bildirilib ki, siyasət onluq deyil və istefa verməlidir. Görünən odur ki, bir çox ermənilər artıq Rusiyanın adamı olan Vardanyanın əsl xislətini anlayır və ondan qurtulmaq üçün çıxış yolu axtarır.

Xatırladaq ki, Ruben Vardanyan Rusiyanın ən böyük şirkətlərindən olan “Troyka”nın sahibidir. “Troyka” əsas bizneslə yanaşı, offşor şirkətlər sistemi yaradıb və onun vasitəsilə külli miqdarda pullar gizli şəkildə Rusiyanın ən güclü adamlarına ötürülüb. Bir neçə il ərzində bu şirkətlərin hesablarından 4,5 milyard dollardan çox vəsait keçib. Pullar əsasən Rusiyadan milyardlarla rublun yuyulması, nağdlaşdırılması və ya qeyri-qanuni çıxarılması ilə bağlı cinayət işlərində iştirak edən şirkətlərdən daxil olub. 2012-ci ildə “Troyka” Rusiyanın ən böyük banklarından biri olan “Sberbank”a satılıb. Şirkətin Nyu-York və Londonda ofisləri var. Bir sözlə, “Troyka”nın offşor dəyirmanında milyonlarla dollar “üyüdülüb”.