25 aprel 2019 14:40
929

Media işçiləri İçərişəhərdə görülən abadlıq işləri ilə tanış olublar

Aprelin 24-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi media işçiləri üçün İçərişəhərdə görülən abadlıq işləri ilə bağlı ekskursiya təşkil edib.

AZƏRTAC xəbər verir ki, ekskursiya Bakı Fotoqrafiya Evində, İçərişəhər Qoşa qala qapısı ətrafında orta əsrlərdə tikilən köhnə hamam və qala divarları ətrafında aparılıb.

Bildirilib ki, idarənin hər il yenilənən bərpa və konservasiya proqramına əsasən Qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələrinin qorunması, memarlıq-estetik görünüşünün və uzunömürlüyünün təmin edilməsi üçün daimi olaraq müvafiq tədbirlər həyata keçirilir.

Diqqətə çatdırılıb ki, 2019-cu ildə də idarənin bu sahədəki fəaliyyəti uğurla davam etdirilib və paytaxtımızda ilk dəfə olaraq İçərişəhər ərazisində Qoruq İdarəsinin təşəbbüsü və təşkilatçılığı Bakı Fotoqrafiya Evi yaradılıb. Böyük Qala və Qüllə küçələrini bir-birindən ayıran bina 1890-cı ildə tacir Məmmədhəsən Həsənov tərəfindən tikdirilib və neoklassizm üslubunda inşa edilib. Hazırda binanın fasadında əks olunun qadın heykəli, Klio tarix ilahəsi olaraq insanları zamanın sehrinə səyahət etməyə çağırır. Artıq Bakı Fotoqrafiya Evində sərgilər açılır, müsabiqələr keçirilir, ustad dərsləri təşkil olunur. Burada, həmçinin Bakının fotolarından ibarət köhnə kolleksiya da nümayiş edilir. Fotolar sırasında Bakının XIX əsrdə göyün stratosfer qatından çəkilən şəkillər da yer alıb. Bakı Fotoqrafiya Evi 1868-ci ildən başlayaraq sənədli və bədii fotoları sərgiləyir, bu da qonaqların marağına səbəb olur. Bildirilib ki, fotolar müxtəlif dövrləri əks etdirir və burada şəhərin ümumi görünüşünün necə dəyişdiyini izləmək olar.

Turun Bakı Fotoqrafiya Evindən başlanması ekskursiya iştirakçılarında görülən işlərin bir qismi haqqında olduqca aydın təsəvvür yaradıb.

Sonra iştirakçılar İçərişəhərin qoşa qala qapısı yaxınlığında XVII əsrə aid olan, hazırda restavrasiya edilən köhnə hamamla tanış olublar. Hamamın restavrasiyadan əvvəlki vəziyyəti tamamilə qumluq bir ərazini əhatə edirdi. Ancaq görülən abadlıq işləri nəticəsində abidənin nəinki dağıdılmış kümbəzləri bərpa edilib, eyni zamanda, uçulmuş hamam əvvəlki vəziyyətinə qaytarılıb. Ərazidə işlərin hələ də davam etməsinə baxmayaraq 300 kvadratmetr ərazini əhatə edən hamamın ümumi görünüşünü görmək mümkündür.

Qeyd olunub ki, hamam klassik formada Abşeron yarımadasında geniş yayılan əhəng daşından tikilib. Bunun nəticəsində tikili qışda isti, yayda isə sərin qalır.

Ekskursiya qoşa qala qapısının yaxınlığında yerləşən qala divarının önündə davam edib. Burada köhnə restoranlar sökülərək, əvəzində yenilərini tikmək üçün bir platforma hazırlanıb. Beton platforma qala divarlarından aralı düzəldilib ki, divara maneə törətməsin. Bəzi ittihamların olmasına baxmayaraq burada divara müdaxilə olunmayıb.

Bildirilib ki, əvvəllər restoranlar qala divarına söykənirdi, indi isə ondan tam aralıdır. Konstruksiya işlərində əsas məqsəd, divara söykənən tikililərin divardan ayırmaq, yerində daha müasir tikilər inşa etməkdir.

Qeyd edək ki, abadlıq işləri nəinki adı çəkilən yerlərdə eyni zamanda, son illər ərzində Qız qalası, Şirvanşahlar Saray Kompleksi, Məhəmməd məscidi, Dördbucaqlı qala, Bəylər məscidi kimi yerlərdə uğurla tamamlanıb.

Vurğulanıb ki, Qoruq İdarəsi bərpa və konservasiya işlərinin mükəmməl surətdə aparılması, həmçinin xarici təcrübənin öyrənilməsi məqsədilə Almaniyanın “Remmers” və Avstriyanın “Atelier Erich Pummer GmbH” şirkətləri ilə sıx əməkdaşlıq edir.

Eyni zamanda Qoruq İdarəsi İçərişəhərdəki bir çox yerlərdə abadlıq işləri aparmağı planlaşdırır. Bunlardan biri Bakı Xanları Evidir. Bu tikili yaxın gələcəkdə əsaslı yenidənqurma işlərindən sonra muzeyə çevrilərək istifadəyə veriləcək. Müasir innovativ vasitələrin istifadə olunacağı yeni muzey isə insanları Bakı tarixinin klassik orta əsrlərinə aparacaq. Kompleksə daxil olan 1 və 2 saylı binalar yeni yaradılacaq muzeyin əsasını təşkil edəcək. Təbii ki, iqamətgahı təşkil edən binaların restavrasiyası zamanı həyətyanı sahə də köklü surətdə abadlaşdırılacaq. Salınacaq yeni yaşıllaşdırma zolağı Arxeoloji parkla birləşdirilərək vahid istirahət guşəsinə çevriləcəkdir.

Ekskursiya zamanı jurnalistləri maraqlandıran suallar Qoruq idarəsinin əməkdaşları tərəfindən ətraflı cavablandırılıb