14 may 2019 10:23
1377

Müasirlik, yenilik, islahatlar...

Ölkəmizin sosial xidmətlər sahəsində yeni brendini formalaşdıracaq DOST innovativ yenilikləri özündə birləşdirən nadir layihədir

“2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır” deyən Prezident İlham Əliyevin bu sözləri onun uğurlu sosial islahatlar paketinin nailiyyətləri kimi, əhalinin rifah halının yaxşılaşdırılması sahəsində cari ilin ötən dövründə ciddi addımların atılması ilə real təsdiqini tapıb.

Ölkə başçısının təşəbbüsü ilə qəbul olunmuş qanunla pensiya təyinatının 2019-cu il 1 yanvar tarixindən avtomatlaşdırılmış rejimdə həyata keçirilməsi sosial təminat sistemində proaktiv xidmətə keçid istiqamətində ilk mühüm addım oldu. Pensiya yaşına çatmış şəxslərin heç bir sənəd toplamadan və heç yerə müraciət etmədən pensiya hüquqlarının elə pensiya yaşı çatan gün reallaşdırılaraq özlərinə də bu barədə e-qaydada məlumat göndərilməsinə imkan yarandı. Həmin islahat tədbiri fərdi hesabında ən kiçik məbləğdə belə pensiya kapitalı qeydə alınan pensiya yaşı çatmış şəxslərə 2006-cı ilin yanvarın 1-dək 25 il sosial sığorta stajının avtomatik hesablanmasına, beləliklə, minlərlə insanın pensiya təminatı sistemi ilə əhatə olunmasına şərait yaratdı. Bu da məhz Prezident İlham Əliyevin yaşlı əhaliyə humanist yanaşmasının, onlara qayğıkeş münasibətinin daha bir nəticəsidir.

Dövlət başçısının 7 fevral 2019-cu il tarixli Sərəncamı ilə pensiyalar əvvəlki ilin orta aylıq nominal əməkhaqqının artım göstəricisinə uyğun indeksləşdirilərək artırıldı. Prezident tərəfindən 27 fevral 2019-cu il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1515-VQD nömrəli Qanununun tətbiqi haqqında” Sərəncam imzalandı. Bununla da minimum pensiya məbləğinin martın 1-dən orta hesabla 40 faiz artırılması pensiya təminatında ciddi irəliləyişə imkan verdi. 233 min vətəndaşın pensiyasında əhəmiyyətli artıma səbəb olan və həmin artımların edilməsi üçün illik əlavə 49 milyon manatın ayrılmasını nəzərdə tutan bu mühüm addım nəticəsində Azərbaycan alıcılıq qabiliyyəti indeksi (PPP) üzrə minimum pensiyanın məbləğinə görə artıq MDB məkanında ilk iki yeri bölüşür.

Dövlət başçısının imzaladığı 25 fevral 2019-cu il tarixli Sərəncam isə ölkənin sosial həyatında inqilabi addımların davamlı xarakter aldığını göstərdi. Sərəncamla 600 minədək şəxsə, o cümlədən 300 min əlilliyi olan şəxsə yönələn sosial müavinətlərin, Prezidentin aylıq təqaüdlərinin aprelin 1-dən orta hesabla 100 faiz artırılması təmin edildi, əlavə olaraq bir sıra kateqoriyalardan olanlar üçün Prezidentin aylıq təqaüdləri təsis olundu. Sərəncamın icrası üçün əlavə olaraq illik 400 milyon manat ayrılması nəzərdə tutulur ki, bu da sosial müavinət və təqaüdlərin verilməsinə yönələn illik vəsaitin 2 dəfə artırılması deməkdir.

Qeyd olunanlarla yanaşı, dövlət başçısının 9 avqust 2018-ci il tarixli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) və “DOST” mərkəzlərinin yaradılmasına başlanıldı. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünün nəticəsi olan DOST layihəsi ilə əmək, məşğulluq, sosial müdafiə və təminat sahələrində xidmətlər “bir pəncərə”dən operativlik, şəffaflıq, nəzakətlilik, vətəndaş məmnunluğuna nail olunması prinsipləri əsasında təqdim ediləcək, ölkəmizin sosial xidmətlər sahəsində yeni brendi formalaşacaq.

İlk “DOST” mərkəzi mayın 9-u Bakı şəhərinin Yasamal rayonunda açıldı. Mərkəzin inzibati binasının açılış mərasimində DOST Agentliyinin bir qrup işçisi və “Gənc DOST” könüllüləri ilə görüşü zamanı Prezident İlham Əliyev bildirdi ki, bu bir daha onu göstərir ki, sosial sahə bizim üçün prioritet sahədir. DOST Agentliyinin yaradılmasının bu istiqamətdə atılmış çox önəmli islahat olduğuna diqqət çəkən dövlət başçısı növbəti illərdə də agentliyin fəaliyyətinin genişləndiriləcəyinə əminliyini vurğuladı: “Bizim siyasətimiz sosialyönümlü siyasətdir. Çalışırıq bütün əlavə gəlirlərimizi sosial sahəyə yönəldək ki, vətəndaşların rifah halı daha da yaxşılaşsın, işsizliklə bağlı problemlər daha da yüksək səviyyədə həll olunsun və ölkəmizin dinamik inkişafı təmin edilsin. Əlbəttə buna nail olmaq üçün, ilk növbədə, iqtisadi inkişaf olmalıdır və biz bu məsələ ilə bağlı ciddi məşğuluq. Qeyri-neft sektorunun, sahibkarlığın inkişafı bir-biri ilə bağlı olan məsələlərdir. Hesab edirəm ki, Azərbaycanda bu istiqamətdə işlər uğurla gedir. İqtisadiyyatımız çoxşaxəli iqtisadiyyata çevrilir. Bildiyiniz kimi, özəl sektor ümumi daxili məhsulumuzda təqribən 80 faiz təşkil edir. Beləliklə, iqtisadi artım, iqtisadi sahədə aparılan islahatlar, büdcə daxilolmalarının artımı, əlbəttə ki, sosial sahəyə böyük diqqət göstərmək üçün imkan yaradır.”

Prezident İlham Əliyev onu da qeyd etdi ki, bizim siyasətimiz demək olar ki, DOST mərkəzlərində öz əksini tapır: “...islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək”.

Qeyd edək ki, DOST mərkəzləri əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə 126 xidmətin “bir pəncərə”dən təqdim edilməsinə imkan verən, əhatə dairəsi geniş olan, innovativ yenilikləri özündə birləşdirən nadir layihədir. Ona görə də DOST mərkəzlərinin ölkəmizin dövlət sosial xidmətləri sahəsində Azərbaycanın yeni brendinə çevriləcəyi gözlənilir.

Sevinc Azadi, “İki sahil”