17 sentyabr 2019 10:39
1414

Nəsiminin yaradıcılığı milli-mənəvi varlığımızın ayrılmaz tərkib hissəsidir

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva bildirdi ki, “Nəsimi ili” dahi şairin yaradıcılığının bütün üfüqlərinə işıq salır

Bu fakt  daim önə çəkilir ki, çoxəsrlik tariximizdə xalqlarımızı yaşadan, qoruyan və bugünkü günlərə gətirib çıxaran amillərdən biri mədəniyyətimiz, ədəbiyyatımız, milli-mənəvi dəyərlərimiz, dilimizdir.   Azərbaycan xalqı bəşər tarixinə böyük, dəyərli, dahi simalar bəxş etmiş, onların əsərləri, yaradıcılığı dünya elmini, mədəniyyətini zənginləşdirmiş, insanları maarifləndirmişdir. Ulu öndər Heydər Əliyevin bu fikirləri mədəniyyətimizin, ədəbiyyatımızın yol açdığı uğurların aydın ifadəsini yaradır: “İnsanların ürəyinə, qəlbinə təsir edə bilən ədəbiyyatımız olubdur, şeirimiz olubdur və həmin şeirlər, həmin sözlər doğrudan da xalqımızda, millətimizdə milli ruhu oyadıbdır, milli əhval-ruhiyyəni canlandırıbdır, milli dirçəliş prosesini gücləndiribdir. Məhz bunların nəticəsində bizdə milli psixologiya, milli ideologiya formalaşmağa başlayıbdır. Bəlkə bu milli  psixologiya, milli ideologiya indi böyük bir sistem şəklində deyil, yəni bir sənəd, bir kitab, bir proqram yoxdur. Amma bu olmalıdır.”

Bu məqamı da xüsusi qeyd etməliyik ki, ölkəmizdə yaşayan və dinindən, dilindən, milliyyətindən asılı olmayaraq Azərbaycan dilini ikinci ana dili kimi  qəbul  edən bütün vətəndaşlar üçün ünsiyyət vasitəsi  olan Azərbaycan  dilinin xalqımızın elmi, bədii məntiqi təfəkkürünün formalaşması və inkişafında böyük rolu olmuşdur. Ümummilli lider Heydər Əliyev bildirirdi ki, hər bir xalqın elə milli-mənəvi dəyərləri vardır ki,  onun qorunması, zənginləşdirilməsi, inkişaf etdirilməsi cəmiyyətdə tutduğu mövqeyindən, peşəsindən, vəzifəsindən  asılı olmayaraq hər kəsin vətəndaşlıq borcudur.   Dövlətimizin başçısı İlham Əliyev məhz bu kimi məsələləri önə çəkərək  ötən il Azərbaycan dilinin saflığının qorunması ilə bağlı Fərman imzaladı.         

Dünya sivilizasiyası xəzinəsinə böyük töhfələr verən Azərbaycanın bu  il UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etməsi də    milli-mənəvi dəyərlərinə,  tarixi-mədəni irsinə bağlılığından irəli gəldi.  Bu mühüm hadisə, həmçinin  beynəlxalq əməkdaşlığa söykənən, elm, mədəniyyət və təhsil yolu ilə dünyanın sülh və təhlükəsizliyini qorumaq məqsədilə yaradılan  UNESKO ilə Azərbaycan arasında  tərəfdaşlıq münasibətlərinin təhlilində də əhəmiyyətli rol oynadı.  Tarixə söykənərək, inkaredilməz olan bu reallıq da önə çəkilir ki, bir millətin, xalqın dəyərlərinin, dilinin əlindən alınması onun məhvi deməkdir. “Biz öz tarixi köklərimizlə, milli köklərimizlə,  milli-mənəvi ənənələrimizlə, böyük tariximizlə fəxr edə bilərik” söyləyən ulu öndər Heydər Əliyev  daim bu  çağırışı etmişdir ki, gələcəyimiz olan gənclər milli-mənəvi dəyərlərimizi unutmamalı,  tariximizi, ədəbiyyatımızı,  ana dilimizi bilməli və qorumalıdır. Bu reallıq da məlum olaylardandır ki, ulu öndər Heydər Əliyev Azərbaycan xalqının tarixi keçmişində, mənəvi mədəniyyəti tarixində iz qoymuş böyük şəxsiyyətlərin abidəyə çevrilməsinin xalqın milli varlığına, milli duyğularının güclənməsinə son dərəcə müsbət təsirini xüsusi vurğulayaraq,  Bakının ən görkəmli yerlərində xalqımızın milli varlığının daşıyıcısı olan böyük insanların əzəmətli heykəlləri ucaldılmış, böyük tarixi şəxsiyyətlərin hər biri üçün bir mədəniyyət mərkəzinə çevrilən ev-muzeyləri yaradılmışdır. Son 15 ildən artıq dövrdə  bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi atılan davamlı addımlardan  daha aydın görünür.  Cənab İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi,  həmçinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında”  Sərəncamı, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”  Fərmanı,  2019-cu ili “Nəsimi İli” elan etməsi və s. kimi biri-birindən önəmli addımlar  zəngin tariximizə, ədəbiyyatımıza, mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə sahib olmağımızdan irəli gəlir.   Ölkəmizin ev sahibliyi etdiyi  mədəniyyətlərarası dialoq forumlarında da  daim bu məqam önə çəkilir ki, müxtəlif mədəniyyətlərin, dinlərin qovuşuğunda yerləşən  Azərbaycan xalqlar, dövlətlər arasında körpü roluna yeni əlavələr etməklə beynəlxalq aləmdə nüfuzunu, humanitar mərkəz kimi qazandığı imici möhkəmləndirir.  

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva  “Nəsimi İli” ilə bağlı fikirlərini bizimlə bölüşərkən bildirdi ki, Azərbaycan zəngin tarixə, mədəniyyətə, ədəbiyyata  malik ölkədir.  İmadəddin Nəsimi irsinin öyrənilməsi və təbliği, xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.  Ümummilli Liderin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyi UNESKO-nun tədbirlər siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq səviyyədə qeyd olunub.

“Əlbəttə, bu yeganə hal deyildir” söyləyən A.Məşədiyeva qeyd etdi ki,  görkəmli dövlət xadimi N.Nərimanovun, dahi klassiklərimiz Ü.Hacıbəylinin, M.Maqomayevin, S.Vurğunun, C.Cabbarlının, M.S.Ordubadinin, Aşıq Ələsgərin yubileyləri məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilib, bəzilərinin ev-muzeyləri yaradılıb. Hazırda həmin ev-muzeylərində Azərbaycan xalqının  dahi şəxsiyyətlərinin zəngin irsi və yaradıcılığı geniş tədqiq və təbliğ edilir. Prezident İlham Əliyevin 2019-cu ili “Nəsimi İli” elan etməsi də  Ulu Öndərin bu istiqamətdə gördüyü dəyərli işlərin uğurlu davamıdır.

Dilçilik İnstitutunun elmi katibi onu da əlavə etdi ki,  Azərbaycan poetik dilinin inkişafına böyük təsiri olan, hürufiliyin aparıcı simalarından biri, əvəzsiz şair İmadəddin Nəsimi öz yaradıcılığı ilə mübarizliyi, sülhü, tolerantlığı və multikulturalizmi təbliğ edib: “İmadəddin Nəsiminin bədii yaradıcılığının Azərbaycan dilinin tarixi inkişafının öyrənilməsində, Azərbaycan şeirinin və ümumiyyətlə, türk ədəbiyyatının təkmilləşməsində müstəsna rolu var. Mütəfəkkir şair qüdrətli söz ustaları Şah İsmayıl Xətai, Füzuli, Vaqif və başqalarının yaradıcılığına böyük təsir göstərib. “Nəsimi ili” dahi şairin yaradıcılığının bütün üfüqlərinə işıq salır.”

O da qeyd olundu ki,  cari ilin oktyabr ayında AMEA Nəsimi adına Dilçilik İnstitutunda dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan “İmadəddin Nəsiminin poetik dili və Azərbaycan ədəbi dilinin tarixi məsələləri” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Dilçi alimin fikirləri bu ümumiləşdirməyə əsas verdi ki, “Nəsimi İli” Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə verdiyi töhfələrə işıq salmaqla yanaşı,   xalqımızın çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsinin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malik olduğunu açıqlayır. Bu mühüm addım  ölkəmizdə nəsimişünaslığın inkişafına böyük təkan verir. Aparılan araşdırmalar bu fikrə əsas verir ki,  Nəsimi yaradıcılığının mübarizliyi, haqqı bütün varlığı ilə müdafiə etməsi örnək olaraq bütün xalqımıza, xüsusilə   gənc nəslimizə öz müsbət təsirini göstərəcək. Nəsiminin yaradıcılığı milli-mənəvi varlığımızın ayrılmaz tərkib hissəsidir. Bu kimi mühüm addımlar  ölkəmizdə yüksək ideallara, mənəvi həyata, mədəniyyətə, şeirə, sənətə, onların inkişafına nə qədər böyük diqqət yetirildiyinin təzahürüdür.

Yeganə Əliyeva,

“İki sahil”