28 noyabr 2018 23:31
10139

“İctimai təhlükəsizlik və idarəetmə” ixtisası əmək bazarında ehtiyac olan ixtisaslardandır

Nazirlər Kabineti “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda dəyişiklik edib. Ali təhsilin bakalavriat səviyyəsində ixtisasların siyahısına “İctimai təhlükəsizlik və idarəetmə” ixtısası əlavə edilib.

Ali təhsil sisteminə edilən bu dəyişikliklə bağlı  Təhsil eksperti Kamran Əsədov  “İki sahil” qəzetinə  açıqlamasında bildirib: “2018-ci Bakı Ali Neft Məktəbində “İnformasiya təhlükəsizliyi”,Azərbaycan Dövlət Neft və Sənaye Universitetində isə “Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi və “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” kimi yeni ixtisaslar yaradılıb. Əvvəllər hər bir sahədə yalnız insanların əməyi lazım olurdusa, texnologiyanın inkişaf etdiyi bir zamanda çox işçi qüvvəsinə ehtiyac qalmır. Çünki əksər sahələr elektronlaşdırılır. Elm və təhsilin belə sürətlə inkişaf etdiyi bir vaxtda gələcəkdə Azərbaycanda hansı ixtisasların sıradan çıxacağı və hansılara ehtiyac yaranacağı çox maraqlıdır. Məsələn, indi telefonlardan fotoaparat kimi istifadə edə bilərik. Amma 150 il foto sənayedə “Kodak”, “Alfa” firmaları hegemon idi; lentli fotoaparatlar istehsal edirdilər. Amma son 10 ildə onların hamısı sıradan çıxdı, çünki rəqəmli fotaparatlar yarandı. Bu baxımdan gələcəkdə Azərbaycanda da hansısa ixtisaslar, sənətlər sıradan çıxacaq və yeniləri yaranacaq. Bu prosesi izləyən biri kimi deyim ki, 50 il bundan qabaq ali təhsil almaq, yəni 5 il oxumaq 25-35 il ondan istifadə etməyə bəs edirdi. İndi isə öz ixtisasımızı ən azı 4-5 dəfə dəyişməliyik. Bir ali təhsil kifayət etmir. Məsələn, mən güman edirəm ki, gələcəkdə taksi sürücüləri yoxa çıxacaq. Çünki maşınlar elektronlaşacaq.

Kamran Əsədov qeyd edib ki, təhsilin əsas məqsədi müəyyən dəyərləri gənclərə öyrətməkdir: “Dəyərlər necə olacaqsa,hansı biliklərə ehtiyac yaranacaqsa ali məktəblərdə o fənləri tədris edəcəklər. İxtisaslar sıradan çıxmayacaq, biri digərinin içərisində əriyəcək.

Bu mənada “İctimai təhlükəsizlik və idarəetmə ixtisası” da son dövlər ortaya çıxan, əmək bazarında ehtiyac olan ixtisaslardandır. Çünki bu sahə üzrə peşəkar kadrlara ehtiyac var. Nəzərə alsaq ki, ölkəmiz müharibə şəraitində yaşayır, deməli ictimai təhlükəsizlik və idarəetmə üzrə ixtisası üzrə kadr hazırlığı mühüm əhəmiyyət kəsb edir”.

Yaqut Ağaşahqızı