07 iyul 2020 10:14
882

Pandemiya dövrü: Tranzit yüklərin artımı valyuta axınına təkan verir

Dünya enerji bazarlarında karbohidrogen resurslarının tez-tez dəyişən qiyməti indi bir çox neft və qaz hasilatçılarının gəlirlərində ciddi çətinlik yaradıb. Elə bu səbəbdəndir ki, onlar gəlirlərin sabitliyini təmin etmək üçün müxtəlif yollar axtarırlar. Bütün cəhdlərə baxmayaraq koronavirus pandemiyasının tüğyan etdiyi indiki şəraitdə bu, olduqca müşkül xarakter daşıyır.

Amma neft-qaz istehsalçısı olan ölkəmizin əsas üstünlüyü hələ pandemiyadan xeyli əvvəl iqtisadiyyatın diversifikasiyası istiqamətində mühüm addımlar atması oldu. İndi Azərbaycanda iqtisadi artım əsas etibarilə qeyri-neft sektoru hesabına reallaşır. Bu baxımdan tranzit yükdaşımalarının artımı indi ölkəmizə valyuta qazandıran əsas sahələrdən birinə çevrilib. Hazırda Azərbaycan üzərindən daşınan beynəlxalq yükdaşımaların həcmində dinamik artım müşahidə edilir. Ölkəmizdə qurulan nəqliyyat infrastrukturu Azərbaycanın regional nəqliyyat dəhlizində daha fəal şəkildə iştirakına zəmin yaradır. Bu, bir tərəfdən ölkəmizin üzərindən daşınan yüklərin həcminin artırılmasına təkan verir, digər tərəfdən Azərbaycanda istehsal edilən qeyri-neft məhsullarının Asiya və Avropa bazarlarına daha qısa zamanda çatdırılmasını reallaşdırmağa əlavə imkanlar yaradır.

Bu sahədə atılan mühüm addımlardan biri də Ələt azad iqtisadi zonasının yaradılmasıdır. Qeyd edilən məsələ indi xarici sərmayədarların diqqətini Azərbaycana daha çox yönəldir. Qeyd edək ki, bu ilin may ayında Prezident İlham Əliyev “Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Ələt azad iqtisadi zonası (Azad Zona) və Azad Zonanın səlahiyyətli qurumu yaradılıb. Qaradağ rayonunun inzibati ərazisində yerləşən torpaqlar Ələt azad iqtisadi zonasının ərazisi qisimində müəyyən edilib. Ümumiyyətlə, hesab edilir ki, Ələt azad iqtisadi zonasının yaradılması ilk növbədə dəmir yolu ilə yükdaşımaların inkişafına müsbət təsir edəcək. Bu zona həm də Bakı-Tbilisi-Qars dəmir yolunu bir qədər də cəlbedici edir. Çünki həmin zona Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməklə Xəzər hövzəsində ən böyük logistika mərkəzi olaraq fəaliyyət göstərəcək. Yaxın gələcəkdə zona Avropa, Türkiyə, İran, Rusiya, Çin, Orta Asiya, Yaxın Şərq dövlətləri üçün Bakı Beynəlxalq Dəniz Ticarət Limanının iqtisadi əhəmiyyətini daha da artıracaq. Beləliklə, yeni Bakı limanı Avrasiyanın əsas nəqliyyat qovşaqlarından birinə çevriləcək.

Yaxın gələcəkdə regionda həcmi artan yüklərin bir qismi Qazaxıstanda yeni inşa edilən Kurık və yenidən qurulan Aktau limanlarından, digər hissəsi isə Türkmənistanın yenilənmiş Türkmənbaşı limanından bərələr və gəmilər vasitəsilə yeni Bakı limanına çatdırılacaq. Daha sonra Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Avropaya nəql ediləcək. Türkiyə tərəfindən Bosfor boğazında dəmir yolu xəttinin istifadəyə verilməsi ilə Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsi də Bakı-Tbilisi-Qars dəmir yolunun və Ələt azad iqtisadi zonasının əhəmiyyətini artırır. Bununla da yüklərin Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çatdırılması təmin olunacaq.

İslahatlar çərçivəsində Ələt-Astara magistral yolunun və Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu xəttinin çəkilməsini də qeyd etmək lazımdır. Məhz bu infrastruktur layihələrinin reallaşdırılmasından sonra İranın ixrac potensialı və bununla yanaşı, Azərbaycanın tranzit gəlirləri artıb. Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu Qəzvin-Rəşt-Astara yolunun davamıdır. Bu yolun Qəzvin-Rəşt hissəsi istismara verilib. Rəşt-Astara hissəsində isə işlər davam edir. Şimal-Cənub dəhlizinə daxil olan dəmir yolu tam istifadəyə verildikdən sonra isə yalnız İran deyil, eləcə də Cənub-Şərqi Asiya ölkələri Avropa ilə ticarət əlaqələrini Azərbaycan vasitəsilə həyata keçirəcək. Bu da ölkəmizin tranzit gəlirlərini 5 dəfə artıracaq. Şimal-Cənub dəhlizi ilə ölkəmizə daxil olan yüklərin təxminən 85 faizi tranzit olaraq digər ölkələrə aparılır. Nəticə etibarilə Azərbaycandan nə qədər çox yük daşınırsa, bu da ölkəmizin gəlirlərini artırır. Digər tərəfdən isə bu layihə ölkəmizin ixrac imkanlarını daha da artırır. Bunun pandemiya dönəmində qeydə alınması isə Azərbaycanın sabit iqtisadi inkişafının bundan sonra da uğurla davam edəcəyini göstərir.

Cavid Əkbərov, “İki sahil”