04 fevral 2026 15:53
251

Qarabağda təhsilin bərpası prosesində iştirak etmək böyük qürur və məsuliyyətdir - Lamiyə Məmmədova

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gənclərin inkişafını ölkənin prioritet istiqamətləri sırasında əsas məsələlərdən biri kimi müəyyən edib. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən gənclər siyasəti bu zümrədən olan insanların təhsil, elm, mədəniyyət, sosial və innovasiya sahələrində fəaliyyətini dəstəkləyir, onların təşəbbüskarlığını və yaradıcılığını stimullaşdırır. Həmçinin Prezident mükafatları və digər ali dövlət təltifləri gənclərin uğurlarını tanımaq, onları daha yaradıcı və məsuliyyətli olmağa ruhlandırmaq, həmçinin gələcək nəsillər üçün nümunə göstərmək məqsədini daşıyır. Bu siyasət, gənclərin potensialını üzə çıxarmaq və onları ölkənin davamlı inkişafına aktiv şəkildə cəlb etmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu prinsip və dövlətin gənclərə verdiyi dəyərin əyani nümunəsi olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı il üçün Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən bir qrup gənc bu ali dövlət mükafatına layiq görülüb.

2026-cı il üzrə Gənclər üçün Prezident mükafatına layiq görülən gənclərdən biri də Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının məzunu Lamiyə Məmmədovadır. Bununla bağlı “İki sahil” qəzetinə müsahibəsində Lamiyə Məmmədova bildirdi ki, Prezident mükafatına layiq görülmək mənim üçün böyük qürur və sevincdir. Həmsöhbətimizin sözlərinə görə, ali mükafat onu daha məsuliyyətli, yaradıcı olmağa ruhlandırır və digər gənclərə də stimul verir.O, həmçinin təhsil və elmin gənclərin inkişafı və ölkənin tərəqqisində rolunu vurğulayıb, gənclərin təşəbbüskarlıq və innovativ ideyalarını reallaşdırmaq üçün imkanların artırılmasının vacibliyini qeyd etdi.

Əvvəlcə müsahibimizin həyat və fəaliyyət yoluna qısa nəzər salaq.

Sosial sahədə fəaliyyət göstərən, təhsil və gənclərlə işi prioritet hesab edən, Bakı Dövlət Universitetinin SABAH qruplarının məzunu və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Gənclərlə iş” ixtisası üzrə magistr təhsili almış Lamiyə Məmmədovanı hazırda Qarabağ Universitetində Tələbələrlə iş üzrə böyük mütəxəssis kimi fəaliyyət göstərir. O,eyni zamanda,“Böyük Qayıdış” Gənclər Təşkilatının İdarə Heyətinin üzvüdür. Həmsöhbətimizin əsas məqsədi təhsil, gənclər siyasəti və sosial inkişaf sahəsində dəyər yaradan təşəbbüslərdə fəal iştirak etməkdir.

-Gənclər üçün Prezident mükafatına layiq görüldüyünüzü eşidəndə hansı hissləri keçirdiniz və bu təltif sizin üçün nəyi ifadə edir?

-Bu xəbəri eşidəndə ilk hiss etdiyim duyğu böyük məsuliyyət və dərin minnətdarlıq oldu. Prezident mükafatı mənim üçün təkcə şəxsi nailiyyətin qiymətləndirilməsi deyil, illərdir seçdiyim yolun, inandığım dəyərlərin və gördüyüm işlərin dövlət səviyyəsində etimad qazanmasının göstəricisidir. Bu ali mükafat, eyni zamanda, daha çox çalışmağa, daha böyük fayda yaratmağa çağırışdır.

-Sizcə, bu mükafat indiyədək keçdiyiniz yolun hansı əsas mərhələlərinin məntiqi nəticəsidir?

-Bu mükafatı təhsil illərindən başlayaraq ardıcıl şəkildə formalaşan akademik maraqlarımın, gənclərlə iş sahəsində qazandığım təcrübənin və Qarabağla bağlı həyata keçirilən sosial-ictimai təşəbbüslərdə, layihələrdə fəal iştirakımın məntiqi nəticəsi hesab edirəm.

Ali mükafat daha çox çalışmağa,
daha böyük fayda yaratmağa çağırışdır

-Prezident mükafatı gənclərin motivasiyasına necə təsir göstərir?

-Bu cür təşəbbüslər gənclərə göstərir ki, zəhmət və məsuliyyət daim qiymətləndirilir. Bu isə sağlam rəqabət və davamlı motivasiya yaradır.

-BDU-nun SABAH qruplarında təhsil almağınız dünyagörüşünüzə və peşəkar formalaşmanıza hansı təsirləri göstərib?

-SABAH qrupları mənim üçün analitik düşünmə, tənqidi yanaşma və akademik məsuliyyət məktəbi oldu. Bu mühit məni daim araşdırmağa, sual verməyə və mövcud çərçivələrdən kənar düşünməyə təşviq edib. Adının açıqlamasında da olduğu kimi savadlı, bacarıqlı və hazırlıqlı kadr yetişdirməyi hədəfləyib.

-Təhsil illərinizdə sizi daha çox formalaşdıran müəllimlər və akademik mühit hansı xüsusiyyətləri ilə fərqlənirdi?

-Məni formalaşdıran müəllimlər tələbəyə fərd kimi yanaşan, müstəqil düşüncəni təşviq edən və nəzəriyyəni praktik reallıqla əlaqələndirən müəllimlər olub. Akademik mühitdə açıq dialoq, qarşılıqlı hörmət və məsuliyyət əsas dəyərlər idi.

-Hazırda Qarabağ Universitetində çalışmağınızı təkcə peşəkar seçim kimi, yoxsa mənəvi və ictimai məsuliyyət kimi də dəyərləndirmək olar?

-Bunu təkcə peşəkar seçim kimi deyil, eyni zamanda, mənəvi və ictimai məsuliyyət kimi dəyərləndirirəm. Qarabağda təhsilin bərpası prosesində iştirak etmək, gələcək nəsillərin formalaşmasına töhfə vermək böyük qürur və məsuliyyətdir.

-Qarabağ Universitetinin regionun elmi və intellektual mərkəzinə çevrilməsi üçün hansı prioritetlər vacibdir?

-Bunun üçün güclü akademik kadr potensialı, beynəlxalq əməkdaşlıqlar, müasir tədqiqat infrastrukturu və tələbəyönümlü təhsil modeli əsas prioritetlərdir. Eyni zamanda, universitetin regionun inkişafına elmi yanaşmalar təqdim etməsi mühüm əhəmiyyət daşıyır.

-Azad edilmiş ərazilərdə təhsilin və elmin bərpasında gənc mütəxəssislərin rolunu necə görürsünüz?

-Gənc mütəxəssislər bu prosesin həm ideya daşıyıcısı, həm də icraedici qüvvəsidir. Onlar yeniliyə açıq, çevik və uzunmüddətli inkişaf baxışına malikdirlər.

Gənc mütəxəssislər bu prosesin həm ideya daşıyıcısı,
həm də icraedici qüvvəsidir

-Fəaliyyət sahəniz üzrə bu gün Azərbaycan gənclərinin əsas çağırışları nələrdir?

-Əsas çağırışlar peşəkar ixtisaslaşma, qlobal rəqabətə uyğun bilik və bacarıqların qazanılması, eyni zamanda,  milli dəyərlərlə müasir düşüncənin balansının qorunmasıdır.

-Müasir Azərbaycan gənci dövlətdən nə gözləyir və dövlət gəncdən nə tələb edir?

-Gənclər dövlətdən təşəbbüslərinin, inkişafının dəstəklənməsini və qiymətləndirilməsini, dövlət isə gəncdən bilikli, məsuliyyətli və vətənpərvər mövqe tələb edir. Bu qarşılıqlı etimad üzərində qurulmalıdır.

-Sizcə, dövlət gənclər siyasətində hansı istiqamətlər gücləndirilməlidir?

-Hazırda gənclər siyasəti üzrə müxtəlif istiqamətlərdə fəaliyyətlə icra edilir. Region gənclərinin inkişafı, sosial dəstək mexanizmləri, elmi-innovativ təşəbbüslərin stimullaşdırılması prioritet olmalıdır.

-Gələcəkdə fəaliyyətinizi daha çox hansı sahədə davam etdirməyi planlaşdırırsınız?

-Akademik və ictimai fəaliyyəti paralel şəkildə davam etdirməyi düşünürəm. Məncə, bu iki sahə bir-birini tamamlayır.

-Gənclərə nə tövsiyəniz edərdiniz?

-Tələsməsinlər, özlərini başqaları ilə deyil, dünənki özləri ilə müqayisə etsinlər. Ən əsası isə inandıqları yoldan çəkinməsinlər. Çünki davamlılıq və səbir uğurun əsas açarıdır.

Yaqut Ağaşahqızı, “ İki sahil”