KÖŞƏ

Vəli İlyasov

“Qazanın daşmasına” lap az qalıb...

10 yanvar 2020 18:55
4747

ReAL- AXCP qarşıdurması pik həddə

Dağıdıcı müxalifət partiyaları arasında ənənəvi didişmə Yeni ilin ilk günlərindən daha da gərginləşib. Bu dəfə “rinqdə” İlqar Məmmədovun sədri olduğu ReAL  partiyası ilə Əli Kərimlinin rəhbərlik etdiyi AXCP arasında kəskin qarşıdurma diqqət mərkəzindədir. Sosial şəbəkələrdə tərəflər bir-birlərini ən ağır ittihamlara məruz qoyaraq hətta təhqir etməkdən belə çəkinmirlər.  Əslində, sözügedən ziddiyyətlər  bir müddət əvvəldən- 2018-ci ilin aprel ayından start götürüb. 

Xatırladaq ki, həmin vaxtlar İlqar Məmmədov həbsdə idi və həbsdə olmasına baxmayaraq siyasi müxalifətdəki reytinqi ilə opponenti Əli Kərimlini üstələyirdi. Hətta sosial şəbəkələrdə “Əli Kərimli, yoxsa İlqar Məmmədov?” tipli reytinq sorğuları da keçirildi. Nəticədə İlqar Məmmədov Əli Kərimlidən daha çox səs topladı. Burada haşiyə çıxaq ki,  AXCP sədri o zamanlar İlqar Məmmədovu “siyasi məhbus” kimi təqdim edərək onun bu “statusundan” kifayət qədər yararlanırdı. Həyasızlığına salıb  bir sıra xarici təşkilatlardan aldığı qrantları həm İlqar Məmmədovun, həm də digər “siyasi”, ya da “vicdan” məhbuslarının sayəsində əldə edirdi. Ona görə də hələlik İlqar Məmmədova  “gözün üstündə qaşın var” demədi. O cümlədən ReAL sədri azadlığa çıxan kimi  “Milli Şura”nın mitinqinə də qatıldı. Lakin bütün bunlardan sonra tərəflərin arasında kəskin qarşıdurma yarandı. Təbii ki, xudpəsənd Əli Kərimli “reytinq” məsələsini unuda bilmirdi. Qarşıdurmalar şiddətləndi və nəhayət,  çərçivədən çıxaraq təhqirlərlə, söyüşlərlə davam etdi. Bəs bu qarşıdurmaya səbəb nə oldu? Qısaca desək, üstün olmaq iddiası. Əli Kərimli çox istəyirdi ki, İlqar Məmmədovun partiyası “Milli Şura”ya üzv olsun və ReAL onun təsiri altına düşsün. Yəni, plana görə bu partiya da  AXCP-nin “qarmağında” olmalı idi.

Səbəbin ən başlıcası AXCP sədrinin eqosunu, rəhbərlik etdiyi siyasi partiyasını “ana müxalifət” kimi təqdim etməsini, onunla olmayanları satqın, xəyanətkar adlandırmasını və başqa məsələləri göstərmək olar.  Ancaq həm İlqar Məmmədov, həm də partiyanın icra katibi Natiq Cəfərli, eləcə də keçmiş ReAL-çı Azər Qasımlı və digər partiya funksionerləri qurumlarının ənənəvi müxalifətin heç bir koalisiyasına, birlik və təşkilatlarına qatılmayacaqlarını qətiyyətlə bəyan etdilər. Bu isə o demək idi ki, Real təkbaşına ənənəvi müxalifətə meydan oxumaqla, fərqli düşüncə və fərqli strategiya ilə hakimiyyət iddiasında olacaq. Bu məsələ  Əli Kərimlini, o cümlədən  “Milli Şura” üzvlərini qəzəbləndirdi. Nəticədə qarşıdurma  baş verdi ki,  indi də davam etməkdədir.

Son vaxtlar sosial şəbəkələrdə canlı yayımlara çıxan Sevinc Osmanqızı, Qənimət Zahid, Natiq Ədilov və qeyriləri AXCP sədri Əli Kərimli ilə əlbir şəkildə Real-a qarşı ardıcıl kampaniyalara start veriblər. Buna misal olaraq, İlqar Məmmədovun Sevinc Osmanqızının canlı yayımına qatılaraq, orada sərt ifadələr işlətməsi, hətta Osmanqızını da bu məsələdə ittiham etməsidir. Eləcə də Qənimət Zahid canlı yayımlarında hər dəfə İlqar Məmmədovu hədəfə alan fikirlər səsləndirərək  Əli Kərimlinin sifarişlərini həyata keçirir.

Bütün bunlara cavab olaraq  ReAL  partiyasının icra katibi Natiq Cəfərlinin qarşı tərəfi ən sərt ifadələrlə  atəşə tutması, AXCP-nin, “Milli Şura”nın siyasətinə tüpürdüyünü bildirməsi vəziyyətin daha da gərginləşməsinə səbəb olub. Onun sosial şəbəkədə “Fikri olub beyni olmayan bir qrup adam küy yaradaraq fikir formalaşdırmağa çalışır. Bu kampaniya birbaşa “Milli Şura” rəhbərliyinə daxil olan adamlar tərəfindən qızışdırılır, idarə olunur və yönləndirilir. Həmin siyasi düşüncə tərzinin iyirmi beş  ildir daşıyıcısı olanlar zaman-zaman eyni kampaniyanı ya öz təşkilatlarının içində olanlara, ya da digər siyasi partiyalara qarşı aparıblar” ifadəsi gərginliyi bir qədər də qızışdırıb.Ümumiyyətlə, istər AXCP sədrinə, istərsə də “Milli Şura”dakı digər funksionerlərə meydan oxuyan ReAL  təmsilçilərinin sərt cavab tədbirləri artıq belə nəticəyə gəlməyə zəmin yaradır ki, elə Əli Kərimli də “dişinin” İlqar Məmmədova bata bilməyəcəyi  kimi pessimist nəticəyə gəlib. Odur ki, hələlik inamsız olsa da  əlindəki bütün imkanlardan maksimum istifadə edərək “bəlkə də qalib gəldim” fikrinə dalır. Amma gözlənilir ki, ReAL çox gözləməyəcək, yaxın vaxtlarda əks-hücum taktikasından istifadə edəcək, həm AXCP-yə, həm də bütövlükdə “Milli Şura”ya güclü zərbə vuracaq. İnkişaf edən  hadisələr də artıq buna doğru irəliləməkdədir. Belə görünür ki, “qaynayan qazanın daşmasına” lap az qalıb.