KÖŞƏ

Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət
Mətbuat Şurası İdarə Heyətinin üzvü
[email protected]

08 iyul 2019 12:02
2006

Şəki dünya irsi siyahısında. Qısa dəyərləndirmə

“İrs bizim üçün keçmişdən qalmış mirasdır. Biz bu gün onunla yaşayır, onu gələcək nəsillərə ötürürük. Bizim mədəni və təbii irsimizin hər ikisi yaşamın əvəzedilməz mənbəyidir.”

Bu sözlər UNESCO-nun dünya irsi ilə bağlı qısa izahındandır. UNESCO Şərqi Afrikanın Serengeti vəhşi təbiəti, Misir piramidaları, Latın Amerikasının Barokko kafedrallarını dünya irsinin nadir və fərqli məkanları kimi tanıyır.

Eyni zamanda qeyd edilir ki, dünya irsi konsepsiyasının istisnalığı onun bəşəri olmasıyla bağlıdır. Dünya irsi vahidləri yerləşdikləri ərazidən asılı olmayaraq dünyanın bütün insanlarına aiddir.

Və UNESCO bugünlərdə mətbuat üçün yaydığı sənəddə bir sıra məkanlarla bərabər “Xan Sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi”ni də dünya irsi siyahısına əlavə etdiyini bildirir. Açıqlamada belə bir təsvir də yer alır:

“Tarixi Şəki şəhəri Böyük Qafqaz Sıra Dağlarının ayağında yerləşir və Gürcənçay ilə ikiyə ayrılır. Onun qədim Quzey kəsimi dağlarda tikildiyi halda, Güney kəsimi çayın vadisinə doğru uzanır. Şəhərin 18-ci yüzildə palçıq selləri üzündən dağılmış əvvəlki yerində yenidən tikilmiş tarixi mərkəzi, evlərin ənənəvi memarlıq quruluşu ilə fərqlənməklə kirəmit damlarıyla seçilir. Önəmli tarixi ticarət yolunun üzərində olmaqla şəhərin memarlığı Səfəvi, Qacar və rus inşaat ənənələrinin təsirini əks etdirir. Şəhərin Şimal-Şərqində yerləşən Xan Sarayı və bir sıra ticarət evləri 18-ci yüzilin sonundan başlayaraq 19-cu yüzildə davam etmiş ipək ticarəti və baramaçılıq əsasında əldə edilən zənginliyi özündə əks etdirir”.

Beləliklə, özünün tarixi mərkəzi və Xan Sarayı ilə Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Şəki də dünya irs siyahısında yerini almış olur.

Yeri gəlmişkən, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu əlamətdar hadisə münasibətilə Azərbaycan xalqını təbrik edib. Dövlət rəhbərləri Azərbaycan xalqının “milli mədəniyyətimizi, adət-ənənələrimizi, tarixi irsimizin təkrarolunmaz incilərini qoruyub saxladığını və dünyada tanıdılmasının vacibliyini” vurğulamaqla böyük uğurlar qazandığını qeyd ediblər.

Doğrudan da tarixin ötəsindən gələn mirasa layiqincə sahiblənməyimiz Azərbaycan dövlətinin, xalqının, onun rəhbərlərinin bizim, işğalçı ermənilərin dünyaya təbliğ etdiyi kimi barbar deyil, əksinə, çağdaş ideallara sadiq olduğumuzu göstərmək baxımından çox önəmlidir.

Tarixi mərkəzilə birlikdə Şəki Xan Sarayının UNESCO-nun dünya irsi siyahısında yer alması bizə nə verəcək? Bu sual da, məncə, hər kəs üçün maraqlı ola bilər.

Hər şeydən öncə bu aktın özü Azərbaycanın tarixi mirasa necə qayğıyla yanaşdığını bir daha dünya miqyasında göstərmiş olur. Ortada bir tarixi miras var və Azərbaycan dövləti nəinki onu qoruyub saxlayır, eyni zamanda qayğısına qalır, uzunömürlülüyünü təmin edir. Bu isə Azərbaycan xalqının mədəni səviyyəsinin əyani göstəricilərindən biridir.

İkinci məqamsa ondan ibarətdir ki, UNESCO siyahısında yer almaqla Şəkinin tarixi mərkəzi və Xan Sarayı yalnız Azərbaycanın deyil, bütün dünyanın müdafiəsi altında olur. Yəni bu məkan artıq bütün dünyanın qorumalı olduğu məkanların siyahısındadır və ona qarşı düşmən işğalı, kobud münasibət və laqeydlik olacağı təqdirdə bütün dünya məsələyə münasibət bildirməli olacaq. Ən azından UNESCO-nun uyğun konvensiyasını imzalamış dövlətlər bu məsələdə biganə qala bilməyəcəklər. Həmin dövlətlər sırasında isə ABŞ, Rusiya, Böyük Britaniya kimi dünya nəhəngləri də var.

Bu səviyyədə tanınma və qəbul edilmə Şəkiyə və ümumilikdə Azərbaycana turist axınını gücləndirəcək. Heç şübhə etmirik ki, artıq dünyanın hər tərəfində Şəki və onun tarixi mərkəzi ilə bağlı geniş araşdırmalar başlayıb və özəlliklə də tarixi məkanlara turist səfərləri edənlər indidən biletlərini sifariş edirlər. Bu baxımdan Şəkinin tanıdılması üçün xarici dillərdə onlayn kontentin zənginləşdirilməsi vacibdir.

Yeri gəlmişkən onu da qeyd edək ki, Şəkiyə qədər özünün tarixi divarları və Şirvanşahlar Sarayı, Qız Qalası kimi abidələrilə İçəri Şəhər də dünya irsi siyahısında yer alıb. Bundan başqa Qobustan da həmin siyahıdadır.

Ölkəmizdə dünya irsi siyahısında yer alan məkanların sayı nə qədər çoxalarsa, Azərbaycanın önəmi də bir o qədər artar. Bu baxımdan Şəkinin həmin siyahıda yer alması həqiqətən də böyük hadisədir.

Bəs necə oldu ki, Azərbaycan Şəkini o siyahıya əlavə etməklə bu qədər böyük uğuru qazana bildi? Bu sualın cavabı da uzaqda deyil. Hələ 1-ci vitse-prezident olmazdan öncə Azərbaycanın 1-ci Xanımı və Heydər Əliyev Fondunun prezidenti qismində Mehriban Əliyeva UNESCO ilə çox sıx əlaqələr qurmuş, yaxın işbirliyinə başlamışdı. Bu münasibətlər Mehriban Əliyevanın UNESCO-da ən önəmli şəxslərdən birinə çevrilməsinə, söz sahibi olmasına gətirib çıxarıb. Hətta o, UNESCO-nun xoşməramlı səfirləri sırasında da yer alıb. Təbii ki, bu tanınma və qəbuledilmə onun həm də gərək olduğunda Azərbaycanın faydası üçün sözünü keçirə bilməsinə də şərait yaradır. Eyni zamanda xanım Mehriban Əliyeva bəşəri dəyərlərin müdafiəçisi kimi də qəbul edilir və bu status onun Azərbaycan üçün olduqca böyük işlər görməsinə imkan tanıyır. Belə bir durumda Şəkinin dünya irsi siyahısında yer alması təəccüblü deyil, əksinə, gözləniləndir.

Onu da əlavə edək ki, Şəkinin adı keçən siyahıya əlavə edilməsi həm də UNESCO-nun Dünya İrsi Fondundan hər il 4 milyon dollaradək maliyyə əldə edə bilməsi deməkdir. Bu maliyyə dünya irsi siyahısındakı məkanların qorunması və gərək olduğunda bərpası üçün xərclənəcəkdir. Əlbəttə, Azərbaycan o maliyyəni özü də təmin edə bilər. Lakin bunun qlobal səviyyədə təmin edilməsi də işin faydasınadır.

Sonda bir daha qeyd etmək istərdik ki, Şəkinin dünya irsi siyahısında yer alması doğrudan da böyük tarixi hadisədir və Azərbaycana bütün anlamlarda əlavə dividentlər qazandıracaq.

Sözardı: Şəkinin məlum siyahıya əlavə edilməsi üçün sənədlərin orijinalının niyə rus dilində hazırlanması isə şəxsən məndə əlavə sual yaradır və istərdim ki, buna məsul olan şəxslər aydınlıq gətirsin. Hər halda bir müstəqil dövlət olaraq biz sənədləri həm öz dilimizdə, həm də BMT-nin əsas rəsmi dili olan ingiliscədə təqdim edə bilərdik ki, ən azından xüsusi isimlər sonrakı mərhələdə ingiliscədə əndrəbadi səslənməsin…