23 noyabr 2020 18:36
1187

Susan beynəlxalq təşkilatlar, «danışan» həqiqətlər

Tarixi Qələbəsi ilə ikili standartları dəyişən Azərbaycan yeni ədalət standartları formalaşdırdı

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələrdə, ikitərəfli və üçtərəfli danışıqlarda konstruktiv mövqeyi ilə diqqət çəkən Prezident İlham Əliyev onu da əlavə edirdi ki, iqtisadi, müdafiə qüdrəti artan ölkəmiz hansı yolla olursa –olsun torpaqlarını işğaldan azad edəcək və Azərbaycanda ikinci erməni dövlətinin yaranmasına imkan verilməyəcək. Münaqişənin siyasi yolla, beynəlxalq hüquq normaları əsasında həllinə çalışan Prezident İlham Əliyev bildirirdi ki, torpaqlarımızın işğaldan hərbi yolla həlli Azərbaycanın qanuni hüququdur.

Prezident İlham Əliyev respublikamızın ən böyük rayonlarından olan Ağdamın işğaldan azad olunması münasibətilə xalqa müraciətində bildirmişdir ki, BMT-nin Nizamnaməsinə əsasən, torpaqlarını işğaldan azad etmək hüququna malik olan, Ermənistanın təxribatlarının qarşısını əks-hücumları ilə alan Milli Ordumuzun döyüş bölgəsində qazandığı uğurlar tarixi qələbəmizdir. Azərbaycan, Rusiya, Ermənistan tərəfindən imzalanan bəyanat, işğalçı dövlətin hərbi kapitulyasiyaya məcbur edilməsi və biabırçı məğlubiyyəti ilə ədalət təmin olundu. İşğaldan azad olunmuş Füzuliyə, Cəbrayıla səfərləri zamanı erməni barbarlığını vəhşi tayfanın əməli kimi dəyərləndirən Prezident İlham Əliyev bildirdi ki, bu kəndləri, şəhərləri bərpa edəcəyik: «Ermənilər hesab edirdilər ki, bu dağıntılardan sonra Azərbaycan əhalisi bu torpaqlara qayıtmayacaq. Səhv etdilər. Onlar bilmirlər ki, Azərbaycan xalqının ürəyində-bizim xalqımızın qəlbində doğma torpaqlar əbədi yaşayır və yaşayacaq.»

Böyük Qayıdışın təməli olan Alxanlı-Şuşa avtomobil yolunun çəkilişi, bəzi ərazilərdə yaşıllaşdırma işlərinin aparılması doğma yurda bağlılığın ifadəsidir. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda göstərildiyi kimi, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən yolun və kommunikasiyaların çəkilişi ilə daha böyük uğurlar qazanılacaq, nəzərdə tutulan böyük layihələr həllini tapacaq.

 Ermənistanın havadarlarının dəstəyi ilə tikdiyi istehkamları belə gücü, qüdrəti ilə dağıdan Azərbaycan Ordusu bununla ölkəmizə qarşı daim ikili mövqedə dayanan qüvvələrin öz maraqları baxımından tərtib etdikləri xəritələrdə görmək istədikləri «Dağlıq Qarabağ respublikası» mifini də iflasa uğratdı. Azərbaycanın döyüşlərdə göstərdiyi rəşadətdən, ölkəmizin müdafiə qüdrətindən, beşinci nəsil hərbi arsenaldan istifadə imkanlarından narahat olan həmin ermənipərəst qüvvələr hələ də mənfur niyyətlərindən əl çəkmirlər. ATƏT-in Minsk qrupu həmsədrlərindən biri olsa da, ermənipərəst mövqeyi ilə neytrallıq prinsipini pozan, bütün məqamlarda ermənilərə dəstək göstərən Fransa kimi başqaları da ordumuzun uğurlarına kölgə salmaq üçün ədalətə ikili standartlardan yanaşma əməllərinə sadiqdirlər. Qərb təsisatlarının Kəlbəcərdə, Ağdamda, Füzulidə və respublikamızın işğaldan azad olunan başqa şəhər və kəndlərində erməni vandallarının törətdikləri vəhşilikləri səssizcə izləmələri ikili standartların ifadəsidir. Birinci Qarabağ müharibəsində azərbaycanlıları doğma torpaqlarından zorla çıxaran, o zaman da evləri dağıdan barbar ermənilər indi dağıdıcılıq əməllərini daha geniş və qəddarcasına davam etdirirlər. 30 ilə yaxın istismar etdikləri sərvətlərimizi talan edir, böyük dağıntılar, yanğınlar törədir, təbiətə, ekologiyaya ziyan vurur, tarixi abidələrimizi vəhşicəsinə dağıdaraq milli-mənəvi irsimizi tarixdən silirlər. O zaman separatizmə dəstək verənlər bu gün də Ermənistanın məğlubiyyətindən narahat olurlar. «İndi nə oldu bu xəritələr. İndi bu xəritələr cəhənnəmə getdi, bu xəritələr artıq yoxdur» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, döyüş bölgəsindəki qələbəmiz siyasi, diplomatik uğurlarımızı da şərtləndirdi.

Tarixdə baş verən bütün müharibələrin danışıqlar yolu ilə başa çatdığını vurğulayan Prezident İlham Əliyev Azərbaycanın erməni separatizmi üzərində qələbəsini bölgədə sülhün təminatı baxımından da əhəmiyyətli hesab edir. Lakin işğalçını dəstəkləyənlərə ünvanlanan Prezident İlham Əliyevin «Elə bil ki, bütün dünya bunlara borcludur. Müstəqil ölkəsən, müstəqil ölkə kimi yaşa, müstəqil ölkə kimi yaşaya bilmirsən, get başqa ölkənin tərkibinə gir. Endir o bayrağı dirəkdən bük, qoy cibinə, get başqa ölkənin tərkibində yaşa» sözləri kapitulyasiya aktını imzalayan Ermənistanı dəstəkləyən havadarlarına da mesajdır.

Çox təəssüf ki, hələ də yerinə yetirməyə borclu olduqları vəzifələri ilə əməlləri tərs mütənasib olan bəzi beynəlxalq təşkilatlar İkinci Qarabağ döyüşləri başlanan gündən susqunluqlarını davam etdirirlər. Azərbaycanda adi bir hadisəni, cinayət əməllərinə görə həbs olunanları «siyasi məhbus» adlandıraraq ölkəmizə qarşı təzyiqlər göstərən Avropa Şurası Ermənistanda baş verənlərə, insan hüquqlarının kampaniya xarakterli pozulmasına, istefalara, müxalifət liderlərinin həbsinə reaksiya vermir. «Bir Qərb ölkəsi buna reaksiya veribmi? Yox. Bunu qınayıbmı? Yox. Əsas müxalifət partiyalarının rəhbərləri həbs olunub. Bir nəfər də söz demir. Avropa Şurası haradasan? Azərbaycana xor gözlə baxan, bizi qaralamağa çalışan, haradasan Avropa Şurası, niyə susursan? Yaxud da ki, monitorinq komitəsi.» sözləri ilə Avropanın insan hüquqlarının qorunması ilə «məşğul olan» təşkilatlarını haqqa-ədalətə çağıran Prezident İlham Əliyev bu təşkilatların ikili standartlara sadiqliyini beynəlxalq qanunlara etimadsızlıq adlandırır.

Eyni iradlarını Azərbaycana qarşı əsassız, yalan informasiyalar əsasında bəyanatlar qəbul etməklə bildirən Avropa Parlamentinin rəhbərliyinə çatdıran dövlət başçımızın vurğuladığı kimi, Azərbaycanın Qarabağdakı əks-hücumu yeni reallıq yaratdı. İkili standartlara son qoydu. Ermənistanda məğlub olmuş diktator, müxalifətin təmsilçilərini öldürən baş nazir Nikol Paşinyanın əməllərini ört-basdır edən beynəlxalq təşkilatlar heç olmasa bu məqamda, erməniləri Azərbaycanda törətdikləri dağıntılara görə qınamalıdır.

«Nə üçün səs qaldırmırsınız? Niyə? Müntəzəm olaraq bizə qarşı çirkin kampaniya aparan qeyri-hökumət təşkilatları, niyə susursunuz? Niyə söz demirsiniz? Yaxşı, ballistik raketlə bizi vurdu susdunuz, kasetli bombalarla, fosforlu bombalarla bizi vurdu susdunuz» sözləri ilə Qərbi terrordan da təhlükəli nəticələr törədən ikili standartlardan əl çəkməyə çağıran Prezident, Ali Baş Komandan İlham Əliyev dünya siyasətini «tarazlayan» «kim güclüdür o da haqlıdır» prinsipinə yenilik gətirdi. İkinci Qarabağ döyüşlərində Qələbə qazanan Azərbaycan bu gücə malik olduğunu, lazım olduğu məqamda öz haqqını müdafiə etmək bacarığını bütün dünyaya nümayiş etdirdi. Hərbi sahədə olduğu kimi, beynəlxalq münasibətlərdə, siyasi müstəvidə də qalib olduğunu bəyan etdi.

Qərb təsisatlarının müsəlman ölkələrinə qarşı belə susqunluğu təsadüfi və təəccüblü deyil. Şərq ölkələrindəki mövcud olan zülmdən, terrorlardan canını qurtararaq Avropada sığınacaq tapan mühacirlərə qarşı qeyri-etik münasibət son illərdə baş verən insan hüquqlarının pozulmasını əks etdirən günümüzün reallıqlarındandır. Mühacirlər üçün ayrılmış düşərgələrdə yaradılan natəmizlik, onların üzərinə köpəklərin saldırılması, atların dırnaqları altında əzilməsi, gücə sahib olanların məzlumlar üzərində hökmranlığı «insan hüquqlarının qorunmasına» qeyri-insani məsuliyyətləridir. Ermənistanın torpaqlarımızı işğalı nəticəsində evlərindən didərgin, qaçqın düşmüş insanlarla bir dəfə də olsun maraqlanmayan Avropa Şurası, Avropa Parlamenti bugünlərdə dağıdılan Azərbaycan kəndlərinin, şəhərlərinin taleyi ilə maraqlanmır. Əksinə, Azərbaycanın tarixi qələbəsindən, Ermənistanın məğlubiyyətindən narahat olurlar. Amma narahatlığa əsas yoxdur. Tarix yazan Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyevin «Qarabağ bizimdir. Qarabağ Azərbaycandır!» sözləri hələ də ikili standartların kölgəsində gizlənənlərin vicdanlarını dilə gətirəcək, onlara həqiqətin kimin tərəfində olduğunu bildirəcək.

Xuraman İsmayılqızı, «İki sahil»