19 aprel 2019 10:43
900

Teatrların inkişafında mühüm mərhələ - RƏYLƏR

Prezident İlham Əliyev aprelin 17-də “Azərbaycan teatrlarının inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan teatr ənənələrinin qorunub saxlanılması və dövrün tələblərinə uyğun inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi üçün 12 teatrın hər birinə 100 min manat vəsait ayrılıb. Bu bir daha  sübut edir ki, dövlətimizin mədəniyyət sahəsinə diqqət və qayğısı davamlıdır. Sərəncamla bağlı “İki sahil” qəzetinə açıqlamalarında mədəniyyət və incəsənət xadimləri də bu məqamı xüsusi vurğuladılar.

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev:

- Prezident İlham Əliyevin “Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında”, “Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsi haqqında”, “Azərbaycan Respublikasında teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” sərəncamları mədəniyyət və incəsənət xadimləri tərəfindən rəğbətlə qarşılanıb. Şübhəsiz, dövlət başçısının aprelin 17-də imzaladığı “Azərbaycan teatrlarının inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi haqqında” Sərəncam bu istiqamətdə atılan addımların məntiqi davamıdır. Bu Sərəncam rəhbərlik etdiyim teatra  yeni zirvələr fəth etməkdə yardımçı olacaq. Yeri gəlmişkən, qeyd edim ki, bir müddət öncə Prezident İlham Əliyev “Bakı şəhərinin Binəqədi rayonunda İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasının əsaslı təmiri və yenidən qurulması işləri haqqında” Sərəncam da imzalayıb. Hazırda bu sənəd əsasında teatrımızın binasına yeni həyat verilir. Bu Sərəncamla isə teatrımıza 100 min manat vəsait ayrılıb.

Teatrımız da Prezidentin bu diqqətinə çox həssaslıqla yanaşır. Məsələn, bu günlərdə Türkiyənin Anadolu Aydınlar Ocağının medalı ilə təltif olunmuşam. Mən bu mükafatı vətənpərvərlik mövzusunda əsərlər səhnələşdirən, həmçinin saxta “erməni məsələsi”ndən qaynaqlanan mövzuları tamaşalar əsasında dünya ictimaiyyətinə çatdıran teatrımıza verilən yüksək dəyər kimi qiymətləndirirəm.

Azərbaycan Dövlət “Yuğ” Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İslam Həsənov:

-Prezident İlham Əliyevin “Azərbaycan teatrlarının inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi haqqında” 2019-cu il 17 aprel tarixli Sərəncamı kollektivimizdə sevinclə qarşılanıb. Bu sevincimizin üzərinə yeni sevinc əlavə edən isə Azərbaycan Dövlət “Yuğ” Teatrının da dövlət başçımızın diqqətindən kənarda qalmaması olub. Şübhəsiz, bu Sərəncam teatrımızın bir çox problemlərinin həllinə yardımçı olacaq.

İnanıram ki, heç bir teatra bənzəməyən, 2016-cı ildən etibarən Dövlət Kukla Teatrının binasında fəaliyyətini davam etdirən 30 yaşlı “Yuğ” Dövlət Teatrının yaradıcı inkişafı baxımından zəruri olan daha bir addım da atılacaq. Yəni teatrımızın yeni binası da inşa olunacaq.

Qusar Dövlət Ləzgi Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Faiq Qardaşov:

- Bu gün teatrlarımız yeni inkişaf yoluna qədəm qoyub. Bu prosesdə Prezident İlham Əliyevin xidmətləri misilsizdir. Belə ki, dövlət başçımızın təşəbbüsü ilə ölkəmizdə teatr sənətinin inkişafı ilə bağlı bir sıra mühüm addımlar atılıb.

Prezidentin növbəti Sərəncamı bir daha göstərdi ki, bölgələrdə fəaliyyət göstərən teatr ocaqlarımız da həmişə diqqət mərkəzindədir. Həmin Sərəncamla 9 bölgə teatrının hər birinə 100 min manat vəsait ayrılıb. Onlardan biri də bizim teatrımızdır. Bütün bunlar  dövlətimizin bölgə teatrlarının inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunələridir. Teatr sənətinə göstərilən bu diqqət və qayğı isə bölgə teatrı kimi Qusar Dövlət Ləzgi Dram Teatrının gələcəyə daha nikbin baxmasına zəmin yaradır.

Qvami Məhəbbətoğlu, “İki sahil”