KÖŞƏ

Elçin Zaman

Ucuzdan ucuz Paşinyan

01 oktyabr 2020 17:28
2616

Prezident İlham Əliyev tutarlı faktlarla həm erməni lobbisinin, həm də Ermənistan rəhbərliyinin siyasi nüfuzunu bir qəpiklik etdi

Bu gün çox qürurverici haldır ki, Qarabağda gedən ağır döyüşlərdə qələbələr qazandığımız kimi, informasiya cəbhəsində də erməniləri susdura bilirik. Xüsusilə Prezident İlham Əliyev beynəlxalq tribunalardan səsləndirilən  çıxışlarında, televiziyalara verdiyi müsahibələrində ermənilərin dezinformasiyalarını tutarla faktlarla darmadağın edib. Elə ölkəmizin başçısı sentyabrın 29-da «Rossiya-1» telekanalında yayımlanan «60 dəqiqə» proqramına verdiyi müsahibə də  Ermənistanın avantürist baş naziri Nikol Paşinyanın yalanlarını və onun siyasi riyakarlığını bir daha beynəlxalq auditoriyada  ifşa etdi.

Xüsusilə erməni lobbisinin təsiri altında olan bu telekanal sentyabrın 27-dən yəni, Qarabağda döyüşlər başlayan andan anti-Azərbaycan mövqeyi sərgiləyirdi. Kanalın qondarma ekspertləri yalançı iddialar irəli sürürdülər. Guya Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatlara Türkiyənin hərbi və canlı qüvvə baxımdan dəstək verdiyini, Azərbaycanın döyüşlərdə Türkiyənin Suriyadan göndərdiyi muzdlulardan istifadə etdiyini bəyan edirdilər.

Verilişdə 12 dəqiqə ərzində erməni yalanlarından bəhrələnməklə verilən suallara Prezident İlham Əliyev analitik düşüncə və  sərrast cavabları ilə erməni təbliğat maşınını əzdi. Cənab İlham Əliyev Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğal olunduğunu, atəşkəs müqaviləsi imzalanandan ötən müddətdə Azərbaycanın münaqişənin sülh və danışıqlar yolu ilə həllinə sadiq qaldığını vurğuladı. Dövlət başçısı Ermənistanın indiki müharibənin başlanmasına 2 il əvvəldən – Nikol Paşinyan hakimiyyətə gələn gündən getməyə başladığını qeyd etdi. Hansı ki, bu iki il ərzində səriştəsiz, yalançı, hay-küyçü Paşinyan danışıqlar prosesini çıxılmaz nöqtəyə gətirmək üçün əlindən gələni edib.

Ölkəmizin başçısı hərbi əməliyyatların başlanmasında Paşinyan hakimiyyətinin oynadığı aparıcı rolu konkret faktlarla diqqətə çatdırdı. Vurğulaydı ki, Ermənistan ATƏT-in Minsk Qrupunun həmsədrliyi ilə aparılan sülh danışıqlarında 20 ildir mövcud olan formatı dəyişmək, Dağlıq Qarabağdakı qondarma rejimi tərəf kimi prosesə qatmağa cəhd göstərib, halbuki reallıqda Azərbaycanla münaqişə aparan məhz Ermənistanın özüdür. Daha sonra qondarma rejimin başçısının «andiçmə» mərasimi Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində təşkil olunub, ardınca həmin qondarma qurumun «parlamenti»nin Şuşaya köçürülməsi kimi Azərbaycanın qəbul etməyəcəyi addımlar atılıb. Paşinyan açıq şəkildə  «Qarabağ Ermənistandır nöqtə» deməklə danışıqlar prosesinə ən böyük zərbəni vurub. İyul ayında isə Tovuz rayonu istiqamətində Azərbaycanla dövlət sərhədini pozan erməni ordusu 1 nəfər mülki vətəndaşımızın və hərbçilərimizin ölümünə səbəb olub. Ardınca avqust ayında Azərbaycan ərazisinə təxribatçı qrup göndərilib, onun rəhbəri Milli Ordumuz tərəfindən ələ keçirilib. Onun verdiyi ifadələr Ermənistanın Azərbaycanın başqa ərazilərini də ələ keçirmək planı hazırladığını ortaya qoyub. Sentyabrın 27-də isə Ermənistan beynəlxalq konvensiyaları pozaraq Azərbaycanın dinc əhalisini atəşə tutmağa başlayıb. Ermənilərin sentyabrın 27-də səhər başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri, döyüş mövqeləri şiddətli artilleriya atəşinə məruz qalıb. Azərbaycan təcavüzkara adekvat cavab verməyə və beləliklə, öz xalqımızı və torpağımızı müdafiə etməyə məcbur olub. Dövlətimizin başçısı bu ədalətsizliyə göz yuman beynəlxalq təşkilatları da kəskin tənqid edib. Ermənistanın müharibəyə başladığını, əsas hədəfin dinc əhali olduğunu, beynəlxalq humanizm prinsiplərini və beynəlxalq hüquq normalarını kobud şəkildə pozduğunu faktlarla ortaya qoydu.

Ermənistanın baş nazirinin, guya cəbhə bölgəsində türk əsgərlərinin və Türkiyəyə məxsus hərbi texnikanın olması, onların Ermənistan ordusuna qarşı vuruşmaları barədə uydurduqları yalanlar dövlətimizin başçısı tərəfindən ifşa olundu. Ölkəmizin başçısı bu məsələ ilə əlaqədar aparıcının sualını cavablandırarkən dedi ki, Türkiyə bizə mənəvi dəstək göstərir və biz Türkiyə rəhbərliyinə, Türkiyə Prezidentinə və türk xalqına bizimlə həmrəy olduğuna və bizi dəstəklədiklərinə görə təşəkkür edirik. Guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır, indiki dildə desək bu, feyk-nyusdur. İzləyicilərdə  Nikol Paşinyanın siyasi riyakar, böhtançı, yalançı olduğuna bir daha əminlik yarandı. Ümumiyyətlə, Paşinyanın ölkəyə rəhbərliyi dövründə bütün beynəlxalq tədbirlərdə yalan danışdığı, siyasi riyakarlığı artıq dünya ictimaiyyətinə də bəllidir. Budəfəki verilişdə də onun suallara dili dolaşa-dolaşa cavab verməsi, sözləri düzgün tələffüz edə bilməməsi, suallar qarşısında aciz qalması yalançı və riyakar olmasından irəli gəlirdi. Bir sözlə, Paşinyan Azərbaycan Prezidentinin qarşısında yenə də aciz duruma düşdü.

Qeyd edək ki, veriliş efirə getməzdən 1-2 saat əvvəl Ermənistan Müdafiə Nazirliyi Türkiyəyə məxsus «F-16» qırıcısının Gəncədən qalxmaqla Ermənistan ərazisində onlara məxsus hərbi təyyarəni vurmasına dair böhtanı tirajlamışdı. Aparıcıların Türkiyə vasitəsilə Suriyadan gətirildiyi iddia olunan döyüşçülər, həmçinin təyyarə hadisəsi ilə bağlı sualını cavablandıran Prezident İlham Əliyev bu kimi məlumatların ermənilərin yalan çı təbliğat maşınının məhsulu olduğunu vurğuladı: «Əvvəla, öz ərazi bütövlüyünün bərpası vəzifəsini hazırda şərəflə yerinə yetirən Azərbaycan Ordusunun döyüş qabiliyyətini süni şəkildə azaltmaq, həmçinin belə təsəvvür yaratmaq ki, münaqişə genişlənir, ona üçüncü ölkələr qoşulur və beləliklə, öz təxribatına haqq qazandırmaq üçün mümkün qədər çox ölkə cəlb etməyə çalışmaq. Buna görə sizə məsuliyyətlə bəyan edirəm ki, Türkiyə münaqişə tərəfi deyil, münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur».

Aparıcının «İndi cəbhədə Suriyadan olan muzdlular varmı» sualına Prezident İlham Əliyevin «Yoxdur. Bu, növbəti feyk-nyusdur. Suriyadan heç bir muzdlu yoxdur. Bu barədə heç bir fakt, heç bir sübut yoxdur. Bunu erməni təbliğatı ortaya atıb və müxtəlif saytlarda, müxtəlif kütləvi informasiya vasitələrində dövr edir. Buna heç bir ehtiyac da yoxdur. Azərbaycanın hazırlıqlı ordusu var, çox böyük səfərbərlik ehtiyatı var. Dünən mən qismən səfərbərlik elan etmişəm. Biz 2 milyon əhalisi olan Ermənistana qarşı 10 milyon əhalidən 10 minlərlə ehtiyatda olanları orduya çağırırıq, bizim insan ehtiyatlarına ehtiyacımız yoxdur», - deyə cavablandırdı. Bu cavab faktiki olaraq neçə gündür Rusiya kütləvi informasiya vasitələrində aparılan təbliğatın üstündən birdəfəlik xətt çəkmək idi.

Ölkəmizin başçısı, həmçinin Nikol Paşinyanın Corc Sorosun layihəsi olduğunu, məhz onun dəstəyi ilə hakimiyyətə gəldiyini, xalqa verdiyi çoxsaylı vədləri yerinə yetirə bilmədiyi üçün Ermənistanda ciddi hakimiyyət böhranının yarandığını qeyd etdi. Cənab İlham Əliyev Paşinyanın xalqın diqqətini yayındırmaq üçün cəbhədə təxribatlar törətdiyini, hərbi əməliyyatların başlanmasında maraqlı olduğunu vurğuladı: «Bütün bunlar bizə qarşı şüurlu provokasiyalar, bizi münaqişəyə cəlb etmək və cavab hərəkətlərinə təhrik etməkdir. Biz təmkin, konstruktivlik və sağlam düşüncə nümayiş etdirdik, lakin onların niyyətləri baş tutmayanda bu cür cəhd göstərdilər. Üstəlik, daha bir səbəb Ermənistanda mövcud olan daxili siyasi böhrandır. Axı, bu gün Ermənistanda Soros rejimi mövcuddur. Belarusda baş tutmayan çevriliş iki il bundan əvvəl Yerevanda baş tutdu. Bu gün Paşinyanın şəxsində Ermənistanın rəhbəri Sorosun əlaltısıdır. Bu adam çoxlu vədlər verib və bu vədləri yerinə yetirə bilmir, əslində, ölkə böhran içindədir.»

Ermənistanın baş naziri isə aparıcıların suallarını cavablandırarkən nəinki ortaya heç bir konkret fakt qoya bilmədi, əksinə, Türkiyəyə yönəlik yalan və böhtanları təkrarlamaqla haqsız tərəf olduğunu bir daha isbatlamış oldu. Təsadüfi deyil ki, verilişdən sonra Rusiya mətbuatında aparılan müzakirələrdə Prezident İlham Əliyevin təcrübəli dövlət xadimi olmaqla Ermənistanın baş nazirini öz arqumentləri ilə peşəkarlıqla susdurduğu dəfələrlə vurğulanıb.

Son olaraq qeyd edək ki, Prezidentin veriliş zamanı səsləndirdiyi «Biz təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin» fikri isə işğalçı Ermənistan və onun havadarları üçün açıq xəbərdarlıqdır.