15 iyul 2020 23:09
1146

Verdiyiniz hər bir əmr bizim döyüş andımızdır

Azərbaycan Prezidenti İlham Əliyevə respublikamızın bütün guşələrindən vətəndaşlar məktublar ünvanlanır.

“İki sahil” Prezidentin saytına istinadla məktubların daha bir neçəsini təqdim edir.

 

Bərdədən Şamxal Yaqubov: “Hörmətli cənab Prezident. Siz hər zaman Azərbaycan Respublikasının milli maraqlarının təmin olunması üçün çalışırsınız. Ölkəmizin müstəqilliyinin qorunması və ərazi bütövlüyünün bərpa olunması məhz bu milli maraqların əsas qayəsidir. Sizin sayənizdə bu gün güclü orduya malik olan Azərbaycan Respublikası onun dövlət sərhədini pozmağa çalışan qüvvələrə anında elə sarsıdıcı cavab verir ki, təxribatçılar üçün onun təsiri illərlə davam edir. Ordumuz bizim qürur mənbəyimizdir.

Cənab Ali Baş Komandan, əmin ola bilərsiniz ki, biz gənclər hər an Sizin əmrinizi gözləyirik. Biz gənclər üçün Vətənə sədaqət müqəddəs hissdir. Son aldığımız nəfəsə qədər Sizin yanınızda olduğumuzu və Sizin bir göstərişiniz ilə canımızı Vətən uğrunda verəcəyimizi bir Azərbaycan gənci kimi bildirmək istəyirəm”.

Xaçmazdan Ülkər Lətifova:  “Cənab Ali Baş Komandan. Bu gün Azərbaycan gəncliyi Sizin gördüyünüz işlərlə qürur duyur. Xüsusən də, ölkəmizin təhlükəsizliyi naminə gördüyünüz işlər, ordu quruculuğuna yetirdiyiniz diqqət göz qabağındadır. Artıq düşmənlərimiz vahimə içərisindədir. Sizin "Qarabağ Azərbaycandır və nida" sözünüz onların Qarabağı tezliklə tərk edəcəklərinə və məcbur köçkünlərimizin həmin torpaqlara qayıdacaqlarına böyük bir işarədir. YAP gəncləri daim Sizin ətrafınızda sıx birləşib və Sizin əmrinizi gözləyir. Biz Sizə inanırıq, cənab Prezident”.

Füzulidən Aydın Rəşidli: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan. Son hadisələrdən sonra biz Füzuli gəncləri əldə silah Vətənimiz Azərbaycanın rahat, firavan, gözəl gələcəyi üçün döyüşmək istəyirik. Füzuli gəncliyi Sizə inanır və hər zaman Sizin yanınızdadır”.

Salyandan Kamran Dünyamalıyev: “Hörmətli cənab Prezident. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatı qəti şəkildə pisləyir, düşmən təxribatının qarşısını alan ordumuzu dəstəkləyirəm.

Əminəm ki, Sizin rəhbərliyinizlə qısa müddətdə Qarabağımızı işğaldan azad edəcəyik. Sizin iradənizə inanır, döyüşə hazır əsgəriniz kimi əmrinizi gözlədiyimi bildirirəm”.

Salyandan Amil Babayev: “Hörmətli cənab Prezident. Biz daim Sizin prinsipial, qətiyyətli siyasətinizi dəstəkləyirik. Verdiyiniz hər bir əmr bizim döyüş andımızdır. İşğalçı dövlətin törətdiyi təxribatın qarşısını alan ordumuzla fəxr edirik. Bu ordu Sizin sayənizdə qüdrətlidir. Cənab Prezident, Azərbaycan-Ermənistan sərhədində düşmən təxribatının qarşısını alan ordumuzu dəstəkləyir, keçmiş döyüşçü kimi əlimə silah alıb düşmənə qarşı döyüşməyə hazır olduğumu bildirirəm. Sizinlə fəxr edir, qürur duyuruq. Hər birimiz Sizin əsgərinizik”.