Menu
  • 22-10-2018
      • Bakı +21+24

  • 22-10-2018
    • $ 1.7
      1.9479

1   2   3   4   5   6

Yazarlar
  • Elçin Zaman
    ikisahil@mail.ru

Bizimlə dost olanlar qazanacaq, düşmənçilik edənlər isə...

05-01-2018 [ 19:13 ] [ oxunub:683 ]
A+ | A-

Bölgənin böyük dövlətləri üçün artıq Azərbaycan 1991-1992-ci illərin zəif, gücsüz ölkəsi deyil. Xüsusilə qonşu Rusiya son bir neçə ildə ölkəmizin geosiyasi əhəmiyyətini düzgün qiymətləndirməklə Qafqazın ən zəngin ölkəsi olaraq bizimlə iqtisadi və siyasi əməkdaşlığı genişləndirmək kursu seçib. Ümumilikdə regionun iri ticarət dövriyyəsinə malik Azərbaycan iqtisadi inkişafına və qüdrətinə görə də Rusiyanın iqtisadi maraqlarına cavab verir. İndi Rusiya hökuməti yaxşı anlayır ki,  onun cənub qonşuluğunda güclü Azərbaycan var.  Eyni zamanda, Rusiyanın hakim dairələri dərk edirlər ki, Azərbaycanı iqtisadi və siyasi tərəfdaş   kimi itirsələr bütövlükdə Qafqazı itirə bilərlər. Bu isə onun Yaxın Şərqdəki proseslərə təsir imkanlarını xeyli məhdudlaşdırar.

Müşahidələrimizə görə, əminliklə deyə bilərik ki, artıq geosiyasi baxımdan Ermənistan da Rusiya üçün 1993-cü illərdəki əhəmiyyəti daşımır və Rusiyanın hərbi bazası bu ölkədə onun iradəsinə uyğun olaraq istədiyi vaxta qədər qalacaq, Ermənistan özü isə çoxmilyardlıq borcları ilə ömürlük Rusiyanın ətəyindən tutub sürünəcək.

Azərbaycanın digər bir böyük qonşusu İran da Ermənistan kimi kiçik və iqtisadiyyatı dağılmış bir ölkə ilə ticarətin ona heç nə verə bilməyəcəyini dərk edərək ölkəmizlə iqtisadi-ticari əlaqələrini aktiv surətdə genişləndirir. Son illər ərzində İrandan Azərbaycana gələn turistlərin sayının 10 dəfəyə yaxın artması, Avropaya yük daşımalarında tranzit kimi İranın Azərbaycan ərazisini seçməsi ondan xəbər verir ki, Ermənistan da artıq İran üçün 1993-cü illərdəki əhəmiyyətini itirib. Azərbaycanın son 15 ildə yürütdüyü xarici siyasəti isə bütün qonşularına belə bir məlum həqiqəti anlatdı ki, Azərbaycanla dost olanlar qazanacaq, düşmənçilik edənlər isə itirəcəklər.

Bütün bunlarla bərabər, Azərbaycan dünyaya açıq bir ölkədir. Biz yaxın qonşularımızla kifayətlənməyərək  Avropa ilə də geniş iqtisadi-siyasi əlaqələrimizi yaratmışıq. Düzdür, Avropanın enerji təminatçısı olan ölkəmiz bunun siyasi qarşılığını tam ala bilmir. Belə ki, Qərb hələ də Qarabağ münaqişəsinin həlli məsələsində məsafədən siyasət yürütməkdə davam edir. Bunun da bəzi obyektiv və subyektiv səbəbləri var. Birinci halda  ötən 15 il ərzində birbaşa Rusiyanın maraq dairəsində yerləşən regiondan Gürcüstanı qoparan “qoca qitə” daha da irəli gedərək Rusiya ilə toqquşmaq istəmir.

Ermənistanın keçən hər il iqtisadi və siyasi iflasa sürüklənməsi Rusiyanı məcbur edir ki, regionda özünə daha sanballı tərəfdaş tapsın. Bu isə ilk olaraq onun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həll etməsini tələb edir. Bir daha qeyd etmək lazımdır ki, əgər Rusiya 2018-ci ildə də Dağlıq Qarabağ münaqişəsinin həllini  yubatsa, onda gələcəkdə bu problem ona bütövlükdə Qafqazın itirilməsi bahasına başa gələcək.

Bir məsələni də xüsusi vurğulamaq lazımdır ki, indi böyük dövlətlər artıq yaxşı anlayırlar ki,  Azərbaycanla onun maraqları çərçivəsində əməkdaşlıqdan başqa yol yoxdur. Həmçinin geosiyasi proseslərin Azərbaycanın xeyrinə dəyişdiyini görən ermənilər son bir neçə ildə məğlubiyyətlərinin uzaqda olmadığını anlayaraq isteriya və panika içərisində gah Rusiyanı, gah Qərbi, gah da quldur və terrorçulardan ibarət olan Sarkisyan hakimiyyətini lənətləyirlər. Hazırda Ermənistanda iqtisadi və siyasi durum xeyli gərginləşib. Yoxsulluq, Serj Sapkisyan hakimiyyətinin yaratdığı xaos və korrupsiyadan cana doyan ermənilərin ölkədən ailəlikcə qaçma halları, kriminogen durumun ağırlaşması işğalçı ölkəni idarəedilməz hala gətirib. 

Əvəzində isə Azərbaycanın dünya siyasətində artan rolu ölkəmizin problemlərinin həllində mühüm əhəmiyyət kəsb edir . Ən başlıcası isə odur ki, qısa müddət ərzində böyük iqtisadi potensial yaradan  ölkəmizin bundan sonra da həyata keçirəcəyi xarici siyasət çox həssas və çevik olmalıdır. Xüsusilə geosiyasətdə Azərbaycanın tərəf-müqabili olan dövlətlərin ölçüsü, gücü və potensialı nəzərə alındığını göz önünə gətirsək ölkəmizin üzərinə necə böyük və ağır bir məsuliyyət götürdüyünü aydın görmüş oluruq. İnanırıq ki, Prezident İlham Əliyevin balanslaşdırılmış uğurlu xarici siyasəti ölkəmizi bundan sonra da qlobal təhlükələrdən qoruyacaq və böyük güclərin hərbi və siyasi poliqonuna çevrilməsinə imkan verməyəcək. 

Elçin Zaman

DİGƏR YAZILAR