KÖŞƏ

Mənsumə Babayeva

Bələdiyyələrin fəaliyyətlərinin genişləndirilməsi prioritetdir

19 dekabr 2019 20:07
2416

Ölkəmizin ictimai-siyasi həyatında önəmli rol oynayacaq 23 dekabr bələdiyyə seçkilərinə sayılı günlər qalır.  Respublikamızda bələdiyyələrin yaranması, formalaşması və hüquqi bazası məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin  rəhbərliyi ilə işlənib hazırlanan və ümumxalq səsverməsi yolu ilə qəbul olunan  12 noyabr 1995-ci ildə  Konstitusiyasında ilk dəfə olaraq bələdiyyələrin hüquqi statusu qanun çərçivəsində müəyyənləşdirilib. Dövlətçilik tarixinə mühüm hadisə kimi daxil olan bu tarixi gündən sonra, 1999-cu ilin dekabrında ilk bələdiyyə seçkilərinin keçirilməsi ilə hakimiyyətin əks mərkəzləşməsi prosesinə start verilmişdir.

Ümummilli Liderin müəyyənləşdirdiyi  siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi  nəticəsində dövlətin idarəetmə sistemi daha da təkmilləşdirilmiş, bununla yanaşı, yerli özünüidarəetmənin səmərəliliyinin artırılması, bələdiyyələrin səlahiyyət və fəaliyyətinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər davam etdirilmişdir. Bununla da respublikamızda bələdiyyə institutu tam olaraq formalaşmış, ölkənin şəhər, qəsəbə və kəndlərində vətəndaşlarımızın rifahı naminə sosial-iqtisadi inkişafın təmin olunmasında fəal iştirak edən yerli özünüidarəetmə sistemi bərqərar edilmişdir.

2014-cü ildə keçirilən bələdiyyə seçkilərindən bu günə qədər bələdiyyələrin bölgələrin abadlaşdırılmasında, yeni iş yerlərinin yaradılmasında və insanların problemlərinin həllində əhəmiyyətli işlər gördüyünü də qeyd etmək olar. 2014-2019-cu illəri əhatə edən dövrdə ölkəmizin uğurlarına diqqət yetirək. Əhalinin gəlirləri 36 faiz artırılıb, minumum əməkhaqqı 250 manata, minimum pensiya 200 manata çatdırılıb, 1 milyondan artıq,  o cümlədən  46 000 sosial iş yerləri açılıb. Regionlarda 8 sənaye parkı və 4 sənaye məhəlləsi yaradılıb. Mühüm infrastruktur layihələri həyata keçirilib. Əhalinin qaz, enerji və su təminatı yaxşılaşdırılıb. Qazlaşdırmanın səviyyəsi 95 faizdən yuxarıdır.  49 səhiyyə müəssisəsi, 391 yeni ümumtəhsil müəssisəsi, 106 yeni məktəbəqədər təhsil müəssisəsi tikilib  istifadəyə verilib. 4 olimpiya idman kompleksi inşa edilib. Şübhəsiz, bu uğurlarda yerli özünüidarəetmə funksiyasını yerinə yetirən bələdiyyələrin də əməyi az olm ayıb.

Bələdiyyələrin 2020-2024 illərdə qarşıda duran hədəfləri xalqın sosial rifahının yaxşılaşdırılmasına yönəldilib ki, bununla da yeni iş yerlərinin artırılması istiqamətində layihələrin və təşəbbüslərin dəstəklənməsi, əhalinin aztəminatlı təbəqəsinə humanitar kömək mexanizminin təkmilləşdirilməsi, təhsil səviyyəsinin artırılması istiqamətində yerli təşəbbüslərin irəli sürülməsi, icbari tibbi sığortanın hərtərəfli tətbiqinin təşviq edilməsi, bələdiyyə tibbi xidmət təşəbbüslərinin dəstəklənməsi, yerlərdə tarixi abidələrin qorunması işinin təkmilləşdirilməsi, bələdiyyə ərazilərində bələdiyyə idman-sağlamlıq ocaqlarının yaradılması,  sağlam həyat tərzi layihələrinin həyata keçirilməsi, gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi kimi məsələləri əhatə edir. Həmçinin yerli infrastrukturun yaxşılaşması, sosial-iqtisadi inkişaf, əhalinin rahatlığının təmin edilməsi, yerli özünüidarə sisteminin və vətəndaş cəmiyyəti ilə əlaqələrin möhkəmlənməsi də bələdiyyələrin qarşısında duran əsas məsələlər sırasındadır.

Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan  Yeni Azərbaycan Partiyasının  bələdiyyələrdə təmsil olunan üzvləri onlara göstərilən etimadı yüksək qiymətləndirərək özünüidarəetmə orqanlarının  xalqla daha yaxın olmasına, sakinlərin istəklərinin nəzərə alınmasına, regionların müasirləşməsinə öz töhfələrini verməyə çalışırlar. YAP növbəti bələdiyyə seçkilərinə çox ciddi proqramla gedir. Məqsəd abadlaşdırma işinin davam etdirilməsi, yerli infrastrukturun yaxşılaşdırılması, səhiyyə və təhsil sistemlərinin müasirləşməsinə dəstək, əhalinin asudə vaxtının səmərəli təşkili, təqaüdçülərin sağlamlığının qorunması və sair  istiqamətlərdə görüləcək  işlər töhfələr verməkdir.