![]() |
Nurəddin Muğanlı |
“Oxunacaq ən böyük kitab insandır”
Böyük sufi şeyxi, övliya Hacı Bektaş Vəli
YOL: “Tanrım, yaxşılara tən gətir məni” diləyi ilə uzun bir yolçuluğa çıxan Qənirə xanım Paşayeva yoruldum demədən təkcə Odlar yurdumuzun deyil, həm də bütün türk xalqlarının pərvanəsinə dönüb, böyük ümidlərin qanadlarında dünyanı dolanır. Eramızdan əvvəl yaşamış çin filosofu Lao Szı “Min kilometr uzunluğunda olan yol sadəcə bir addımla başlayır” - demişdi. Amma müasirimiz Qənirə xanımın yozumuna görə Böyük Yol ilk öncə özünə yolçuluqdan başlayır.
AMAL: Ali məqsədinə, amalına körpü salan Yol(lar)la dünyaya Azərbaycan havası aparan Qənirə xanımı həmisə VƏTƏN sevgisi əsgər kimi müşayiət edir. Qürbətdə ən yüksək kürsülərdən Vətənimizin Qarabağ dərdini, XX əsrin ən dəhşətli bəşəri faciəsinin - Xocalı soyqırımının iztirablarını dilə gətirir. O, “dünyanı” kəşf etdikcə onun köhnəlməyən “yeni-yeni” Azərbaycan sevgisinə yaxından bələd olur. Görüb, duyur, bilir ki, öz işığını, nurunu dünyadan əsirgəməyən Azərbaycanın başına dünya da elə pərvanə kimi fırlanır.
O, harda türk görürsə, ona qürurla, ərklə ucadan “Biz Yunis İmrənin nəvələriyik” - deyir, qəlbindəki sevgi dolu fikirləri, duyğuları türkün döyüş atı kimi şahə qalxır. İçindən şölələnən türkçülük məşəli dünyanın ən soyuq güşəsində də qədim oğuz boylarından olan adamın içini qızdırır. O, haqsızlıq və ədalətsizliklərin daha da artdığı bir dünyada özümüzü qoruya bilməyin tək yolu güclü olmaqdan, birlik və bərabərlikdən keçdiyini bəyan edir... Qənirə xanım Türk dünyası gənclərini birliyə, bərabərliyə, bir-birinə daha çox sahiblənməyə və işbirliyini artırmağa çağırır. Türkçülüyün "Böyük şərə qarşı böyük xeyir" düsturunun məntiqini izah edir. Kitabları qardaş Türkiyədə, Özbəkistanda, Azərbaycanın qədim paytaxtı Təbrizdə nəşr olunub. Səsi İsraildən, Amerikadan, Qərbi Avropadan, qədim türk ellərindən, oymaqlarından gəlir. Bir də baxıb görürsən ki, o, əsgər qiyafəsində Tovuzdadı... İstər-istəməz bu xanım millət vəkilinin daxili enerjisinə mat qalırsan! Düşünürsən, onda bu qədər enerji hardandı?
SEVGİ: Deyirlər, sevgi və mərhəmət duyğusu Tanrıdan, kin və ədavət isə şeytandan qaynaqlanır. Qənirə Paşayeva tarixi dəlillərlə Türkiyənin tanınmış Show TV kanalının “Siyasət meydanı” proqramında erməni araşdırmaçı Harutyun Filyanı təkbətək “döyüşdə” susdurmuşdu. Eləcə də Azərbaycan nümayəndə heyətinin üzvü kimi AŞPA-da Zori Balayanın ermənilərin Xocalıda törətdikləri soyqırımından bəhs edən "Ruhumuzun dirçəlişi" kitabı barədə çıxışı terrorçu erməni müəllifin kürkünə möhkəm birə salmışdı...
Bir müsahibəsində Şəms Təbrizinin aşiqi olduğunu dilə gətirən Qənirə xanım etiraf edir ki, içimdə bir dərvişlik, sufilik var...
Qənirə xanımın yazır: "Sevgilərin ən alilərindən olan Vətən sevgisi hər bir şəxsə kiçik yaşlarından aşılanmalı, kimliyi, özünüdərki, dünyaya, olaylara, insanlığa baxışı bu sevginin fonunda təcəlla etməli, formalaşmalıdır." Ona görə, ruh hər şeydən yuxarıdı, eşq ağıldan üstündür, dünyaya gərək eşqin gözüylə baxasan... Eləcə də bütün dünya Yaradanın sevgisidirsə, demək, bundan böyük sevgi yoxdur... Bu gün daha çox sevgidən yazmağın vacibliyini izhar edən Qənirə xanım “Onun Sevgi məktubları” kitabında özünün də qeyd etdiyi kimi, sevginin insanı necə ucaltdığını göstərmək istəyib. “Çox istərdim ki, gənclər bu kitabı iki insanın bir-birinə olan sevgisi kimi yox, onun içərisindəki daha dərin mənaları kəşf edərək oxusunlar.”
Volter deyirdi ki: Yaxşı kitabı ilk dəfə oxuyanda bizə elə gəlir ki, yeni dost qazanmışıq. Həmin kitabı təkrar oxumaq köhnə dostu yenidən görməkdir. Millət vəkili Qənirə Paşayevanın “Dünyanın itirdiyi böyük insan” kitabı Türk dünyasının qüdrətli dövlət xadimi Mustafa Kamal Paşaya heyranlıq hissləri ilə qələmə alınıb... Qardaş Türkiyə xalqının sevgisini qazanmaq nə taleyin işidir, nə də qismətin... Bu sevgini, bu məhəbbəti Qənirə xanım öz zəhməti sayəsində, yorulmaz fəaliyyəti ilə qazanıb!
İSTƏK: Qənirə xanım “İnsan nə istəyir?..” essesində belə bir insanın obrazını yaradır. Çörəyi daşdan çıxan kasıbı göydən gələn mələk hər arzusuna çatdırır. Hətta onu kral edir. Kral özündən də güclü Günəşə dönür, amma yerlə onun arasını bulud kəsir. Mələk onu arzuladığı kimi, bu dəfə də bulud edir, bulud yağışa çevrilir, yağışlar torpağa axır, evləri, tarlaları sel basır. İnsanlar pərişan olur. Amma suların qayalara gücü ərişmir. Bu dəfə bulud qaya olmaq istəyir, mələk dərhal onu arzusuna çatdırır. Bu zaman bir adam gəlib əlindəki çəkiclə ondan parçalar qoparmağa başlayır. Adamdan zəif olduğunu düşünən qaya peşmanlıqla hayqırır:“İnsan olmaq istəyirəm!” Mələk onun dilədiyini yerinə yetirir. İnsan yenə də qayalardan daşları qoparmağa davam edir, işi ağır, qazancı az osa da həyatı sevir və xoşbəxt olur. Müəllif oxucusuna həyatın qədrini bilməyi, hər saniyənin, hər dəqiqənin, hər anın dəyərini bilərək yaşamağı və hər zaman Allaha şükr etməyi tövsiyə edir. “Şükr et! İstədiyini əldə edincə şükr etmək asandır. Sufi, diləyi həyata keçməyəndə də şükr edə biləndir.” (Ş.Təbrizi)
XEYİRXAHLIQ: Millət vəkili Qənirə Paşayeva "Səni Allaha Eşq götürür" kitabının imza günündə əldə olunan bütün gəliri imkansız bir ailənin ağır cərrahiyə əməliyyatına ehtiyacı olan 11 yaşlı xəstə qızına bağışladı. Qeyd edək ki, kitabda Qənirə xanımın müxtəlif vaxtlarda yazdığı məqalələr, üzləşdiyi, yaşadığı, şahidi olduğu, duyduğu bir sıra həyat hekayələri, esselər, bəzi şeirləri və paylaşdığı fikirləri (seçmə deyimlər) toplanıb. Kitabda müəllifin məqsədi maddi dəyərlərə marağın getdikcə artdığı bir dünyada insanları mənəviyyata, həyatın mənasını daha geniş düşünməyə, anlamağa, paylaşmağa çağırmaqdır. Ön söz yazdığı və "Regional hüquqi və iqtisadi maarifləndirmə" İctimai Birliyinin sədri Arzu Bağırovanın rəhbərliyi ilə ərsəyə gələn “Vətən, Bayraq, Millət” şeirlər antologiyası da Qənirə xanımın xeyirxahlığının bariz nümünəsidir. Gənclərimizə vətənpərvərlik ruhu aşılayan - Vətən andı, torpaq məhəbbəti, həyat-tale və başqa ictimai mövzularda yazılmış ən gözəl 100 şeirin toplandığı kitab diaspor təşkilatlarına, universitetlərə, kitabxanalara və gənclər mərkəzlərinə hədiyyə edilmişdir.
MÖCÜZƏ: Həyatımız Tanrının möcüzələri ilə zənginləşir. Qənirə xanımın “Möcüzələrə inanırsınızmı?” adlı bədii - publisistik, həm də sufiyana ovqatla qələmə aldığı gerçək həyat hekayəsi, əslində böyük romanın mövzusudur. “Dünya qəlbində sabaha ümidi bol olanlarındı… Dünya qara gələn qaranlığa şam ola bilənlərindi” deyən müəllif əlil arabasına möhtac olan Aybəniz adlı bir xanımın həyatına, iztirabları, nisgili və iç dünyasına işıq salır: “Taleyi ona bəxş etdiyi gözəlliyi, həyat sevgisini, inamı, inadı ayaqlarında saxlamışdı. Elə bil sonsuz göylərin əngin dərinliklərində uçmaq həvəsiylə dünyaya göz açan quşcuğaz qanadlarından vurulmuşdu; cəhd edirdi, çabalayırdı, bütün iradəsini, qüvvəsini toparlayırdı, ancaq heysiz qanadları hər dəfə onu yenidən məyus edirdi. Geniş qanadları uçmağa həsrət bir quş taleyini yaşayırdı balaca Aybəniz.” Övladının “yeriyən ayaqları” olmağı azru edən ana, “buxovlu ayaqlarının xəcalətini çəkən” qızcığaz, Sınıqçı Nəriman kişi, boğazından qıpqırmızı qan fışqıran at, “o yazıq atın qanını ləzzətlə yalayıb, sümüyünü gəmirən kənd itlərinin “bayram etməsi” , Aybənizin yeriyən ayaqları, gülən gözləri olmaq istəyən Bəynəzər və sairə epizodlar qəmli bir filmin epizodları kimi göz önündə canlanır.
VAXT: O, canına-iliyinə uşaqlıq çağlarından hopmuş vaxtı idarə etməyi məharətlə bacarır. Bəlkə elə ona görə də bir kitabına “Hesab vaxtı" adı verib. Vaxtilə tele –jurnalist kimi qaynar nöqtələrə getdiyi vədələrdə “Dünyanı yalnız bir əl idarə edir, o da Tanrının əlidir” deyiminə inam hissi onu dəfələrlə ölümdən qurtarmışdı. Dünayanın qan çanağı, hər tərəfi ölüm qorxulu Əfqanstanda olmuşdu, Bağdadda qaldığı oteli tərk edəndən yarım saat sonra ora bombalanmışdı, “Röyter”in jurnalisti Qənirənin gözü qabağında öldürülmüşdü. Həkim kimi işləməsə də, bu ixtisas üzrə aldığı bilik 2012-ci ildə Somalidə onun köməyinə çatmışdı.
Dörd çağırış ardbard Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilən Qənirə xanımla ən dar məqamda – qısa vaxt çərçivəsində kəlmə kəsmək Allahın ona bəxş etdiyi əsl sadəliklə tanış olmaq imkanıdı... Haqsızlıq görməkdən yorulan insanlarla həmsöhbət olmaq üçün görəsən bir millət vəkilində daha hansı insani keyfiyyətlər olmalıdır? Qənirə xanımla söhbət edən adamın daxilində sabaha inam hissi baş qaldırır.
QAPI: Qənirə Paşayevanın özbək dilində “Aç qapını” adlı kitabı çap olunub. Mən ötən il Özbəkistanda təqdimatı keçirilən o kitab haqqında yox, bu ilin martından Milli Məclisdə Mədəniyyət komitəsinin sədri missiyasını yerinə yetirən Qənirə Paşayevanın hamının üzünə açıq olan qapısından söhbət açmaq istərdim. Günlərin bir günü bu qapıya təşrif gətirən balaca rəssamla Qənirə xanımın söhbətinə qulaq müsafiri oldum. “Biləsuvarda sərgini təşkil edəndən sonra mənə zəng elə, o sərgiyə deputat həmkarlarımı da dəvət edəcəyəm, bəyəndikləri şəkillərindən alacaqlar.” Sonra mən o balaca rəssamın daxilinə dolan işığı gördüm. O işığın zərrələrindən tuta-tuta çəkdiyi rəsm əsərlərindən birini Qənirə xanıma “hədiyyə” gətirmişdi. O balaca rəssamın içində vurnuxan ilahi musiqi fırçasında “gül” açmışdı.
O gün illərlə meşin qapılar arxasında vaxt itirən, həmin qapılardan içəriyə nə özü, nə sözü keçən yaradıcı adamları göz önünə gətirdim. Sevindim ki, o balaca rəssamın üzünə açılan qapı onun istedadına qol-qanad verəcək. O gündən içimdə yorulmadan qaçan atın ayaq səslərini eşidirəm. Oğuz elinin əfşar boyundan Böyük yola çıxan atlı keçmişdən gələcəyə -Turan elinə gedirdi...
Nurəddin Muğanlı,
“İki sahil”