KÖŞƏ

Nurəddin Muğanlı

08 oktyabr 2020 18:13
5469

Zəfər sənindir, Azərbaycan əsgəri!

Xalqımız üçrəngli bayrağımızın tezliklə Şuşada ucaldılacağına əmindir

Xilaskar ordumuzun Qarabağı və ətraf rayonları erməni işğalından azad etmək uğrunda müqəddəs savaşı davam edir.  Sentyabrın 27-dən Ermənistanın hərbi təxribatına cavab olaraq zəfər  yürüşünə  başlayan  Azərbaycan əsgəri tarixi ədalətin bərpası üçün   bütün cəbhə boyu  Ermənistan silahlı qüvvələri tərəfindən otuz ilə yaxın işğal altında saxlanılan ərazilərimizi azad edir. Haqq yolunda haqq savaşı aparan əsgərlərimizin döyüş ruhu, qələbə əzmi həm cəmiyyətimizin daxilində  özünəinam hissini,  həm də Silahlı Qüvvələrimizə xalqımızın etimadını daha da artırır.

Milli Ordumuzun Suqovuşanda Azərbaycan bayrağını qaldırması, onlarla kəndi, Cəbrayıl  şəhərini  və  bir çox  strateji əhəmiyyətli  yüksəklikləri  işğaldan azad etməsi göstərdi ki, ermənilərə yerini bildirməyə ən yaxşı təsir vasitəsi gücdür. Vətən müharibəsinin önündə gedən mərd  əsgər və zabitlərimiz ermənipərəst dairələrə, həm də bütövlükdə beynəlxalq ictimaiyyətə sübut edir ki,  daşnak Andronikin, faşist  Njdenin törəmələri  torpaqlarımızda  at oynada bilməz! 

Bu gün  Azərbaycan əsgərinin qəhrəmanlıq nümunələrinin şahidi olan düşmən öz məğlubiyyətini  güya “taktiki geri çəkilmə” ilə ört-basdır etməyə çalışır. Halbuki Ermənistan silahlı  bölmələri  ilə müqayisəyəgəlməz dərəcədə  Milli Ordumuzun güclü olduğu göz önündədir. Artıq  bu faktı Rusiya və  Qərbi Avropanın  telekanallarına  ayaqüstü müsahibələrində  Qarabağın mərkəzində - Xankəndidə yaşayan sadə ermənilər də etiraf edirlər.  Hətta İrəvanda  erməni anaları  övladlarının  Azərbaycan ərazisində həlak olmasına etiraz edirlər. Ona görə  indi Ermənistan ordusunun fəlakətdən qurtulmasının yeganə yolu işğal olunmuş torpaqlarımızdan dərhal çıxmasıdır.

Çox təəssüf ki,  Ermənistanın silahlı qüvvələri geri çəkilsə də, bilərəkdən  uzaq məsafədən  mülki vətəndaşlarımızı hədəfə alır,  Azərbaycanın mülki  obyektlərini  atəşə tutur. Bu da  faşizm siyasətini dövlət səviyyəsinə qaldıran Ermənistan rəhbərliyi tərəfindən törədilən müharibə cinayətidir və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Bu günə  kimi  31  mülki vətəndaşın qətlə yetirilməsi,  150-dən çox  dinc sakinin yaralanması, yüzlərlə yaşayış evinin dağıdılması ermənilərin  insanlıq dramlarından doymayan terrorçu və antibəşəri mahiyyətindən xəbər verir.

Lakin düşmən məkrli niyyətlərindən əl çəkməsə belə Ermənistan  rəhbərliyinin  qorxu hissi aydın hiss olunur. Azərbaycanı öz haqq mübarizəsindən çəkindirmək,  ordumuzun zəfər yürüşünü durdurmaq, atəşkəs   üçün  Rusiya başda  olmaqla  Qərbi Avropanın liderlərini dəfələrə dilə tutur. Ölkəmizin rəhbəri döyüşləri dayandırmağa, Azərbaycanı  yenidən mənasız sülh danışıqlarına cəlb etməyə çalışan dövlətlərə üz tutaraq bildirib ki, qoy Paşinyan etiraf etsin ki, Qarabağ Azərbaycandır. Bundan sonra bizim şərtlərimizlə döyüşləri dayandırmaq mümkündür.

Geri oturdularaq xeyli itki verən düşmənin işğal etdiyi ərazilərdəki komanda-qərargah məntəqəsi,  silah- sursat anbarlarının, müxtəlif döyüş maşınlarının  hərbçilərimizin dəqiq  atəşi ilə darmadağın edilməsi və qənimət kimi ələ keçirilməsi  ordumuzun yüksək texniki-taktiki hazırlığını bir daha təsdiqləyir.  Müdafiə Nazirliyinin   müharibənin gedişi barədə  verdiyi məlumatlar Azərbaycan cəmiyyətində qürur hissi doğurur.  Əslində  bu gün hamımız əsgərik.  Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva "instagram" səhifəsində paylaşımda  bildirdiyi  kimi, biz baş verənləri sadəcə kənardan müşahidə edə bilmərik:  “Bizim hər birimiz Böyük Qələbə anını yaxınlaşdırmaq üçün əlimizdən gələni etməyə borcluyuq. Deməli, biz hamımız erməni yalanını ifşa etmək üçün maksimum səy göstərməyə borclu olan əsgərlərik.”  

Bəli,  bu gün əsgər paltarı geyinərək Vətənin ərazi bütövlüyünü  bərpa etmək hər bir azərbaycanlı  üçün nə qədər  şərəfli və məsuliyyətlidirsə, Azərbaycanı özünün Vətəni hesab edən hər kəsin  erməni təbliğatının feyklərini ifşa etməyə və erməni təcavüzü haqqında həqiqətləri bütün mümkün platformalarda beynəlxalq birliyə çatdırmaq da bir o qədər  önəmlidir.   Çünki  kiçikdən  -böyüyə  hamımız müqəddəs torpaqlarımızın  düşmən  işğalından tam azad  olunacağı günün həsrətindəyik. “Hər quşa öz yuvası şirin olduğu kimi, hər insana da öz Vətəni şirindir" deyən ulularımız  həmişə  qərinələr boyu  el-obanın  igidlərini ayıq- sayıq olmağa, "düşmən yatmır" deyə ehtiyatı əldən verməməyə çağırıblar.

İndi  ön cəbhələrdə əsgərlərimiz gecə-gündüz yatmadan  erməni faşizminə qarşı  mərdliklə vuruşur, igidlik göstərirlər. Hazırda döyüşlərin baş verdiyi ərazilərdə əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır.  Hər gün  düşmənin  onlarla  canlı qüvvəsi,  döyüş texnikası  məhv edilir.  10-a yaxın erməni quldurları ilə təkbaşına əlbəyaxa döyüşə girən 19 yaşlı   Cəbrayıl Dövlətzadənin qəhrəmanlığı Azərbaycanda dillər əzbəridir. Düşmənin bir generalını və iki polkovnikini təkbaşına məhv edən  Azərbaycanın bu  mərd oğlu general Polad Həşimov,  polkovnik İlqar Mirzəyev,  mayor Anar Novruzov  və onların şəhid  silahdaşlarının qisasını alıb. 4 il əvvəl  Aprel döyüşlərində  Ermənistanın 6 tankını vuran gizir Tahir Misirxanov  isə bu il  sentyabrın 27-dən başlanan Vətən müharibəsində  bu günə kimi düşmənin daha 11 tankını vurub.   Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olduğu  posta əsgərlərimizin  Azərbaycan bayrağı sancması Mübariz  başda olmaqla bütün  şəhid qəhrəmanlarımızın ruhuna gözaydınlığı oldu.

Addımını  inamla  atan  mübariz Azərbaycan əsgəri, Vətən səndən bu gün də hünər və rəşadət gözləyir, qaldır zəfər bayrağını!  Qələbə sorağın tezliklə Şuşamdan gəlsin!  Uca Tanrı səni qorusun!

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?