![]() |
Nurəddin Muğanlı |
30 ilə yaxın BMT-nin yerinə yetirə bilmədiyi qətnamələri şanlı Azərbaycan Ordusu 30 günə reallaşdırmağa qadir olduğunu bütün dünyaya sübut edir
Azərbaycan Ordusunun bölmələrinin hücumlarının təzyiqləri altında Ermənistan hərbi birləşmələri bütün cəbhəboyu ağır itkilər verir. Düşmən bölmələrində döyüş texnikası, silah və sursat, ərzaq çatışmazlığı mövcuddur. Görünür, düşmən gec-tez məğlub olacağını ta başlanğıcdan bilirmiş. Ona görə də 30 ilə yaxın əsarətdə saxladığı Qarabağ bölgəsini demək olar ki, başdan-başa xarabazara çevirib. İşğal olunmuş ərazilərimizdə həyata keçirilən kortəbii istismar nəticəsində bölgənin mədəniyyət və dini abidələrinə, təbii sərvətlərinə, ətraf mühitinə, biomüxtəlifliyinə külli miqdarda zərər dəyib, qiymətli ağac və kol növləri ilə zəngin meşələrimiz məqsədli şəkildə məhv edilib.
Çox təəssüf ki, Paşinyanın azğınlaşmış xunta rejimi məğlubiyyətlə barışmayaraq, döyüş əməliyyatlarının aparıldığı bölgədən uzaqda yerləşən Azərbaycan şəhərlərini və əhalinin sıx yaşadığı məntəqələri intensiv atəşə tutur. Bu günlərdə Ermənistanın baş naziri “Facebook” hesabında tez-tez öz xalqını təşvişə salacaq çağırışlar edir. Paşinyanın “münaqişənin diplomatik həlli yoxdur” bəyanatı, bir tərəfdən dünya liderlərinə “diplomatik həmlələr” edərək nicat umması, digər tərəfdən “əli silah tutan hər kəs cəbhəyə gəlsin” sözündən sonra azsaylı yaşlı nəslin xidmətə cəlb olunması onun ölkəni küçə psixologiyası ilə idarə etdiyinə dəlalət edir.
Sosial şəbəkədə paylaşılan xalqa və orduya əsəbi müraciətdən belə məlum olur ki, Paşinyan mənəvi atası Adolf Hitler kimi hələ də insanları ölümə aparmaq niyyətindədir. İndi rəsmi Ermənistan tərəfi bir aya yaxın davam edən savaşda Azərbaycan Ordusunun zəfər yürüşünün üstünə kölgə salmağa çalışsa da, işğalçı ölkənin bəzi hərbi ekspertləri canlı itkilərin böyük olduğunu qeyd edirlər. Paşinyanın boş yerə inadkarlıq göstərməsinin Ermənistana, eləcə də qondarma “dqr”ə heç bir faydası yoxdur! Son günlər Tavuş və Sisian rayonlarından Dağlıq Qarabağa gətirilmiş şəxsi heyət döyüşlərə girməkdən imtina edib, fərarilik edən erməni əsgərləri mövqeləri tərk edirlər.
Fəhlə işləmək üçün kişiləri uzaq Afrika ölkələrinə üz tutan Ermənistanda Azərbaycan Ordusunun qarşısına əlacsızlıqdan qadın döyüşçüləri çıxarmaq məcburiyyətində qalıblar. Cəbhədə ard-arda uğursuzluqla və canlı qüvvə itkisi ilə üzləşən Ermənistan heç bir hərbi bacarığı olmayan zərif cinsin nümayəndələrinin ölümünə səbəb olur. Ermənistan Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi A. Hovanisyanın “Facebook” səhifəsindəki paylaşımında “Onlar bizim qızlarımız, bacılarımızdır, şərəfimizdir. Biz qalib gələcəyik” deməsi pafosdan və məntiqsiz ritorikadan əlavə həm də acizliyin ifadəsidir.
Bəli, Azərbaycanın həm savaş meydanında, həm də diplomatik müstəvidə qazandığı uğurlar Ermənistanı dalana sıxışdırıb. Üstəlik Rusiya Prezidentinin "Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsinin itirilməsi vəziyyəti əbədi davam edə bilməz" fikri xilasını Rusiyada görən Paşinyan rejiminin son ümidlərini puça çıxardı.
Əlbəttə, xəyanətkar Ermənistana görə Rusiyanın Azərbaycanla, eləcə də Türkiyə ilə münasibətlərini korlaya biləcəyi ehtimalları yeni müharibənin ilk günündən məntiqsiz görünürdü. Hətta Ermənistanı daim müdafiə edən, erməni separatizmini, şovinizmini açıq şəkildə dəstəkləməkdən çəkinməyən erməni əsilli tanınmış rusiyalı kinorejissor, “Mosfilm”in direktoru Karen Şahnazarov da deyir ki, "Artıq Ermənistanı xilas etmək lazımdır." O, “Vladimir Solovyovla axşam” verilişində Ermənistan rəhbərliyinə “əgər belə gücün yoxdursa, kompromis axtar”, “Qərb Ermənistanı müdafiə etməyəcək” kimi mesajlar verib. Şahnazarov qeyd edib ki, bu gün Azərbaycan Ordusu ilə döyüşməyə Paşinyan rejiminin nə hərbi, nə də siyasi gücü var. “Artıq qəbul etmək lazımdır. Qarabağ uğrunda mübarizədə erməni rəhbərliyi Ermənistanı itirməmək barədə də düşünməlidir. Bu, kifayət qədər çətin vəziyyətdir.” Gğründüyü kimi, Ermənistan məğlubiyyətə məhkumdur. Artıq Qərb dövlətləri də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar səsləndirirlər.
Bu gün 30 ilə yaxın səbir nümayiş etdirən Azərbaycan BMT Təhlükəsizlik Şurasının, o cümlədən də beynəlxalq təşkilatların yerinə yetirə bilmədiyi məsələni özü həll edir, həmin queumların itirilmiş nüfuzunu özünə qaytarır.
Xalqımız qəhrəman ordumuzun zəfər yürüşünün möhtəşəm bir qələbə ilə başa çatacağına əmindir. Azərbaycan Qarabağda işğala son qoyandan sonra Nikol Paşinyan, Seyran Ohanyan, 1949-cu il Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozur. Buna görə Paşinyan başda olmaqla “Gəncənin bombalanması əmrini mən vermişəm” deyən Araik Arutyunyan, əlləri Xocalıda dinc əhalinin qanına bulaşan Serj Sarkisyan, Robert Koçaryan və digərləri insanlıq əleyhinə cinayətlərinə görə, ədalət məhkəməsi qarşısına çıxarılaraq layiq olduqları cəzanı alacaqlar!