KÖŞƏ

Mənsumə Babayeva

Ermənistanda qarşıdurma pik həddə...

05 mart 2021 18:24
2221

Hadisələrin bu macrədə davam etməsi işğalçı ölkədə vətəndaş müharibəsi ehtimalını artırır

Ermənistanda hakimiyyət uğrunda mübarizə davam edir. Ölkədaxili gərginlik hər ötən gün daha da artır. Belə ki, 10 noyabr Bəyanatının imzalanmasından sonra işğalçı ölkədə Nikol Paşinyanın  siyasətinə qarşı çıxan insanların sayı çoxalıb. Söz yoxdur ki, bundan öncə də Paşinyanın yürütdüyü siyasətdən narazı olan qüvvələr olub və onlar bu siyasi iqtidarı devirmək üçün müxtəlif yollara əl atıblar.

Son günlərdə ölkədəki siyasi böhranın dərinləşməsinə əsas səbəb sabiq prezident Serj Sarkisyanın arm.news televiziyasına  müsahibəsi zamanı söylədiyi fikirlərə Paşinyanın münasibəti olub. Burada Rusiya istehsalı olan silahlarla bağlı söylənən fikirlər məsələni bir qədər də qəlizləşdirib. Belə ki, Ermənistan Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini Tiqran Xaçatryan baş nazir Paşinyanın “İsgəndər” raket komplekslərinin Qarabağ müharibəsi zamanı özünü doğrultmadığına dair bəyanatını istehza ilə şərh etmişdi. Bundan qeyzlənən Nikol Paşinyan onun fikirlərini məsxərəyə qoyan Tiran Xaçatryanı vəzifəsindən uzaqlaşdırıb. Bundan sonra Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın başçılığı ilə 40-a yaxın yüksək rütbəli hərbçi baş nazirin və Nazirlər Kabinetinin istefasını tələb edən bəyanatla çıxış edib. Paşinyan bunu hərbi çevriliş cəhdi adlandırıb və dərhal Baş Qərargah rəisinin istefası ilə bağlı Sərəncam verib. Lakin Prezident Armen Sarkisyan müxalif və parlament siyasi qüvvələri və hərbi rəhbərliklə məsləhətləşdikdən sonra sənədi imzalamayıb və geri qaytarıb. Hətta bu prosesin ikinci dəfə təkrarlanması vəziyyəti bir qədər də gərginləşdirib. Bundan sonra baş nazirin öz tərəfdarlarını meydanlara çağıraraq meydanlar vasitəsilə hakimiyyətə gələn bir şəxsin eyni üsulla devrilmə cəhdinin qarşısını alıb.

Ermənistan mediasının yazdığına görə, müxalifətin parlament binasının qarşısındakı sonuncu mitinqi ilə eyni vaxtda “Hökumət saatı”nda iştirak edən baş nazirin vəziyyəti o qədər də ürəkaçan olmayıb. Məsələ burasındadır ki, parlamentin müxalifət fraksiyalarının üzvləri “Hökumət saatı”nda baş nazirdən şəxsən hər hansı bir suala cavab ala bilməyiblər. Onun əvəzinə bütün suallara baş nazirin müavini Tiqran Avinyan cavab verib. Paşinyan yalnız bitərəf deputat Arman Babacanyanın sualını cavablandırıb. Halbuki əvvəlki ənənəvi iclaslarda baş nazir deputatların suallarına cavab verməkdən çəkinmirdi.

Yeri gəlmişkən, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş rəhbəri Mikael Ambarsumyan da ölkəsində cərəyan edən gərgin siyasi proseslərə münasibətində Baş Qərargahın son günlər ortaya qoyduğu mövqeyi dəstəkləyib. Keçmiş MTX rəhbəri deyib ki, Onik Qasparyanın mövqeyini tam dəstəkləyirəm və inanıram ki, ölkəmizdə baş verən bütün bu hadisələr çox sürətlə həll olunacaq. Əks halda ciddi problemlərlə qarşılaşacağıq.

M. Ambarsumyan, həmçinin onu da qeyd edib ki, baş nazir Nikol Paşinyanın özünə dəstək mitinqi keçirməsi vəziyyəti dəyişməyəcək: “Hətta o, daha böyük bir mitinq təşkil etsə belə, 100 min insan mitinqlərə getsə də, bu, ölkəmizdə heç nəyi dəyişməyəcək. Ermənistanda qlobal problem var və bu problemin həlli yalnız erkən seçkilərdə tapıla bilər. Bu da təbii ki, istefadan sonra baş tutmalıdır. Əks halda erkən seçkilər mənasını itirəcək”.

Göründüyü kimi, məğlub ölkədə gərgin vəziyyət davam etməkdədir. Ekpertlərin fikirlərindən də aydın olur ki, hadisələrin bu məcarada davam etməsi işğalçı ölkədə vətəndaş müharibəsi ehtimalını da artırır.