KÖŞƏ

Mahir Rəsuloğlu

Qardaş gəlişi...

11 iyun 2021 23:38
1293

Dünyada bizim qədər bir-birinin sevincinə sevinən, kədərinə qüssələnən, qələbəsinə qürurlanan, şəhidinə üzülən, bayrağına təzim edən başqa iki dövlət yoxdur, olmayıb, ola da bilməz! Dünyada bizim qədər bir-birinin musiqisindən duyğulanan, şeirindən şairləşən, laylasından gözləri xumarlanan, zarafatına qayğılarını unudan, gəlişinə gözləri yol çəkən başqa iki dövlət yoxdur, olmayıb, ola da bilməz! Başqa hansı ölkənin milli komandası başqa dövlətdə keçirəcəyi Avropa çempionatı oyununu “ev oyunu” hesab edər ki? Və başqa hansı azarkeş ölkəsində keçiriləcək başqa dövlətin milli komandasının oyununa özününkü qədər həyəcanlana bilər ki? Yoxdur, olmayıb və ola da bilməz! Çünki dünyada Azərbaycan və Türkiyə qədər mehriban qardaş da yoxdur! Çünki biz bir millətik! Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi “Bir millət, iki dövlət!”

Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan növbəti dəfə ölkəmizə səfərə gəlir. Brüsseldə NATO üzvü olan ölkələrin dövlət başçılarının görüşündən dərhal sonra, iyun ayının 15-də Milli Qurtuluş Gününü bayram edən Azərbaycana gələcəyini bildirən qardaş ölkə başçısının bu səfəri xüsusilə əlamətdar olacaq. Belə ki, hakim Ədalət və İnkişaf Partiyasının Böyük Millət Məclisi qrup toplantısında çıxış edən Ərdoğan səfər çərçivəsində ailəsi ilə birlikdə işğaldan azad edilmiş Füzuli, daha sonra isə Şuşa şəhərinə gedəcəyini bildirib: “Orada İlham Əliyev qardaşımla görüşüb müqavilə imzalayacağıq, bir sıra ziyarətlər gerçəkləşdirəcəyik. Bu, Türkiyə-Azərbaycan arasında əhatəli müqavilə olacaq”.

Onu da qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın Brüsseldə Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenlə görüşü nəzərdə tutulub və müharibədən sonrakı Azərbaycan-Ermənistan münasibətləri, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək Zəngəzur nəqliyyat dəhlizi də bu görüşdə müzakirə olunacaq mövzular arasındadır.

Hər imkanda Azərbaycanın haqlı mövqeyini müdafiə edən qardaş ölkə başçısının Şuşaya səfəri xüsusi əhəmiyyət daşıyır. Sonuncu dəfə ötən ilin 10 dekabrında Bakıda Azadlıq meydanında keçirilən Vətən müharibəsindəki möhtəşəm Qələbəmizə həsr olunmuş Zəfər paradında iştirak etmək üçün ölkəmizə gəlmiş Türkiyə Prezidenti bu dəfə Şuşadan növbəti dəfə Azərbaycanın  yanında olduğunu, ölkələrimizin dostluğunu, qardaşlığını, həmrəyliyini nümayiş etdirəcək. 

Rəcəb Tayyib Ərdoğan səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə iyunun 16-da Bakı Olimpiya Stadionunda baş tutacaq futbol üzrə Avropa çempionatının A qrupunun Türkiyə-Uels oyununu izləyəcək. Qeyd edək ki, Türkiyə dövlət başçısının səfər proqramına hərbçilərlə görüş də daxildir.

Şübhə yoxdur ki, belə yüksək səviyyəli qarşılıqlı səfərlər iki qardaş ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə, Türkiyənin və Azərbaycanın həm bölgədə, həm də dünyada siyasi, iqtisadi mövqelərinin güclənməsinə xidmət edir.

Dost gəlişi hər zaman bayramdır bizim üçün. Gələn dost həm də qardaşdırsa, bayramımıza bayram qatılacaq demək. Qədəmlərin mübarək, sayın Ərdoğan!

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?