KÖŞƏ

Mahir Rəsuloğlu

Tarixi dəyərlərin bərpası...

31 avqust 2021 00:14
1195

Bu, həm də tariximizin bərpasıdır!

Nə qədər “üç meymun” oynayıb lal-kar-kor olsalar da, əlahəzrət fakt ədalət naminə reallığa, həqiqətlərə şikəst yanaşanlara dərs verir, istəməsələr belə, danışmağa, eşitməyə, görməyə məcbur edir. Öz geosiyasi maraqları naminə həqiqətə tüpürənlər, haqqın deyil, haqqı tapdalayanların yanında dayananlar bir gün məlum səbəblərdən inkar etməyə çalışdıqları həmin həqiqətin həm də təsəvvür belə etməyəcəkləri qədər GÜCLÜnün əlində silaha çevrildiyini görəndə çaşırlar, qorxurlar. Çünki nə vaxtsa cəza növbəsinin cinayəti törədənlərdən sonra ona dəstək olanlara, göz yumanlara, şərait yaradanlara da çatacağını yaxşı anlayırlar. Dünyanın düzəni də, güc balansı da dəyişir, “məzlumun alınmış ahı zalımdan ahəstə-ahəstə çıxmağa başlayır.” Və bir də tarix saxtakarlığın ona yamaq edilməsinə dözməz, o, gec-tez həqiqət üzərindən yazıldığını göstərməlidir, yoxsa tarix olmaz...

Azərbaycan bu gün düzəni, güc balansı dəyişən dünyada sadəcə müşahidəçi deyil, baş verənləri kənardan izləmir. Məhz ədaləti bərpa edən regional gücə çevrilib. Bununla kifayətlənməyən ölkəmiz davamlı yürütdüyü siyasətlə daha da inkişaf etməyi, irəli getməyi, strateji müttəfiqləri ilə birlikdə dünyanın söz və güc sahiblərindən birinə çevrilməyi hədəfləyir. Kimlərinsə xoşuna gəlsə də, gəlməsə də.

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən “yenilməz erməni ordusu” mifinin cəmi 44 günə yerlə-yeksan edilməsi, 30 ilə yaxın işğalda qalan torpaqlarımızın azad olunması ilə bu vaxta qədər yalnız bizə məlum olan bəzi həqiqətlər də gün üzünə çıxdı. Göreşən kimi qəbiristanlıqlarımıza hücum çəkib on minlərlə qəbirlərimizi eşib-dağıdan ermənilər digər milli dəyərlərimizə qarşı da vandallıqla, barbarlıqla yanaşıblar – məscidlərimiz yandırılıb, təhqir edilib, tarixi abidələrimiz dağıdılıb, dəyişdirilməyə, erməniləşdirilməyə cəhd edilib. Cənab Prezidentimiz dediyi kimi, sanki o yerlərdən vəhşi qəbilələr keçib. Və bütün bunları dünya görməzdən gəlib, işğalçıya “dur” deyən olmayıb. Erməni işğalına son qoymaqla Azərbaycan təkcə tarixi ədaləti bərpa etməyib, indi həm də tariximizi, onu özündə yaşadan abidələri bərpa etməklə məşğuldur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Füzuli və Şuşa şəhərlərinə növbəti səfərinə erməni kütləvi informasiya vasitələrinin həmişəkindən fərqli olaraq geniş yer verməməsi, qəzəb, kin püskürən “ulaşmaların” azlığı öz rəzillikləri qarşısında susmağın daha sərfəli olması ilə bağlıdır. Çünki cənab Prezidentimiz bu səfər zamanı ermənilər tərəfindən dağıdılmış və möhtəşəm Qələbəmizdən keçən qısa müddət ərzində öz əvvəlki görkəmini saxlamaq şərtilə yüksək keyfiyyətlə bərpa edilmiş bir neçə tarixi abidənin açılışını etdi. Şuşa şəhərində dahi Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin və büstünün,  musiqi mədəniyyətimizin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin yaranması və inkişafında mühüm rol oynamış Xalq artisti Bülbülün ev-muzeyinin,  görkəmli bəstəkarımız Üzeyir Hacıbəylinin heykəlinin açılışı, Natəvan bulağının bərpa edilməsi, Yuxarı Gövhər ağa məscidinin təmirinin yekunlaşmaq üzrə olması, Saatlı və Aşağı Gövhər ağa məscidlərində və digər tarixi abidələrdə təmir-bərpa işlərinin aparılması dövlətimizin başçısının timsalında xalqımızın mədəniyyətimizə, tariximizə verdiyi dəyəri göstərir. Həm də bu gün bu səfəri izləyən hər kəsə adı çəkilən tarixi abidələrin təmir-bərpasına məhz erməni vandallığı nəticəsində dağıdılması səbəbindən ehtiyac yarandığını sübut edir. Bu vandallığı, vəhşiliyi sübut edən növbəti fakt – hazırda təmir edilən dahi Üzeyir bəyin ev-muzeyindəki 1700 eksponatdan 1600-ü məhv edilib. Həyasızcasına, riyakarcasına hay-küy salmağın, məzlum görkəmində dünyaya yalan ixrac etməyin, öz uydurduqları “həqiqətlərdən” “şou düzəltməyin” ustası olan ermənilər, işğalçı ölkənin mediası indi susmağa məcbur olur...

Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev işğaldan azad edilmiş tarixi torpaqlarımıza ilk səfərində dağıdılmış hər şeyin yenidən və daha yüksək səviyyədə bərpa ediləcəyini, bu yerlərin daimi sakinləri olan qaçqınların və məcburi köçkünlərin tezliklə öz dədə-baba yurdlarına qayıdacağını, dövlət səviyyəsində bunun üçün lazım olan bütün işlərin görüləcəyini demişdi. Keçən qısa vaxtda Qarabağımızda arzular reallığa çevrilir, yuxu kimi götünsə də, artıq Füzuli Beynəlxalq Hava Limanı, Qələbəmizin simvollarından olan Zəfər yolu açılışa hazırlanır, Böyük Qayıdışın “addım səsləri eşidilir”, tarixi dəyərlərimiz və elə tariximizin özü də bərpa edilir. Artıq dünya görür, istəməsə də qəbul və etiraf etməyə məcbur olur ki, tarixi saxtalaşdırmağa, “oğurlamağa” çalışan Ermənistandan fərqli olaraq, Azərbaycan tarix yazan ölkədir!

Mahir Rəsuloğlu
Sükut!
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?