KÖŞƏ

Mahir Rəsuloğlu

Qulbeçələr... Və yaxud “Qulları”n və “beçələrin” “dindarlığı” haqqında

02 oktyabr 2021 01:15
850

Künc zərbəsi

Azərbaycan demokratik, hüquqi, dünyəvi, unitar dövlətdir və  dövlət irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Dinin dövlətdən ayrı olduğu ölkəmizdə bütün dini etiqadların qanun qarşısında bərabərliyi təmin edilir. Hüquqi bazası Konstitusiyamız ilə təsbit olunan bu dəyərlər ayrı-seçkiliyin birmənalı şəkildə rədd edilməsini, xalqın birliyini şərtləndirən mühüm amillərdir və  Azərbaycan bütün bu nüanslara görə dünyanın bir çox ölkəsinə nümunə göstərilə bilər.

Elə 30 ilə yaxın davam edən erməni işğalına son qoyulması, torpaqlarımızın azadlığı uğrunda başlanan 44 günlük Vətən müharibəsində şanlı Qələbəmizi də məhz bu birlik, bərabərliklə qazandıq. Milliyyətindən və dinindən asılı olmayaraq hamı Vətən üçün səfərbər oldu, bu gün hər biri bizim üçün müqəddəs olan şəhidlərimiz arasında ölkəmizdə yaşayan müxtəlif dinə etiqad edən müxtəlif millətlərin nümayəndələri var. Təsadüfi deyil ki, şəhidlərimizin anım günü təkcə məscidlərdə deyil, eyni zamanda, ölkənin digər dini məbədlərində – “Jen Mironosits” pravoslav kafedral kilsəsində,  Avropa Aşkenazi Yəhudi Sinaqoqunda, Müqəddəs Bakirə Məryəm katolik kilsəsində qeyd edildi. Bu məbədllərdə dini ayinlər icra olundu, dualar oxundu. Bütün bunlar bir daha ölkəmizdəki tolerantlığı və  hər bir vətəndaşımızın dövlətinə, xalqına sadiqliyini sübut edir.

...Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsinin, erməni vandalları tərəfindən tamamilə dağıdılmış torpaqlarımızda başlamış genişmiqyaslı quruculuq işlərinin hamını sevindirməyəcəyi gözlənilən olsa da, müstəqil dövlət olaraq öz ərazimizdə atdığımız legitim addımlara məhz həmişə bizə dost olduğunu bildirən qonşu İranın emosional reaksiyası təəssüf, sərhədimizin yaxınlığında ard-arda ikinci dəfədir hərbi təlimlər keçirən islam respublikasının müxtəlif ranqlı səlahiyyətliləri tərəfindən ölkəmizı qarşı səsləndirilən fikirlərlər isə ciddi suallar doğurur. Əlbəttə, hər bir ölkə öz suveren ərazisində hərbi təlimlər keçirə bilər, ancaq niyə məhz indi? Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev də Türkiyənin Anadolu Agentliyinə müsahibəsində keçirilən təlimlərə münasibət bildirərkən məhz bu məqamlara toxunub. 30 illik müstəqillik dövründə belə hadisələrin olmadığını deyən dövlətimizin başçısı təlimlərdən təəccübləndiyini bildirib: “Bunu zaman kəsiyində analiz edərkən görürük ki, bu, heç vaxt olmamışdı. Nə üçün məhz indi? Nə üçün bizim sərhədimizdə? Bu sualları mən yox, Azərbaycan cəmiyyəti verir. Bu sualı dünya azərbaycanlıları verir. Bir sual da verilir ki, nə üçün işğal dövründə o bölgədə təlim keçirilmirdi? Ermənilər Cəbrayılda, Zəngilanda, Füzulidə oturduğu dövrdə nə üçün təlimlər keçirilmirdi? Nə üçün biz bu torpaqları azad edəndən sonra, 30 illik əsarətə və işğala son qoyandan sonra bu keçirilir?”

Kifayət qədər ciddi suallardır. Hələ başqaları da var - nə torpaqlarımız ermənilər tərəfindən işğal ediləndə və şəhərlərimizin, kəndlərimizin daşı-daş üstündə qalmayanda, bir milyona yaxın insanımız öz doğma ev-eşiyindən didərgin salınanda, dinc insanlarımız öldürüləndə, Xocalıda qəddarlıqla soyqırımı aktı törədiləndə, məscidlərimiz dağıdılaraq təhqir olunanda, “Allahın evi”ndə donuz saxlanılanda, nə də ərazi bütövlüyümüz uğrunda Vətən müharibəsi zamanı “dost” dediyi qonşusuna, dindaşına haqq işində kömək etməyən, narahat olmayan İran indi nədən narahatdır? Axı o, dinimizin tələbinə görə öz dindaşının, üstəlik torpaqları işğala məruz qalmış, bu savaşda haqlı olan dindaşının yanında olmalıydı? Niyə Azərbaycan aldığı ağır məğlubiyyətdən sonra da bizə qarşı düşmənçilik, islamofobiya siyasəti yürüdən Ermənistana, oradan da qanunsuz şəkildə sərhədimizi keçərək ərazimizə daxil olan, ermənilərə yardım daşıyan İrana məxsus yük maşınlarına qarşı tədbir görmək məcburiyyərində qalmalıdır ki? Və nəhayət, müharibə zamanı da, azad edilmiş torpaqlarda quruculuq işlərində də Azərbaycana kömək edən dost İsraili “sionist”, “uşaq qatili” adlandırıb bu əməkdaşlığı özlərinə təhlükə sayanlar ermənilərin Xocalıda insanlıq faciəsi törətdiyi, uşaqlarımızı, ana-bacılarımızı süngülərə keçirdiyi zaman hardaydılar, niyə susurdular və hələ də susurlar? Bəlkə İran Xocalı faciəsini tanıyaraq Emənistana qarşı hansısa addım atıb bizim xəbərimiz yoxdur?

Ali Baş Komandanımız müharibənin gedişində də Ermənistana kömək edən dövlətlərə xəbərdarlıq edirdi, onlardan müharibə qurtardıqdan sonra qarşımıza hansı üzlə çıxacaqlarını soruşurdu. Azərbaycan haqq savaşında yanında olanları da, düşməninə yardım edənləri də yaxşı tanıyır və kimsə hesab sormalıdırsa, o bizik!

Son günlər İranın ali dini liderinin Ərdəbil şəhəri üzrə nümayəndəsinin ardınca bir neçə müxtəlif vəzifəli şəxslərinin də eyni məzmunlu sərsəm çıxışlarına onların Azərbaycanda olan qulbeçələri də “bannamaqla” qoşulmağa başlayıblar. Dəqiq bilinsin ki, Vətən müharibəsinin başlanmasının ildönümündə bütün xalq şəhidlərimizin müqəddəs xatirəsini andığı bir vaxtda həssas məqamdan istifadə edərək heç xəritədə yerini belə bilmədiyi dövlət haqqında şər, böhtan yağdırıb ara qarışdırmağa, təxribatla məşğul olmağa çalışan bu qulbeçələrin – “qulların” və “beçələrin” hamısının yolu aidiyyəti orqanlardan keçəcək, necə ki keçir. Dövlət Təhlükəsizlik Xidmətinin bu kimi hallara qarşı atdığı müvafiq addımlar barəsində məlumatı həmin qulbeçələrin hamısı üçün dərs olmalıdır: "Vətən müharibəsi şəhidlərinin anım mərasimlərindən məqsədyönlü şəkildə, radikal dini-ideoloji ayrı-seçkilik təbliğatı niyyəti ilə istifadə etməklə müxtəlif dövlətlərə qarşı dini, irqi zəmində düşmənçilik çağırışları edib tədbirlərin keçirildiyi yerlərdən videoçəkilişlər apararaq yayanlar, cəmiyyətin və dövlətin mənafelərinə ziyan vuran hərəkətlərə yol verənlər barəsində tədbirlər görülüb".

Humanizm, dünyəvilik, demokratiya dəyərləri əsasında yazılmış əsas qanunumuz olan Konstitusiyamızda, eyni zamanda, qeyd olunur ki, insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır. İslam dinindən öz rəzil maraqları üçün istifadə etməyə çalışan hər kəsi, “ağasını” da, “qulunu” da əməllərinə görə cavabdehlik gözləyir – istər əlahəzrət qanun, istərsə də uca Allah qarşısında!

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?