KÖŞƏ

Mahir Rəsuloğlu

“Yumşalan” Ermənistan

20 oktyabr 2021 22:14
1166

Beş aylıq fasilədən sonra Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayev, Aleksey Overçuk və Mqer Qriqoryanın iştirakı ilə üçtərəfli İşçi Qrupunun növbəti iclası keçirilib.

İclasda Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpası perspektivləri nəzərdən keçirilib və bu istiqamətdə görülən işlərin gedişatı müzakirə edilib. Tərəflər 8-ci görüşün ikinci hissəsinin yaxın gələcəkdə keçirilməsi barədə razılığa gəliblər.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında 2021-ci il yanvarın 11-də Moskvada danışıqlardan sonra yaradılmış İşçi Qrupunun fəaliyyəti may ayından müvəqqəti dayanmışdı. Həmin vaxt Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyətin gərginləşməsi, ermənilər tərəfindən mütəmadi olaraq atəşkəsin pozulması danışıqlarda da fasilənin yaranmasına səbəb olmuşdu. Lakin son vaxtlar üçtərəfli formatda görüşlər yenidən başlayıb və İşçi Qrupunun dünən keçirilən iclası ərəfəsində Ermənistan rəhbərliyi tərəfindən regionda dayanıqlı sülhə nail olunmasına ümid verən mesajlar səsləndirildi. Öncə iki ölkənin xarici işlər nazirlərinin konstruktiv keçən görüşündən sonra Ermənistanın Baş naziri Nikol Paşinyan Minskdə MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı bildirdi ki, Rusiya və digər beynəlxalq tərəfdaşların dəstəyi ilə Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası prosesinə başlamağa hazırdır. Paşinyan kommunikasiyaların açılması məsələsində də ilk dəfə olaraq açıq şəkildə müsbət mövqe ortaya qoydu və dedi ki, nəticədə Ermənistan Azərbaycan ərazisindən Rusiya ilə dəmir yolu və avtomobil əlaqəsi, İranla dəmir yolu əlaqəsi, Azərbaycan isə Ermənistan ərazisi vasitəsilə Naxçıvanla dəmir yolu və avtomobil yolu əlaqəsi əldə etmiş olacaq. Yəni, erməni baş nazir Zəngəzur dəhlizinin açılmasına razılıq verdiyini ifadə edib. Elə Moskva görüşünə yollanarkən Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan da üçtərəfli İşçi Qrupunun iclasında müzakirə olunacaq məsələləri açıqlayaraq regiondakı bütün kommunikasiya xətlərinin açılmasının ölkəsi üçün prioritet olduğunu bildirib. M.Qriqoryan deyib ki, Ermənistan regiondakı kommunikasiyaların blokadadan çıxarılması çərçivəsində dəmir yolunun açılması ilə bağlı müəyyən fikirlərə malikdir: “Toplantıda avtomobil yollarının açılması məsələsini də müzakirə etməliyik”.

İşçi Qrupunun görüşündən əvvəl diqqət çəkən daha bir neçə məqam Ermənistanın mövqeyindəki yumşalmalarla bağlı təəssürat yaradır. Bu ölkənin Müdafiə Nazirliyi ombudsman Armen Tatoyanın sərhəddə Azərbaycanın təxribatları ilə bağlı iddiasını təkzib edərək bunu reallıqdan uzaq və şişirdilmiş adlandırıb. Tatoyan iddia edirdi ki, Azərbaycan Ordusu Arazdəyən kəndi istiqamətində mülki əhaliyə qarşı təxribat törədir, həmçinin Geqarnukla sərhəddə mühəndislik işləri aparır və şəxsi heyətin sayını artırır. Hakim “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputat Viqen Xaçatryan bildirib ki, “Ermənistanın Qarabağsız gələcəyi” yoxdur fikrini irəli sürmək təhlükəlidir, əsas məqsəd Ermənistan olmalıdır, Qarabağ yox. Bu ərazilərin Ermənistan ərazisi olması haqqında heç bir söhbət gedə bilməz.

İşçi Qrupun üçtərəfli görüşü ərəfəsində rəsmi Bakı regionda sülhün, sabitliyin bərqərar olmasında, yeni inkişaf dövrünün başlamasında maraqlı olduğunu nümayiş etdirərək növbəti humanitar addım atıb. Oktyabrın 19 -da Rusiyanın Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlılarının keçmiş komandanı Rüstəm Muradovun və hazırkı komandan Gennadi Anaşkinin olduğu təyyarə Bakıdan İrəvana yola düşüb və Azərbaycanın güc strukturları tərəfindən saxlanılan beş erməni hərbçini Ermənistana aparıb. Bununla da Azərbaycanın Ermənistana qaytardığı hərbçilərin sayı 113-ə yüksəlib. “Caliber” “Teleqram” kanalının məlumatına görə, söhbət Azərbaycan Ordusu və əhalisinə qarşı ağır cinayətlərdə əli olmayan sıravi erməni əsgərlərindən gedir: “Onlardan bəziləri 27 may 2021-ci ildə Azərbaycan ərazisinə daxil olmağa cəhd edərkən Kəlbəcərdə saxlanılan diversiya qrupunun üzvləridir. Onların belə tezliklə buraxılması, heç şübhəsiz ki, Azərbaycan tərəfinin növbəti humanist addımıdır. Hərçənd, onlara daha ağır cəza verilə bilərdi. Ümumilikdə, hadisəyə Azərbaycan və Ermənistan arasında cərəyan edən siyasi proseslərin tərkib hissəsi kimi yanaşmaq daha düzgün olardı.”

Qeyd edək ki, Ermənistana geri qaytarılan hərbçilər Mels Hambardaryan, Rafik Karapetyan, Jora Manukyan, Hovsep Manukyan və Sedrak Sogomonyan Bakı Ağır Cinayətlət Məhkəməsinin hökmü ilə 6 il həbs cəzasına məhkum edilmişdilər.