Arif Yunis oğlu Nəzərov – 70
Bu günlərdə neft sənayesində tanınmış mütəxəssis, geoloq və geofiziklər ailəsinin sevimlisi olmuş, işlərində çox məsuliyyətli, unudulmaz və əsl dost bir insanın, təəssüf ki, on ilə yaxındır ki, aramızda olmayan Arif Yunis oğlu Nəzərovun 70 yaşı tamam olur.
Arif Nəzərov 1951-ci ilin 27 oktyabrında ziyalı ailəsində anadan olmuş, 1968-ci ildə o zamanlar Azərbaycan Neft və Kimya İnstitutu adlanan (indiki Azərbaycan Neft və Sənaye Universiteti) ali təhsil ocağının Geoloji-kəşfiyyat fakültəsinə daxil olmuşdur. Tələbə yoldaşlarının xatirələrinə görə, o təhsil aldığı illərdə öz təmkini, ciddiliyi və sakit təbiəti ilə seçilərdi və daim məsuliyyətli və intizamlı tələbə kimi oxuduğu qrupun və fakültənin hörmətli tələbələrindən biri idi.
Arif müəllimin həyatı 1973-cü ildən Azərbaycanın neft və qaz sənayesi ilə bağlı olmuş, 1973-75-ci illərdə “Xəzərdənizneftqaz” Sənaye Birliyinin Geoloji-kəşfiyyat kontorunda geofizik, 1975-83-cü illərdə Sənaye Birliyində mühəndis və böyük mühəndis, 1983-86-cı illərdə “Xəzərdənizneftqazgeofizkəşfiyyat” Trestində tematik partiyanın rəisi və böyük geofizik vəzifələrində çalışmışdır. 1986-cı ildən Sənaye Birliyinə qayıdaraq Geofizika şöbəsinin rəisi, 1992-ci ildə yeni yaradılmış “Azərneft” Dövlət Konserninin texniki-istehsalat şöbəsində baş mütəxəssis vəzifəsində işləmişdir.
A.Nəzərov 1992-ci ildən 2012-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Baş ofisində Strateji planlaşdırma şöbəsində baş mütəxəssis, Mühəndisi geologiya və geofizika şöbəsinin, sonra isə Geologiya və geofizika şöbəsinin rəisi vəzifələrində çalışmışdır.
O işlədiyi vəzifələrlə yanaşı, SOCAR-ın nəzdində fəaliyyət göstərən bir sıra komissiyaların, o cümlədən Şirkətin neft və qaz ehtiyatları üzrə mərkəzi komissiyasının üzvü, müxtəlif ekspert qruplarının sədri və sədr müavini, Xəzərin statusu üzrə Dövlətlərarası komissiyanın üzvü olmuşdur. Texniki təhsili olsa da Arif müəllim beynəlxalq və Azərbaycan qanunvericiliyini gözəl bilir, dəfələrlə SOCAR-la beynəlxalq neft şirkətləri arasında hasilatın pay bölgüsü prinsipi ilə sazişlərin bağlanmasında və qərarların verilməsində mühüm rol oynayırdı.
Mən Arif müəllimlə demək olar ki, 40 ilə yaxın bir müddətdə, uzun illər birlikdə çalışmışam. Savadlı mütəxəssis və işinin ustası kimi yüksək biliyə malik olması, istənilən tapşırığa çox çevik və məsuliyyətlə yanaşaraq qərar qəbul etməsi həm yerli, həm də xarici mütəxəssislər tərəfindən yüksək qiymətləndirilərdi. O, həmişə rəhbərlik etdiyi şöbələrin əməkdaşları və geologiya-geofizika ailəsinin sevimli bir üzvü olsa da, ciddi və tələbkar xasiyyəti ilə işində məsuliyyətli olmağı bir meyar kimi daim kollektivə aşılayardı.
Biz işimizlə əlaqədar Arif müəllimlə müxtəlif tədbirlərdə, xarici neft və qaz ölkələrində, ABŞ, Böyük Britaniya, Rusiya, Yaponiya, Orta Asiya ölkələrində, Türkiyədə, Vyetnamda və başqa ölkələrdə dəfələrlə ezamiyyətlərdə olmuşuq. Arif müəllimin yol yoldaşlığı, yüksək mədəniyyəti, səmimiliyi, qarşıya qoyulmuş məsələlərə öz baxış bucağı və məntiqli yanaşması, sakit təbiətli olması heç vaxt yadımdan çıxmır. O, bir az da utancaq, kənardan baxanda bir qədər soyuqqanlı və çox danışmayan kimi görünsə də, yaxından tanıyan dostları və yoldaşları onun nə qədər həssas və qayğıkeş, əliaçıq və dosta dəstəyini heç vaxt əsirgəməyən bir insan olduğunu yaxşı xatırlayırlar. Arif müəllim yaşından asılı olmayaraq böyüklərə və özündən kiçiklərə həmişə hörmətlə yanaşardı ki, bu da onun böyük mədəniyyətindən və geniş dünyagörüşündən xəbər verərdi.
Arif Nəzərovun neft sənayesində göstərdiyi xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Tərəqqi” medalı, Azərbaycan Respublikasının “Əməkdar mühəndisi”, SOCAR-ın “Fəxri fərmanı” və müxtəlif mükafatlarla dəyərləndirilmişdir.
O, gənclik illərindən altmış yaşına qədər bütün faydalı illərini neft sənayesinin inkişafına həsr etmiş, lakin təvazökarlığından və sadəliyindən heç vaxt gördüyü böyük işlərin müqabilində nə isə gözləməz və təmənna güdməzdi. Çox təəssüf ki, qəfil və amansız ölüm onu aramızdan tez apardı. Biz Arif müəllimi böyük hörmət və ehtiramla yad edir və yetmiş illik yubileyini onsuz qeyd edirik. Onun əziz xatirəsi tanıyanların qəlbində daim yaşayacaq və biz dostları onu həmişə acı təbəssümlə və kövrək hisslərlə yad edəcəyik. Allah Arif müəllimə rəhmət, ailəsinə və övladlarına xoş günlər nəsib eləsin.
Xoşbəxt Yusifzadə,
SOCAR-ın birinci vitse-prezidenti, akademik