KÖŞƏ

Mahir Rəsuloğlu

Rusiyanın xırda pulu...

12 noyabr 2021 03:18
1091

Və ya bir daha erməni nankorluğu haqqında

Tarix zaman-zaman bəzi həqiqətləri sadəcə gizləyə bilər, ancaq ilahi ədalət mütləq nə vaxtsa var olduğunu göstərəcək. Buqələmun kimi istənilən vaxt “rəngini”,  mövqeyini, sahibini dəyişməyə qadir xisləti ilə ermənilərin ruslara üz çevirməsi kimi. Axı elə ermənilərin özləri də yaxşı bilirlər ki, Cənubi Qafqaza köçürülmələri, onlara tarixi Azərbaycan torpaqlarında dövlət qurmaq imkanı yaradılması qeydsiz-şərtsiz rusların xidmətidir. Məhz rusların sayəsində regionda qarayara xəstəliyi kimi özləri də daxil hamıya ziyan vurmaqla məşğul olan erməni toplumu və Ermənistan mövcuddur...

Xatırladaq ki, Ermənistanın yaradılmasında rus çarı I Pyotrun 1724-cü il 10 oktyabr tarixli erməni xalqına dövlət fərmanı böyük rol oynamışdır. Görkəmli tarixçi alimlər Yaqub Mahmudov və Kərim Şükürovun “Qarabağ – Real tarix, faktlar, sənədlər” kitabında qeyd olunur ki, həmin fərmana görə Rusiyanın işğal etdiyi torpaqlara ermənilərin köçürülməsi və məskən salmaları üçün yerlər ayrılmasına razılıq verilirdi. I Pyotrun bu siyasi xətti onun varisləri tərəfindən sonrakı yüz il ərzində davam etdirildi. 1804-1813-cü illər Rus-İran müharibəsində Rusiyanın qələbəsi və Azərbaycanı parçalayan “Gülüstan müqaviləsi” erməni tayfalarının köçürülməsi və birləşdirilməsini bir daha qəti şəkildə irəli sürdü. 1826-1828-ci illərdə yenə eyni dövlətlər arasındakı müharibənin gedişində ruslar tərəfindən İrəvan tutulduqdan sonra bu plan həyata keçirilməyə başladı. Erməni katalikosu Nerses Aştaraketsi köçürmə haqqında layihə hazırladı, A.S.Qriboyedov isə bu planın hazırlanması və həyata keçirilməsində böyük rol oynadı.

Ermənilərin köçürülməsini təşkil etmək üçün İrəvan və Naxçıvanda köçürmə komitələri yaradıldı. Köçkünlərə mühüm imtiyazlar verildi: onlar 6 il müddətində vergi və mükəl­ləfiyyətlərdən azad edildilər, onlara İrandan alınan təzminat hesabına vəsait verildi və s.

Müəyyən hazırlıq tədbirləri həyata keçirildikdən sonra köçürmə başladı və əsas istiqaməti Cənubi Qafqaz olan köçürülmə İran, Türkiyə və digər Şərq ölkələrindən sonrakı dövr ərzində davam etdirildi...

Rus müəllif N.İ.Şavrov 1911-ci ildə nəçr etdirdiyi əsərində yazırdı: “Hazırda Cənubi Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu diyarın yerli əhalisinə məxsus deyil və bizim tərəfimizdən köçürülmüşdür.”

Ermənilər Zaqafqaziyaya köçürülərkən onların harada yerləşdirilməsinə xüsusi diqqət verilirdi. A.Qriboyedov yazırdı: “Rus ordusunun tutduğu rayonlardan - Təbriz, Xoy, Salmas, Marağadan bütün erməniləri Naxçıvan, İrəvan və Qarabağ vilayətlərinə köçürmək lazımdır.”

Onun tövsiyəsi layiqincə yerinə yetirildi və bu gün Ermənistanın varlığı üçün ermənilər Rusiyaya minnətdar olmalıdırlar. Ancaq...

Noyabrın 9-da ermənilər İrəvanda Rusiya ilə münasibətlərin pozulması tələbi ilə çoxminlik mitinq keçiriblər. Mitinqin təşkilatçısı olan Ermənistanın Milli Demokrat Partiyası şurasının üzvü Vaqe Qasparyan Rusiyanın İrəvandakı səfirliyi qarşısında mikrofonu götürüb əzəli və əbədi hamilərinin əleyhinə döşəyib, minlərlə erməni isə onu alqışlayıb. Qasparyan deyib ki, Ermənistan hər zaman Rusiya üçün xırda pul kimi olub: “Bu gün anlayırıq ki, Rusiya-Ermənistan dostluğu haqqında əfsanə birdəfəlik gözdən düşüb. Bundan sonra bu, bizim üçün aksiomadır. Biz, erməni xalqı sizə Mixail Yuryeviç Lermontovun “Əlvida, kir-paslı, çirkli Rusiya!” sözləri ilə cavab veririk.”

Bax belə... Yaxşı cavabdır. Elə deyilmi?..