KÖŞƏ

Mahir Rəsuloğlu

Sülhməramlının məramı sülh olsun gərək!

14 yanvar 2022 23:45
1332

Künc zərbəsi

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti fəaliyyət göstərən Rusiya sülhməramlılarının bölgədəki əsas missiyası sülhü təmin etmək, atəşkəs rejiminin pozulmasının qarşısını almaq və beləliklə, şanlı Qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra sabitliyin təmin olunmasına töhfə verməkdir. Burada cox vacib bir nüans var – rus sülhməramlıların önəmli funksiyası Ermənistan ordusunun tör-töküntüsünün, yəni, erməni silahlı birləşmələrinin təxribat-terror əməllərinə qarşı tədbirlər görmək, onların torpaqlarımızdan çıxarılmasını və ya tərksilah edilməsini təmin etmək, Qarabağa gələn və oradan gedən ermənilərin, o cümlədən digər əcnəbilərin hərəkətlərini nəzarətdə saxlamaq, hər hansı qanunsuzluğun baş verməməsinə çalışmaqdır. Çünki sülməramlılar Azərbaycan Respublikasının suveren sərhədləri daxilində yerləşdirilib. Odur ki, komandanlığından, yüksək rütbəli zabitlərindən tutmuş sıravisinə qədər hər biri yaxşı bilməlidir, yəqin bilir ki, burada məhz bizim qanunlar işləməlidir. Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli Bəyanatda da bu məqamlar açıq şəkildə qeyd olunub. Kəlbəcər, Laçın rayonlarına hərbçilərimizin, həmçinin müxtəlif təyinatlı yüklərin göndərilməsini və daşınmasını müşayiət edən Rusiya sülhməramlılarının bu yöndəki fəaliyyətini qənaətbəxş hesab etmək olar və ötən bir oldən artıq dövrdə Qarabağ bölgəsində hər hansı ciddi insidentlər baş verməyib. Amma və lakin...

Zaman-zaman öz missiyalarına aid olmayan fəaliyyətləri, yerli sakinlərlə bəzən ciddi suallar doğuran “isti” münasibətləri, Laçın dəhlizi vasitəsilə Qarabağa qanunsuz səfərlərə şərait yaratmaları haqlı olaraq, Prezident İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində bildirdiyi kimi, Azərbaycan tərəfində qıcıq yaradır. Xatırladaq ki, bir müddət öncə Ermənistana gəlmiş Fransa prezidentliyinə namizəd, Parisin İl-de-Frans regionunun rəhbəri Valeri Pekres ölkəmizin qanunvericiliyini və beynəlxalq hüququn normalarını bilərəkdən kobudcasına pozaraq, Senatın deputatları Bruno Riteyro və Mişel Barnyenin müşayiəti ilə Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinin Rusiya sülhməramlılarının nəzarətində olan hissəsinə qanunsuz və gizli səfər etmişdi. Dövlətimizin başçısı müsahibə zamanı bildirdi ki, dəfələrlə belə qanunsuz səfərlər baş verdikdə rəsmi qaydada Rusiya tərəfinə irad bildirilir: “Həm müdafiə nazirimiz öz həmkarına məktublar göndərib dəfələrlə, həm sülhməramlı missiya rəhbərinə irad bildirilir və V.Pekresin son qanunsuz səfəri ilə bağlı da eyni addımlar atılmışdır.”

Azərbaycan Prezidenti onu da vurğuladı ki, müxtəlif bəhanələr gətirsələr də bu, təşkil edilmiş səfər idi, çünki Pekres istədiyi müşayiətlə gedə bilməyib, çox məhdud sayda gizli şəkildə Qarabağa gəlib və qayıdıblar: “Yəqin ehtiyatlanırdılar ki, biz Laçın dəhlizində onları dayandıracağıq. Çünki əgər xəbərimiz olsaydı ki, onlar oradadırlar, biz onları geri buraxmayacaqdıq, birmənalı şəkildə. Laçın dəhlizi bizim nəzarətimiz altındadır. Siz Şuşada olmusunuz, görmüsünüz. Biz orada istənilən maşını saxlaya bilərik və heç kim bizə heç nə deyə bilməz. Ona görə belə hallar baş verir, buna yol vermək olmaz qətiyyən və buna son qoyulmalıdır.”

Məsələyə kəskin münasibəti ilə Ali Baş Komandan, eyni zamanda, həm Rusiya sülhməramlılarının rəhbərliyinə, həm də Qarabağa qanunsuz səfər etmək istəyən və buna şərait yaradanlara ciddi xəbərdarlıq etmiş oldu. Açıq şəkildə bəyan etdi ki, giriş-çıxışda, Xankəndidə, ətraf bölgələrdə baş verən bütün hadisələrdən dəqiq xəbərimiz var, hər şey nəzarətimiz altındadır və suveren ərazilərimizə qanundankənar, “oğurluq” gəlmək istəyənlərin aqibəti necə ola bilər.  

Dövlətimizin başçısı Qarabağa gələnlərin sayı ilə gedənlərin sayındakı böyük fərqə də toxundu və sülhməramlıların gələn maşınları yoxlamadığının, gedənləri isə dayandıraraq yoxladıqlarının, onları sorğu-suala tutub çıxışda problemlər yaratmalarının da yolverilməzliyini vurğuladı və konkret rəqəmlər səsləndirərək bu baş verənlərin də nəzarət altında olduğunu buildirdi.

Adından da göründüyü kimi, sülhməramlının əsas məramı sülh olmalıdır. Sülhün, sabitliyin təmin olunması isə ilk növbədə qanunlara hörmət və əməl etməklə mümkündür. Əks halda, bunun üçün Azərbaycanın öz gücü də var, üsulları da...