KÖŞƏ

Mahir Rəsuloğlu

“Kraliça”nın gedişi...

24 yanvar 2022 23:16
1340

Prezidentin istefası Ermənistanda siyasi qarşıdurmanı daha da gücləndirəcək

Ermənistan prezidenti Armen Sarkisyanın yanvarın 23-də gözlənilmədən istefa verməsi düşmən ölkənin siyasi arenasında partlayan bomba effekti yaratdı. Səbəbi çox az insana məlum olan istefa xəbəri hazırda Ermənistan ictimaiyyətinin, mətbuatının, yerli və xarici ekspertlərin, siyasi partiya rəsmilərinin bir nömrəli müzakirə mövzusudur. Təbii ki, hamını “Nə baş verir” və “Necə olacaq” sualları düşündürür. Sarkisyan niyə qəfil istefa verdi? Hakimiyyətin “zirvəsindəki” dəyişiklik düşmən ölkədə onsuz da səngiməyən qarşıdurmalara necə təsir edə bilər?

Öncə xatırladaq ki, namizədliyi 2018-ci ildə Paşinyan inqilabı ərəfəsində ölkənin ovaxtkı rəhbəri Serj Sarqsyan tərəfindən irəli sürülən və Milli Məclisin əksər deputatlarının səs verərək 7 il müddətinə prezident seçdikləri A.Sarkisyan bu ölkənin real hakimiyyət rıçaqları olmayan ilk və hələ ki, yeganə dövlət başçısı kimi tarixə düşəcək. 2015-ci ildə ümumxalq referendumundan sonra dəyişdirilmiş Konstitusiyaya əsasən, Ermənistan parlament respublikasıdır və hazırkı prezidentin səlahiyyətləri ciddi şəkildə məhdudlaşdırılıb. Məhz bu səbəbdən Ermənistanın 4-cü prezidentini tez-tez Böyük Britaniya kraliçası Yelizaveta ilə müqayisə edirdilər. Elə cəmi bir neçə gün əvvəl Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərdə olan, bu ölkədən 200 MVt gücündə günəş enerjisi stansiyasının tikintisi üçün maliyyə ayrılması ilə bağlı razılıq əldə edildiyini müjdələyən, səfərin ardınca isə  gözlənilmədən lazımi tibbi müayinədən keçmək üçün qısamüddətli məzuniyyətə getdiyi söylənilən “kraliça” özü də sürpriz istefasına səbəb kimi səlahiyyətlərinin məhdud olmasını göstərib. Vəzifədən getməsini ölkəsindən kənarda bəyan edən Sarkisyan bildirib ki, 2018-ci il aprelin 9-da prezident olmaq təklifini qəbul edərkən ona yeni prezident institutu, xarici, iqtisadi, investisiya siyasətinə, diasporla əlaqələrə, o cümlədən milli maraqların müdafiəsinə, beynəlxalq arenaya, yeni elm və təhsil və yüksək texnologiya mühiti yaratmağa təsir alətləri veriləcəyi vəd edilib. Lakin bir müddət sonra aprel-may hadisələri baş verib. Eks-prezident həmin hadisələrdən, yəni, mayın 8-də Nikol Paşinyanın baş nazir seçilməsindən sonra vəzifəsindən getməməsini belə əsaslandırıb ki, daxili parçalanmanın daha da dərinləşməsinə, son dərəcə mənfi nəticələrə səbəb ola biləcək toqquşmalara yol verməmək üçün əlindən gələni etməyə borclu idi. Çalışıb ki, uzun illər ərzində qazandığı nüfuzdan, əlaqələrindən, beynəlxalq siyasi və iqtisadi potensialından güclü, sabit dövlət qurmaq üçün istifadə etsin.

“Sual yarana bilər ki, niyə prezident bizi indiki milli böhrana aparan siyasi hadisələrə təsir edə bilmədi?” Sarkisyanın bəyanatının ən maraqlı və ən çox müzakirə yaradan hissəsi məhz bu sualdır və erməni siyasilər, ekspertlər həyəcanla “indiki milli böhrana aparan siyasi hadisələr”in nə demək olduğunu anlamağa çalışırlar. Bu barədə bir azdan...

“Kraliça” sualının cavabını özü belə verib ki, səbəb istənilən dövlət məmuruna konstitusiyanın verdiyi səlahiyyətlərlə bağlıdır: “Bizdə paradoksal vəziyyət yaranıb – prezident dövlətçiliyin qarantı olmalıdır, amma əslində heç bir real səlahiyyəti yoxdur.”

Qeyd edək ki, A.Sarkisyanın sonuncu sərəncamı Prezident administrasiyasının rəhbəri Emil Tarasyanı vəzifəsindən azad etməsi ilə bağlı olub. Ermənistan Konstitusiyasına əsasən növbədənkənar prezident seçkilərinə qədər dövlət başçısının səlahiyyətlərini Milli Məclisin spikeri Alen Simonyan icra edəcək.

Gözlənildiyi kimi, Ermənistanda prezidentin istefası haqqında ən müxtəlif versiyalar irəli sürülür. Ermənistanın Demokrat Partiyasının rəhbəri Aram Sarkisyan eks-prezidentin Türkiyə ilə “təhlükəli müttəfiqlik”də şərik olmamaq üçün postunu tərk etmək qərarına gəldiyini bildirib və bu qərara onun baş nazirlə aralarında olan narazılıqların da təsir etdiyini söyləyib. Partiya sədri hələ 2020-ci ildə İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra prezidentin baş nazirin istefasını tələb etdiyini xatırladıb.

Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan da öz “Facebook” səhifəsində A.Sarkisyanın ölkə üçün yeni xarici təhlükənin yaxınlaşdığını anladığı üçün vəzifəsini tərk etmək qərarına gəldiyini yazıb: “O, bizə yaxınlaşan xarici təhlükədən qaçmaq qərarına gəldi. Bu hərəkəti ilə o, konstitusiya islahatlarının süni gündəliyi vasitəsilə bütün hakimiyyəti öz yumruğunda birləşdirən Nikola yol açır.”

Politoloq Stepan Danielyan isə A.Sarkisyanın gözlənilməz addımı ilə bağlı yerli mətbuata açıqlamasında bir neçə fərziyyə irəli sürüb. Onun fikrincə, ehtimallardan biri budur ki, hansısa sənəd hazırlanır və Sarkisyan prezident kimi bu sənədə imza atmaq istəməyib. Bəyanatda milli böhrandan da danışıldığını, lakin bunun artıq baş vermiş və ya gözlənilən hadisə olduğunun suallar yaratdığını deyən politoloq istefa səbəbi kimi hakim qüvvənin konstitusiyaya bəzi dəyişikliklər hazırladığını, bununla da “soyqırımı” məsələsində Türkiyəyə güzəştə gediləcəyini, hətta bəlkə də onun ailəsinə qarşı hansısa təhdidlər olması variantlarını da istisna etməyib.

Milli Məclisdə “Ermənistan” müxalifət blokunun üzvü Artur Qazinyan prezidentin postundan getməsinin geosiyasi çalarları olduğunu bildirərək, ciddi “təhlükə” ehtimalından danışıb. Deputatın fikrincə, istefadan sonrakı proseslər hakimiyyətin tamamilə dəyişməsinə gətirib çıxara bilər: “Ayıq və tədbirli olmaq lazımdır. Ermənistan dövlətçiliyinin mövcudluğu təhlükəsi var.”

A.Sarkisyanın istefası rusiyalı siyasilərin də diqqətindən kənarda qalmayıb. Politoloq Andrey Areşev prezidentin postunu tərk etmək qərarını konkret olaraq hakimiyyətdaxili ziddiyyətlərin – Sarkisyan ilə Paşinyan arasında Ermənistan dövlətçiliyinin gələcək inkişafı ilə bağlı fikirlər toqquşmasının nəticəsi kimi qiymətləndirib. Rusiya Dövlət Dumasının ermənipərəst deputatı Konstantin Zatulin də baş verənlərdə Ermənistanın baş nazirini günahlandırıb. O, bildirib ki, Paşinyanın komandası daxili siyasi vəziyyətin öhdəsindən gəlmir, yaxşı olardı ki, baş nazir müharibənin nəticələrinə görə bütün məsuliyyəti öz üzərinə götürüb istefa verəcəyini bəyan etsin.

Prezidentin müəmmalı istefası Ermənistanda onsuz da gərgin olan siyasi böhranı daha da dərinləşdirib. Səbəbi tam bəlli olmasa da ehtimallar içərisində ikisi daha məntiqli görünür: Hakimiyyəti tamamilə öz əlində cəmləşdirmək istəyən Nikol Paşinyan üçün Serjin namizədi olan prezident artıq, əl-ayağa dolaşan fiqur, üstəlik köhnə ədavətlisidir. Odur ki, səlahiyyətlərdən böyük həcmdə məhrum etdiyi Sarkisyanı hansı vasitə iləsə yaxaladığı ilk fürsətdə zərərsizləşdirib. İkincisi, ölkə konstitusiyasına dəyişikliklər və imzalanması ehtimal edilən sənədlərdir ki, bu versiya da Ermənistan baş nazirinin həm Azərbaycanla, həm də son vaxtlar Türkiyə ilə münasibətlərin bərpası istiqamətində loyal açıqlamaları prizmasından inandırıcı görünür. Hər bir halda Paşinyanın bundan sonrakı vəziyyəti də “işıqlı” görünmür və Nikol növbəti raundlara daha hazırlıqlı çıxmalıdır. Əks halda, Ermənistanda yeni xaosun yaranması qaçılmazdır...