KÖŞƏ

Mahir Rəsuloğlu

Qonaqpərvər olmayacağıq!

05 aprel 2022 01:58
1077

Künc zərbəsi

Erməni təxribatçılar Qarabağa necə gəlirlər?

Azərbaycan Silahlı Qüvvələrinin ölkəmizin suveren ərazilərinin tərkib hissəsi olan Qarabağda həyata keçirdiyi mövqe dəqiqləşdirmələri vaxtında atılmış mühüm addım və ciddi xəbərdarlıq oldu. Ordumuzun bölmələrinin Xocalı rayonunun Fərrux kəndi və ətraf yüksəkliklərdəki strateji mövqelərdə möhkəmlənməsi nəticəsində Qarabağ iqtisadi rayonunun müəyyən hissəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərdə mövcudluğunu davam etdirən qanunsuz erməni silahlı birləşmələrinin təxribat cəhdlərinin də qarşısı alındı. Bu mövqe dəqiqləşdirməsinə qədər isə ermənilər tərəfindən atəşkəs rejiminin pozulması mütəmadi xarakter daşımaqda idi. Baxmayaraq ki, həmin silahlılar 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 4-cü bəndinə əsasən sülhməramlı kontingentin yerləşməsi ilə paralel olaraq tutduqları mövqelərdən geri çəkilməli idilər.

Azərbaycanın qanunsuz erməni silahlı birləşmələrin təxribat cəhdlərinə qarşı konkret tədbirlərə başlaması və şanlı ordumuzun növbəti dəfə düşmənə layiq olduğu cavabı vermək əzmini nümayiş etdirməsi Ermənistanda çaşqınlığa, müzakirələrə, qarşılıqlı ittihamlara və qarşıdurmalara səbəb oldu. Ona görə yox ki, ermənilər ordumuzun gücünə bələd deyildilər və ya hər hansı mövqe dəyişikliyi onlar üçün gözlənilməz idi. Düşmənlərimiz Vətən müharibəsində və ondan sonrakı müddətdə bu reallığı dərk edəcək qədər dərslərini almışdılar. Səbəb isə əməliyyatın keçirildiyi Fərrux dağının bütün Qarabağın taleyini həll etməyə imkan verə biləcək qədər strateji mövqedə yerləşməsi və bu üstünlüyün terrorçuların əlindən çıxması idi. Bu həmin Fərruxdur ki, uğrunda Birinci Qarabağ müharibəsi zamanı çox qanlı döyüşlər gedib, neçə-neçə igid oğullarımız şəhidlik zirvəsinə ucalıb. Kənd və onun yüksəklikləri dəfələrlə gah öz gerçək sahibləri olan azərbaycanlıların, gah da işğalçı Ermənistan qüvvələrinin nəzarətinə keçmişdi və son nəticədə biz oranı qoruyub saxlaya bilməmişdik. Fərrux dağı Ağdam, Əsgəran, Xankəndi və Xocalının ərazilərinə vizual və praktiki nəzarət etməyə imkan verən strateji bir yüksəklikdir. Digər tərəfdən, Ağdərə ilə Qarabağı bağlayan Kəlbəcər-Ağdərə avtomobil yolunun da Fərrux kəndindəki yüksəklik vasitəsilə atəş altında nəzarətə götürülməsi mümkündür.

Məhz buna görə ermənilər hay-küy salaraq müxtəlif yalanlarla dünyanı, necə deyərlər, ayağa qaldırmağa çalışdılar. Ancaq bu dəfə ənənəvi saxta erməni “tragediyası”, ağlaşması işə yaramadı, dünya onların “timsah göz yaşları”na “qüssələnmədi”. Azərbaycan isə mövzu ilə bağlı kənar müdaxilələrin qəbuledilməz olduğunu nümayiş etdirən mövqe sərgilədi, Müdafiə Nazirliyimiz belə cəhdə layiqli cavab verdi.

Azərbaycan hakimiyyətinin məqsədli və düşünülmüş siyasi kursu nəticəsində işğalçılıq planlarının və Qarabağ arzularının puç olduğunu anlayan erməni revanşistlər “ölümdən öncəki son canlanma” mərhələsini yaşamaqdadırlar. Kimisi hakimiyyəti dəyişməyə çağırış edir, kimisi yenidən birləşib Azərbaycana qarşı döyüşməyə səsləyir. İrəvanda Birinci Qarabağ müharibəsi veteranlarını birləşdirən “Yerkrapa” təşkilatı isə erməni terrorçulardan ibarət könüllü batalyonunu üç aylıq döyüş növbətçiliyi üçün Azərbaycan ərazisinə göndərdiyini elan edib. Ermənistan mətbuatında yayılan videogörüntülərdə yaşlı ermənilərin hərbi geyimlərdə və hərbi yüklərlə xüsusi avtobuslar vasitəsilə yola salındığı nümayiş etdirilir. “Yerkrapa”nın sədri Sasun Mikayelyan vurğulayıb ki, könüllülərin vəzifəsi əsgərlərə yaxın olmaqdır: “Biz həmişə əsgərlərimizlə çiyin-çiyinə olmuşuq və bu gün də mövqelərdə onlara yaxın olmalıyıq ki, ordu tədricən ayağa qalxsın. Bu, bizim borcumuzdur. Ümidsizliyə qapılmamalıyıq.”

S.Mikayelyan əlavə edib ki, erməni cəmiyyətinin şübhə və qeyri-müəyyənliyə son qoymasının vaxtı çatıb, hamı öhdəlik götürməli və onlara əməl etməlidir.

Erməni terrorçuların revanşizm cəhdləri qədər də onların rahatlıqla suveren ərazimizə, üstəlik döyüş növbətçiliyinə yollandıqlarını açıq şəkildə bildirmələri diqqət çəkir və suallar yaradır: Hələ Birinci Qarabağ müharibəsinin eyforiyasında ilişib qalmış bu qocalar Azərbaycan ərazisinə necə daxil olacaqlar? Rusiya sülhməramlıları öz missiyalarına uyğun olaraq dövlət sərhədimizin Laçın rayonu ərazisində həmin avtobusları saxlayıb deyəcəklərmi “Siz kimsiniz hərbi geyimdə Azərbaycan ərazisinə qeyri-qanuni daxil olmaq istəyirsiniz? Olmaz!” Şox güman ki, deməyəcəklər. Hətta ola bilsin ki, sülhməramlılar özləri də “Yerkrapa” qanunsuz silahlı birləşmələrinin əsgərləri ilə “çiyin-çiyinə” dayanacaqlar.

Biz isə Rusiya sülhməramlılarından fərqli olaraq torpağımıza pis niyyətlə, qara fikirlərlə ayaq basanlara, qanunlarımızı pozanlara qarşı qonaqpərvər olmayacağıq. Onlar hər zaman qarşılarında yenilməz Azərbaycan Ordusunu, başlarının üstündə isə “dəmir yumruğu” görəcəklər. Qaldı ki əzrayılın qara siyahısında növbə gözləyən erməni qocalarına, meyilləri belə çox çəkirsə, gəlsinlər, qəhrəman əsgərlərimiz o siyahının azalmasında əzrayıla lazımi köməyi göstərəcəklər.