KÖŞƏ

Mahir Rəsuloğlu

Əziz Zabux, sən azadsan!

23 avqust 2022 00:18
1456

Ermənilərin artıq Laçını və kəndlərini tərk etdikləri bildirilir

Müqavimət göstərəcəkləri, zəbt edikləri tarixi torpaqlarımızı heç kimə verməyəcəkləri ilə bağlı təxribatçı açıqlamalarına, qorxutmaq üçün hürüb, qorxduğu üçün quyruq bulayan it kimi “hədə-qorxu” gəlmələrinə baxmayaraq verilmiş müddət başa çatmadan rədd olub getdilər. Zabux kəndi də digər uzun illər işğal altında qalmış yurd yerlərimiz kimi murdar erməni tapdağından həmişəlik azad oldu!

Qeyd edək ki, bu barədə məlumatı kənddə qanunsuz yaşayan Ermənistanın “Demokratik birlik” partiyasının sədri Suren Petrosyan öz “Facebook” səhifəsində paylaşıb. O, bildirib ki, avqustun 21-i axşam bütün “sakinlər” Zabuxu tərk ediblər. Sosial şəbəkələrin erməni seqmentində kəndə elektrik enerjisi verilişinin bir neçə gün öncədən dayandırıldığı, rabitənin kəsildiyi qeyd olunur. Həmçinin artıq Laçın şəhərinin və Sus kəndinin də tamamilə boşaldıldığı haqda xəbərlər yayılıb. Yerli “icma rəhbərləri” ermənilərin qanunsuz yaşadıqları torpaqlarımızı tərk edərkən ölmüş yaxınlarının qəbirlərini sökərək qalıqlarını da özləri ilə apardıqlarını bildiriblər.

Ermənistan mətbuatının yazdığına görə, ən qısa vaxtda Azərbaycanın nəzarətinə keçəcək Laçın şəhəri, həmçinin rayonun Zabux və Sus kəndlərindən ermənilərə məxsusluğu iddia edilən monumental sənət abidələri də evakuasiya edilib, yalnız Zabuxun mərkəzi yol ayrıcının stelası qalıb. Qarabağ iqtisadi rayonu ərazisindəki separatçı rejimin qondarma “Təhsil, elm, mədəniyyət və idman nazirinin müavini” Lernik Hovhannisyan bildirib ki, bazar ertəsi, yəni avqustun 22-də təxliyyə başa çatdırılacaq və daha sonra onların harada yerləşdiriləcəyi məlum olacaq: “Biz hər şeyi Erməni Apostol Kilsəsinin “Artsax” (Qarabağ) yeparxiyası və digər maraqlı tərəflərlə müzakirə edəcəyik, bundan sonra bu abidələrin və xaçkarların harada yerləşəcəyi ilə bağlı qərar verəcəyik.”

Məlum olduğu kimi, Laçın dəhlizinə alternativ yolun çəkilişinin yekunlaşmasından sonra ermənilərə Laçın şəhərinin və bu rayonun kəndlərinin boşaldılması üçün avqust ayının 25-ə kimi vaxt verilib. Alternativ yolun çəkilişi ilə bağlı razılaşmaya gəlincə, bu, 2020-ci il noyabr ayının 9-da Azərbaycan və Rusiya prezidentləri, həmçinin Ermənistanın baş naziri tərəfindən imzalanmış Bəyanatın 6-cı bəndində nəzərdə tutulub. Orada qeyd edilir ki, Ermənistan 2020-ci il dekabrın 1-dək Laçın rayonunu qaytarır. Üç il ərzində isə Laçın dəhlizi boyunca Xankəndi ilə Ermənistan arasında əlaqəni təmin edən yeni nəqliyyat marşrutunun inşası həyata keçirilir. Bəyanatın 6-cı bəndinin icrası ilə bağlı lazımi addımlar Azərbaycan hakimiyyəti tərəfindən Vətən müharibəsi bitdikdən az sonra atıldı və lazımi işlərə start verildi. Qısa müddətdə yolun planı hazırlandı, çəkilişlərinə başlanıldı və nəhayət təxminən bir ilin tamamında yol istismara hazır vəziyyətə gətirildi. Bununla da Laçın şəhərinin və rayonun ermənilər yaşayan kəndlərinin boşaldılması və Azərbaycanın nəzarətinə keçməsi üçün heç bir maneə qalmadı, bu prosesin tezliklə reallaşacağı həqiqəti ilə ermənilər də barışmalı olurlar.

Ancaq gözlənildiyi kimi hamısı deyil. Ermənistanda hadisələrin gedişini qəbul etmək istəməyən, yaxud baş verənlərdən hakimiyyət əleyhinə yararlanmağa çalışan revanşistlər və onların tərəfdarları son məqama qədər pozuculuq fəaliyyəti göstərməkdə davam edirlər. Avqustun 22-də İrəvanın Respublika meydanında keçirilən növbəti aksiya da üçtərəfli Bəyanatın icrasına etiraz xarakteri daşıyıb. Əllərində “Berdzor (Laçın) və Ağavno (Zabux) dövlətçiliyimizin son başlanğıcıdır”, “Erməni xalqının ləyaqəti harada gizlənir?”, “Milli birlik, milli ordu” yazılmış plakatlar tutan aksiya iştirakçıları hakimiyyəti satqınçılıqda günahlandırıblar.

Lakin bütün etirazlara baxmayaraq Azərbaycanın gücü, əzmi, qətiyyəti sayəsində Bəyanatın müddəaları planlaşdırıldığı kimi, mərhələli şəkildə icra edilir. Məhz bu qarşısıalınmaz güc qarşısında duruş gətirə bilməyən ermənilər Laçınımızı, Zabux və Susu tərk etməyə məcbur edildilər. Düşmən bir daha anladı ki, biz tarixi torpaqlarımıza qayıdacağıq. Özü də hər qarışına!