KÖŞƏ

Mahir Rəsuloğlu

“Amerikanski Şeyx Nəsrullah”...

10 sentyabr 2022 00:12
850

ATƏT-in “ölmüş” Minsk qrupunu diriltmək cəhdi Amerikanın nəyinə lazımdır?

Sentyabrın 8-də ABŞ-ın Qafqaz danışıqları üzrə xüsusi nümayəndəsi səfir Filip Rikourun İrəvana səfəri özü ilə bəzi suallar da gətirdi. Amerikanın Ermənistandakı səfirliyinin səfərlə bağlı yaydığı məlumatda F.Rikour həm də ATƏT-in “gorbagor olmuş” Minsk qrupunun həmsədri kimi təqdim edilir və görünən odur ki, hər fürsətdən özlərinə lazım olan kimi yararlanmağa çalışan ermənilər bu təqdimatdan məmnun qalıblar.

Məlumata görə, səfərin ikinci günü Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüşən Rikour Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanmasına dair fikir mübadiləsi aparıb, eyni zamanda, Azərbaycanın Qarabağ iqtisadi rayonu ətrafındakı vəziyyət müzakirə edilib. Suallar yaradan da bu və digər məqamlardır – ABŞ diplomatı ərazi bütövlüyünü tanıdığı Azərbaycanın sərhədləri daxilində yerləşən və inzibati baxımdan bizə məxsusluğu heç bir müzakirə mövzusu olmayan Qarabağ haqqında niyə düşmən ölkənin xarici işlər naziri ilə müzakirə aparmalıdır? ABŞ həqiqətənmi artıq heç bir şeyə yaramayacaq, mövcudluğunun heç bir əhəmiyyəti olmayan həmsədrlik institutunun bərpasına çalışır? Rəsmi Vaşinqton Cənubi Qafqazda davamlı sülhə nail olunmasına töhfə vermək istəyində nə qədər səmimidir?

Hər kəs gördü ki, bu prosesdə üç dövlətin həmsədrləri olduğu ATƏT-in Minsk qrupunun 28 illik cəhdləri səmərəsiz qaldı. Öhdələrinə götürdükləri missiyanın həyata keçirilməsində heç nə əldə edə bilməyən və ya əldə etmək istəməyən “trio” üzvləri yaratdıqları, qoruyub saxlamağa çalışdıqları “status-kvo”dan məmnun görünür, hərdən də müdrikcəsinə xatırladırdılar ki, bəs deməzsən, Qarabağ probleminin hərbi yolla həlli yoxdur. Yəni, guya məsələni sülh ilə həll etməyə çalışırlar. Əslində isə Minsk qrupu nə beynəlxalq hüququn aliliyini təmin edərək BMT-nin Ermənistanın öz qoşunlarını işğal etdiyi Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı qətnamələrinin icrasına nail ola bildi, nə də onların tərəfli , qərəzli vasitəçiliyi sayəsində işğalçıya güldən ağır söz deyən tapıldı. Elə bil həftə səkkiz, mən doqquz regiona səfər edərək lyüks otellərdə təmiz Qafqaz havasından feyziyyab olan, dadlı təamlarımızdan dadıb gövdələrini yoğunladan “mister”, “müsyö” və “tovariş” diplomatlar hələ uzun illər bu işdən “havayı maaş almağı” qarşılarına məqsəd qoymuşdular. Artıq bütün xalqımızın yalançı vasitəçilikdən səbrinin tükənən vaxtı isə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər kəsə sübut etdi ki, münaqişənin bir də hərbi yolla, güc yolu ilə həlli var və onun əmrinə əsasən şanlı ordumuz cəmi 44 günə erməni işğalına son qoyaraq tarixi ədaləti bərpa etdi.

İşğalçı Ermənistanın ağır məğlubiyyətə uğrayaraq kapitulyasiya aktına qol çəkməsi, ərazi bütövlüyümüzün bərpa edilməsi, Qarabağ münaqişəsinin bitməsi ilə ATƏT-in Minsk qrupunun fəaliyyəti, daha doğrusu, 28 illik fəaliyyətsizliyi də başa çatmış oldu. İkinci Qarabağ müharibəsinin bitməsindən az sonra, 2020-ci il dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edən Azərbaycan Prezidenti bildirdi ki, münaqişənin həlli regionda vəziyyəti dəyişdirmişdir və indi artıq tamamilə yeni reallıqlar mövcuddur: “Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolu və siyasi vasitələrlə nail oldu. Mən həmsədr dövlətlərin başçılarından olan Prezident Putinin dedikləri ilə razılaşıram ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Mən də həmin fikirdəyəm. Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi.”

Müharibənin bitməsindən ötən dövrdə təkcə regionun deyil, dünyanın dəyişən mənzərəsi ATƏT-in Minsk qrupunun mövcudluğuna ehtiyac qalmadığını, heç nəyə yaramayan bu qurumun artıq fəaliyyət göstərə bilməyəcəyini, “təqaüdə göndərilməsinin” zərurətə çevrildiyini göstərdi. Qrupun həmsədrlərindən biri olan Rusiyanın Ukrayna ilə hazırda da davam edən müharibəyə başlaması və digər iki həmsədrin bu müharibədə Ukraynanı dəstəkləməsi isə bu mövzuya artıq son nöqtəni qoymuş oldu. 2022-ci il iyunun 16-da IX Qlobal Bakı Forumunda çıxış edən Azərbaycan Prezidenti bildirdi ki, xüsusən Rusiya-Ukrayna müharibəsindən sonra ATƏT-in Minsk qrupunun üç həmsədrinin görüş keçirə bilməyəcəyi göz önündədir: “Biz Minsk qrupu institutunun artıq fəaliyyət göstərməyəcəyi barədə mesajlar almışıq. Buna görə, Ermənistanda və istənilən digər ölkədə Minsk qrupu haqqında istənilən spekulyasiyalar mənasızdır.

İndi biz Ermənistanla münasibətləri necə normallaşdıracağımız və necə sülh sazişi imzalayacağımız barədə düşünməliyik.”

Beləliklə, açıq şəkildə hər kəsin “payı” özünə çatdırılıb və indi yenidən kiminsə Minsk qrupu adı ilə spekulyasiya etmək cəhdi gülünc görünür. ABŞ-ın Qafqaz danışıqları üzrə xüsusi nümayəndəsi səfir Filip Rikour Azərbaycanla Ermənistan arasında münasibətlərin yeni mərhələyə keçmək üzrə olduğunu da yəqin ki, bilir. Bu, danışıqların müəyyən məqamlarda vasitəçisiz, birbaşa təmaslar vasitəsilə həyata keçirilməsi mərhələsidir. Elə sentyabr ayının 8-də beş nəfər erməni hərbi əsirin vasitəçilərsiz Ermənistana qaytarması da Azərbaycanın humanizm prinsiplərinə sadiqliyini nümayiş etdirməklə bərabər, iki ölkə arasında birbaşa təmasların mümkünlüyünü nümayiş etdirmiş oldu. Bəs elə isə ABŞ niyə regionda ədalətli sülhə nail olunmasına yardım etmək əvəzinə, mane olmağa çalışır? Yoxsa Filip Rikour Şeyx Nəsrullah kimi “ölü dirildə” biləcəyinimi zənn edir?

Səhv edirsiniz, mister və misterlər, Cənubi Qafqaza, qonaqpərvər, sülhpərvər Azərbaycana daha dostcasına gəlmək lazımdır. Əks halda yola salır və məşhur filmimizdə Kərbəlayi İsmayılın dediyi kimi deyirik: “Abasqulu bəy, (oxu: mister Rikour-M.R.) özünə zəhmət verib bir də geri qayıtma!”

Əhməd Qurbanoğlu
Yod ajiotajı və...
Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?