KÖŞƏ

Mahir Rəsuloğlu

Cavab ver, Nikol!..

22 noyabr 2022 00:57
549

Rusiya Prezidentinin Ermənistana səfəri Paşinyan üçün hesab vermək zərurəti yaradacaq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sabah –  noyabrın 23-də İrəvanda keçiriləcək sammitində Rusiya Prezidenti Vladimir Putinin də iştirak edəcəyi dəqiqləşdikdən sonra iki ölkənin münasibətləri Ermənistanın siyasi kluarlarında və KİV-ində ən çox müzakirə olunan mövzuya çevrilib. Səfərə dünya mediasının maraq göstərməsi də təsadüfi deyil. Çünki hər kəsə məlumdur ki, Ukrayna ilə aparılan müharibədə xüsusilə son günlər uğursuzluqlarla üzləşən, əksər Qərb dövlətlərinin, həmçinin BMT, Avropa İttifaqı və NATO kimi nüfuzlu beynəlxalq təşkilatların ciddi siyasi və iqtisadi sanksiyalarına məruz qalmış, bütün bu səbəblərdən daxili problemləri artmaqda olan Rusiyanın dövlət başçısının Ermənistana səfərinin səbəbi təkcə KTMT-nin sammitinə qatılmaq deyil. Vladimir Putinin səfər çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla təkbətək görüşü də planlaşdırılır və bu görüş bir neçə məqama görə ciddi maraq doğurur.

Rusiya liderinin səfəri öncəsi Ermənistanda baş verən proseslər görüşün asan və “mehriban dostluq şəraitində” keçməyəcəyini göstərir. Çünki son vaxtlar İrəvan siyasi maraqları toqquşan ölkələrin və qüvvələrin “tapdağına” çevrilib. Kənar təsirlərlə yanaşı, erməni cəmiyyətində də Rusiyaya münasibət artıq birmənalı deyi. Ölkədə qeyri-müəyyənlik, seçim edə bilməmək açıq şəkildə hiss olunur. Müxtəlif siyasi maraqların daşıyıcılarının bir qismi Ermənistanı Qərbə, digər qismi Rusiyaya tərəf sürüməyə çalışır. Bir müddət öncəki hadisələri yada salaq. Paytaxt İrəvanın bir tərəfində ölkənin KTMT-dən çıxması tələbi ilə mitinqlər, eyni vaxtda digər tərəfdə “Ermənistanın gələcəyi Rusiyaya bağlıdır!” şüarı altında Rusiya ilə həmrəylik aksiyası keçirilirdi.

Təbii ki, düşmən ölkədə Paşinyan hakimiyyəti dövründə yaranmış bu proseslər, xüsusilə ermənilərin əsrlər boyu onlara “dayılıq” etmiş ruslara münasibətdə yaranmış fərqli yanaşmalar, hətta rusofobiyanın açıq şəkildə özünü göstərməsi Şimal qonşumuzu narahat etməyə bilməz. Bəllidir ki, Rusiyanın Ermənistanda hərbi bazası mövcuddur. Düşmən ölkənin sərhədlərinin müdafiəsində rusiyalı sərhədçilər də iştirak edir və əslində Ermənistan Rusiyaya özünün cənub hüdudlarının təhlükəsizliyinin təmin edilməsi baxımından da lazımdır. Üstəlik bir çox iri erməni müəssisələrinin, hətta Ermənistanın qaz monopoliyaçısı olan “Qazprom Ermənistan”ın tam mülkiyyəti Rusiya şirkətlərinə məxsusdur. Nikol Paşinyanın hakimiyyətə gəlişinə qədər Rusiyanın Ermənistanla münasibətlərində hər hansı ciddi problem yaşanmayıb. Ancaq indi bu sahədə vəziyyət, necə deyərlər, “ruscadır”. Odur ki, Rusiya lideri həm də düşmən ölkənin “inqilabçı” baş nazirinə bəzi şeyləri xatırlatmalı olacaq. Baxmayaraq ki, səfərinin əsas məqsədinin KTMT-nin İrəvanda keçiriləcək sammitində təşkilatın böhrana cavab sisteminin təkmilləşdirilməsi və Ermənistana yardım göstərilməsi üçün birgə tədbirlərin müzakirəsi olduğu göstərilir.

Maraqlıdır ki, Paşinyan adətən ABŞ və Avropa İttifaqı rəsmiləri ilə görüşdə özünü və rəhbərlik etdiyi hökuməti qərbyönümlü, “demokratik dəyərlərə önəm verən və bu sahədə ciddi islahatlar aparan lider” kimi, Rusiya Prezidenti və ya Kremlin başqa rəsmiləri ilə görüşdə isə 180 dərəcə dəyişərək şəxsini rusiyayönümlü, Ermənistanı isə bu ölkənin əzəli və əbədi müttəfiqi kimi sırımağa çalışır. Onun bu saxtakarlığı artıq həm Qərbin, həm də Rusiyanın səbrini daşırmaqdadır. Hər iki tərəf konkret mövqe tələb edir, hərə öz gücü və təsir vasitələri vasitəsi ilə lazımi nəticələr əldə etmək istəyir.

Son vaxtlar Ermənistanla İranın “isti” münasibətlərində də Rusiyanın maraqlarına zidd olan məqamlar mövcuddur. Bunlardan ən diqqətçəkəni İranın tələm-tələsik Qafanda konsulluq açması və bununla da Zəngəzur dəhlizinin reallaşmasına mane olmaq istəməsidir. Məlum olduğu kimi, Rusiya Ermənistanla Azərbaycan arasında kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılmasının tərəfdarı qismində çıxış edir və sözügedən nəqliyyat dəhlizinin açılması Şimal qonşumuz üçün də ciddi əhəmiyyətə malikdir.

Erməni politoloq, “Demokratik birləşmə” partiyasının sədri Suren Petrosyan da Rusiya Prezidentinin Ermənistana səfərini və Paşinyanla görüşünü şərh edərkən hazırda Ermənistan fövqəldövlətlər arasında münaqişə zonasına çevrilməkdə olduğunu, buna imkan verilməməsinin zəruriliyini bildirib. Yerli mətbuata açıqlamasında politoloq qeyd edib ki, Rusiyanın Ermənistandakı mövqeyini daha da gücləndirmək problemi var: “Çünki İran tərəfi Qafanda konsulluq yaradanda, əslində Rusiya narazı idi və faktiki olaraq öz mövqeyini bildirmişdi. Aydındır ki, Rusiya həm bu kimi problemlərin həllində, həm də ümumilikdə regionda baş verən proseslərdə daha fəal iştirak etmək arzusundadır.”

Göründüyü kimi, Vladimir Putinin uzun fasilədən sonra Ermənistana səfəri bir az da Paşinyan üçün hesab vermək zərurəti yaradacaq. Belədə sual yaranır: Rusiya forpostuna rəhbərlik edən Nikola “özbaşınlıqlarını” bağışlayacaqmı”? 

Mahir Rəsuloğlu
Di cavab verin...
Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?