KÖŞƏ

Mahir Rəsuloğlu

Sənə inanmıram, “gözümün nuru”...

23 noyabr 2022 01:36
564

Künc zərbəsi

İranın “qüdrəti” əslində kimə qarşıdır?  

Görəsən, İranın sağda-solda günahkar axtaran başbilənləri bircə dəfə də olsun əmmamələrini qabaqlarına qoyub düşünüblərmi ki, ölkəni bürüyən inqilab atəşinin fitilini alışdıran elə özləri, onların ədalətsizliyi və qəddar idarəçilik sistemidir? Axı artıq 3-cü aydır davam edən etiraz aksiyalarının, nümayişlərin lideri yoxdur. Kor-koranə küçələrə axışan, Qasim Süleymaninin, Ruhulla Xomeyninin şəkillərini, heykəllərini yandıran zülm və boyunduruq altında yaşamaqdan bezmiş sadə vətəndaşlardır. İstibdad zəncirləri xalqın boynuna ağırlıq edir, ağalar, üsyana qalxan təkcə Cənubi Azərbaycan türkləri deyil, həm də farslardır, kürdlərdir, digərləridir. Ölkədə baş verənlərin xarici aktorlarla heç bir əlaqəsi yoxdur. Hələ qonşuları ilə dostluq və mehriban qonşuluq siyasətinə daim sadiq olan, əvəzində bəzi üzdəniraq qonşuların fitnə-fəsadlarından əziyyət çəkən güclü, qüdrətli, müstəqil Azərbaycanla heç yoxdur...

Təəccüblüdür. Ya da heç təəccüblü deyil, qeyd elədik axı, biz fitnə-fəsadlara öyrəşmişik. Ona görə də İranın ali dini liderinin xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayətinin Azərbaycan və azərbaycanlılar haqqında verdiyi “üzrü günahından betər” açıqlamalar təəccüb doğurmur. Məsələn, cənab Vilayəti deyib ki, əgər bir gün Azərbaycan Respublikası hər hansı xarici ölkə tərəfindən hücuma məruz qalsa, İran dəstək üçün Azərbaycanın yanında olacaq. Mən şəxsən belə bir möhtərəm zatın bu kimi ciddi mövzuda zarafat etdiyi qənaətindən uzağam. Yəni, dedikləri guya təmsil etdiyi dövlətin münasibətidir. Bəs eləsə mən nədən bu “ali zatın” səmimiliyinə və sözlərinin həqiqət olduğuna inanmadım? Çünki Azərbaycan torpaqları 30 il əvvəl havadarlarının köməyi ilə Ermənistan tərəfindən işğal olunanda, dinc insanlarımız vəhşicəsinə qətlə yetiriləndə, şəhərlərimiz, kəndlərimiz dağıdılanda, yandırılanda, dini inanclarımız təhqir ediləndə, məscidlərimiz donuzların saxlandığı yerlərə çevriləndə, bir sözlə, “hansısa xarici ölkə tərəfindən hücuma məruz qalanda” İran dəstək üçün yanımızda olmadı. Əksinə ermənilərə evlərimizi sökməyə kömək etdilər, daşını, taxtasını, dəmirini, qapı-pəncərəsini daşıyıb aparıb İran bazarlarında satdılar. Tək bir dəfə olsun bir İran rəsmisi çıxıb demədi ki, ay erməni, sən günahkarsan, sən mənim dinimdən olan insanların dövlətinin beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozmusan, torpağına göz dikmisən. Bircə dəfə də “işğalçısan” deyilmədi erməniyə. Əvəzində gizli dəstək göstərildi, silah verildi, qaz, neft, ərzaq göndərildi ki, korluq çəkməsinlər. 30 il İran Ermənistana yardım göndərdi, bizə isə qanunsuz yollarla narkotik keçirməyə cəhd etdi. İndi bütün bunlardan sonra mən sənə necə inanım, ağayi Vilayəti?

Vilayəti bildirib ki, İranın qüdrəti onun dostlarına (yəni, bizə) deyil, İran və Azərbaycanın, həmçinin digər qonşularının düşmənlərinə qarşıdır. Həm də guya, eyni irqdən, dildən, dindən, adət-ənənədən, tarixdən olan Azərbaycan xalqı onların (yəni, İranın fars rəhbərliyinin) gözünün nurudur. Xub, nə şairanə səslənir – gözümüzün nuru, işığı. Bəs elə isə niyə ölkənizdəki 40 min erməninin öz dillərində məktəbi var, ancaq 40 milyona yaxın azərbaycanlıya doğma Azərbaycan dilində yazmağı, oxumağı, az qala danışmağı qadağan eləmisiniz? Eləsə niyə bizə düşmən olanlarla dostluq, qardaşlıq edirsiniz? Sizin “gözünüzün nuruna” münasibətiniz budurmu? Axı mən sənə necə inanım, ağayi Vilayəti?

İranın “qüdrəti” də, qüdrətsizliyi də bizə yaxşı məlumdur. Əbəs yerə özünüzdən belə müştəbehsiz, ağayi Vilayəti!

“Arazın şimalındakı azərbaycanlılarla aramızda hər hansı səbəbdən ayrılıq olsa da, biz sərhədləri aradan qaldırıb, hər hansı yeri tutmağa çalışmırıq.” Sizin əsl sifətiniz, demək, daha doğrusu eşitdirmək istədiyiniz bax budur əslində. Ancaq unutduğunuz bir şey var – Azərbaycan daha 90-cı illərin zəif, gücsüz, aciz Azərbaycanı deyil. Bu gün hansı İran təmsilçisi öz ölkələrinə aid etdikləri “qüdrət”in əslində necə olduğunu görmək istəyirsə Arazın bəri tayına boylansın, komandolarımızın məşqlərini izləsin. O zaman anlayarsınız daha Azərbaycanla hədə dili ilə danışmağın nə qədər təhlükəli olduğunu!

Heç kəs İrana, sənin təbirincə desək, “böhtan atmır”, ağayi Vilayəti! Bu gün siz öz şərinizin, fitnənizin, insanlara etdiyiniz zülmlərin açı nəticələri ilə üzləşməkdəsiniz. Bir də bax bütün bunlara görə sənə heç inanmıram, ağayi Vilayəti.

P.S. Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qrup oyunları başlayanda hər komanda sevə-sevə, həyəcanla, bəzən gözləri yaşararaq öz dövlət himnlərini oxuyur. Ancaq iranlı futbolçular dövlət himnlərini oxumaqdan imtina etdilər. Ölkələrində insan hüquqları və azadlıq uğrunda mübarizə aparan insanlara qarşı amansız, qəddar davranan İran hökumətinə etiraz məqsədilə. Məlumata görə, İran milli komandasının oyunçuları və onların ailə üzvləri cinayət işlərinə cəlb edilə bilərlər. Qeyd edilir ki, oyunçular evə qayıtdıqdan sonra həbs olunacaqlar. Hətta bu səbəbdən də gözlənilir ki, onlar mundial başa çatdıqdan sonra İrana dönməsinlər...

Mahir Rəsuloğlu
Di cavab verin...
Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?