KÖŞƏ

Mahir Rəsuloğlu

İşə ordumuz qarışsa...

24 noyabr 2022 01:58
873

Künc zərbəsi

Qarabağda qeyri-qanuni erməni dəstələrinin atəşkəsi pozması cavab tədbirlərini zəruri edir

Son günlər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində qeyri-qanuni erməni silahlı birləşmələri tərəfindən atəşkəsin pozulması mütəmadi hal almağa başlayıb. Belə görünür ki, 44 günlük İkinci Qarabağ müharibəsindən sonra ermənilərin təxribatlarına qarşı Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2022-ci ildə keçirilmiş “Fərrux” və “Qisas” əməliyyatları, həmçinin sentyabrın 13-14-də iki ölkənin dövlət sərhədində ordumuzun “Qətiyyətli cavab” əməliyyatı ilə nəticələnmiş hadisələrdən nə Ermənistanın hərbi-siyasi rəhbərliyi, nə də Xankəndidəki cinayətkar xunta hələ də lazımi dərs almayıb.

Xatırladaq ki, düşmən ordusunun bölmələri Ermənistan-Azərbaycan sərhədində demək olar hər gün təxribat törədərək atəşkəsi pozmaqla vəziyyəti gərginləşdirməyə çalışsalar da, Qarabağda sakitlik hökm sürürdü. Yalnız rusiyalı milyarder Ruben Vardanyanın burada peyda olmasından və Qarabağdakı qondarma rejimin “dövlət naziri” təyin edilməsindən sonra terrorçuların yenidən “aktivləşməsi” müşahidə edilir.

Oktyabr ayından başlayaraq qeyri-qanuni erməni silahlı birləşmələrinin ordumuzun Qarabağdakı mövqelərini heç bir səbəb olmadan atəşə tutması cavab tədbirlərini, hətta genişmiqyaslı antiterror əməliyyatlarını qaçılmaz edir.

Müdafiə Nazirliyinin məlumatına görə, noyabrın 22-si səhər saatlarından başlayaraq təxminən 4 saat yarım ərzində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Füzuli, Şuşa, Xocavənd, Tərtər və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub. Həmin günü axşam və noyabrın 23-nə keçən gecə düşmənin yenidən fəallaşması və silahlı qüvvələrimizin Şuşa şəhəri və Tərtər rayonu istiqamətlərində yerləşən mövqeləri istiqamətində atəşkəsi  pozması müşahidə edilib. Təbii ki, bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb və düşmənin atəş nöqtələri susdurulub.

Təəccüb doğuran odur ki, ermənilər bütün bu təxribat cəhdlərini Rusiya sülhməramlılarının, necə deyərlər, gözləri qarşısında törədirlər. Rusiya Müdafiə Nazirliyinin Qarabağdakı sülhməramlı kontingentin fəaliyyəti haqqındakı məlumatı isə yalan üzərində qurulub və tamamilə başqa nüanslardan xəbər verir. Sözügedən nazirliyin noyabrın 22-si üçün məlumatında bildirilir ki, Rusiya sülhməramlılarının məsuliyyəti zonasında insident qeydə alınmayıb: “30 müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyətə nəzarət edir və gecə-gündüz “atəşkəs rejimini” qoruyur. Rusiya hərbi qrupunun məsuliyyət zonasında heç bir qanun pozuntusu qeydə alınmayıb.” Yalanın miqyasına bax!

Sual yaranır: bəs erməni cinayətkarların fasilələrlə atəşkəsi pozması qanun pozuntusu deyilmi? Qeyri-qanuni silahlı dəstələr təxribat törədiləndə Rusiya sülhməramlıları 30 müşahidə məntəqəsində nə işlə məşğul idilər, nəyi müşahidə edirdilər?

Göründüyü kimi, Qarabağda fəaliyyət göstərən qondarma separatçı rejim məqsədli şəkildə vəziyyəti gərginləşdirməyə çalışır, Rusiyanın məramı sülhdən başqa hər şey olan sülhməramlı kontingenti isə ermənilərin əməllərinə göz yummaqla hadisələrin inkişafına şərait yaratmış olur. Belədə növbəti dəfə İkinci Qarabağ müharibəsində şanlı Qələbəmizi rəsmiləşdirən üştərəfli Bəyanatı xatırlatmalı oluruq. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli Bəyanata əsasən, Rusiyanın sülhməramlı kontingenti ilkin olaraq 5 il müddətinə Qarabağda yerləşdirilib. Ancaq yenə həmin Bəyanatın 4-cü bəndinə yazılıb ki, erməni silahlı birləşmələri sülhməramlıların yerləşməsi ilə paralel olaraq tutduqları mövqedən geri çəkilməlidir. Yəni, ötən müddətdə Rusiya sülhməramlıları çoxdan Qarabağdakı terrorçuları ya tərksilah edərək aidiyyəti üzrə təhvil verməli, ya da ən azından onların suveren sərhədlərimizdən çıxarılmasını təmin etməli idilər. Reallıq isə göz qabağındadır. Odur ki, baş verənlər gec də olsa 10 noyabr Bəyanatının 4-cü bəndini həyata keçirmək zərurətini bir daha gündəmə gətirir.

Onu da qeyd edək ki, Ruben Vardanyanın xüsusi missiya ilə gəlişindən sonra Qarabağdakı qondarma qurumun “rəhbərliyi”ndə də ciddi fikir ayrılıqları yaranıb və “islahatlar” aparılır. Separatçıların rəhbəri Araik Arutyunyan noyabrın 23-də imzaladığı “fərman”larla birdən-birə 9 “naziri” vəzifəsindən azad edib. İşindən kənarlaşdırılanlar arasında qondarma “xarici işlər naziri” Davit Babayan da var. Erməni mətbuatının yazdığına görə, Araik özünə yaxın bildiyi və birbaşa tabeliyində olan “güc nazirləri”nə “toxunmayıb”.

Qarabağda ermənilərin başlatmaq istədiyi yeni oyunları pozmaq da əslində Rusiya sülhməramlılarının işidir. Ancaq onlar cinayətkarların Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyətlərinə göz yumduqları üçün, deyəsən yenə də işə rəşadətli ordumuz, qəhrəman komandolarımız qarışmalı olacaq. Cavab isə çox ağır ola bilər. Bunun üçün hər cür imkanımız da var, əsasımız da. Olmayan bircə şeydir – səbrimizin sonu...