KÖŞƏ

Mahir Rəsuloğlu

256 saylı palata...

02 dekabr 2022 01:36
1041

Fransanın qərəzli və ədalətsiz davranışları Azərbaycanı ikitərəfli münasibətlərə yenidən baxmağa vadar edir

Öz ermənipərəst mövqeyi səbəbindən Cənubi Qafqazdakı proseslərdən kənar qalan Makron hökuməti daha “maskalanmağa” lüzum görmür. Sanki həmin “maskanın” yırtılması 44 günlük İkinci Qarabağ müharibəsinin nəticələrinə, Azərbaycanın 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarını azad etməsinə və tarixi ədalətin bərpasına bənd imiş. Qazandığımız şanlı Qələbə, Azərbaycanın bu qədər güclənərək bölgənin ən qüdrətli dövlətinə çevrilməsi içində gizli-aşkar erməni sevgisi bəsləyənlərin, həmçinin də Fransanın riyakar planlarının üstündən xətt çəkib. Odur ki, uzun illər yalandan da olsa “neytral vasitəçi” obrazı yaratmağa çalışan Fransa indi Azərbaycana qarşı əsassız düşmənçilik münasibətini açıq-aşkar nümayiş etdirməkdədir.

2020-ci ilin noyabrında və 2022-ci ilin noyabrın 15-də Fransa Senatının yalan və iftira dolu qətnamələrindən sonra noyabrın 30-da bu ölkənin Milli Assambleyasının (parlamentin aşağı palatası) da eyni məzmunlu sənəd qəbul etməsi hər şeydən öncə beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Çünki bütün beynəlxalq platformalarda 30 il ərzində qəbul edilmiş sənədlərin hamısında Ermənistanın Azərbaycanın suveren ərazilərini işğalı faktı tanınıb, o cümlədən BMT Təhlükəsizlik Şurası tərəfindən ayrı-ayrı vaxtlarda erməni qoşunlarının qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən 4 qətnamə qəbul olunub. Odur ki, İkinci Qarabağ müharibəsinin nəticələrini təhrif etmək, Azərbaycanın BMT-nin sözügedən qətnamələrini təkbaşına icra edərək erməni işğalçılarını öz sərhədlərindən çıxarmasını “işğal” kimi göstərmək ən azından beynəlxalq hüquqa hörmətsizlikdir.

“Azərbaycanın Ermənistana təcavüzünün dayandırılması”nı tələb edən sonuncu qətnamə Fransa Prezidenti Emmanuel Makronun “Renessans” partiyasının üzvləri tərəfindən hazırlanıb və həmin qərəz, böhtan dolu sənədə 256 deputat yekdilliklə səs verib. Maraqlıdır, görəsən həmin deputatlardan neçəsinin Ermənistan-Azərbaycan münaqişəsindən, hadisələrin baş vermə səbəbindən və inkişaf xronologiyasından xəbəri var? Bəlkə də dünya xəritəsini qarşılarına qoysan onların əksəriyyəti nəinki Azərbaycanın və Ermənistanın, heç Cənubi Qafqaz regionunun harada yerləşdiyini göstərə bilməyəcək. Bu qədər insanın hamısının ədalət və vicdan hissini itirdiyi də inandırıcı görünmür. Sadəcə, ermənipərəst Makronun partiyasının ermənisifət üzvləri qətnaməni aşağı palataya təqdim edəndə hamısı öz aralarında səs vermək barədə razılığa gəliblər. Bir prinsiplə - cəhənnəm olsun “əlahəzrət” ədalət, lap bütün qanunlara, insan haqlarına tüpürmək də olar, təki Makron və ermənilər narazı qalmasın!

Dinləmələrdə Fransa hökumətinin nümayəndəsinin canfəşanlığı, faktiki olaraq qətnaməni dəstəkləməsi də göstərir ki, bu mənfur sənədin arxasında son vaxtlar müxtəlif platformalarda açıq şəkildə anti-Azərbaycan təşəbbüslərlə çıxış edən Fransa hökuməti dayanıb. Bütün bunlardan sonra Fransa Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi utanmadan ölkə parlamentinin palatalarının Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağıran qətnamələrinin Parisin rəsmi mövqeyini əks etdirmədiyini deyir. Guya parlamentarilərin bu təşəbbüsü Fransa hökumətinin rəsmi mövqeyi deyil və tamamilə müstəqil şəkildə, hakimiyyət bölgüsü prinsipinə uyğun olaraq qəbul edilib. XİN nümayəndəsi yenə də utanmadan xarici işlər naziri Ketrin Kolonnanın ölkəsinin “sülh naminə tərəfləri danışıqlarda irəliləməyə təşviq etməyə davam edəcəyi barədə” bəyanatlarını xatırladıb və əlavə edib ki, Fransa hökumətinin mövqeyi hamıya məlumdur. Bəli, Fransa hökumətinin ermənipərəst mövqeyini görürük, hiss edirik. Və bu mövqeyinə görə Azərbaycan Fransa ilə münasibətlərinə yenidən baxmaq hüququnu özündə saxlayır...

Məhz Makron hökumətinin qərəzli, ədalətsiz, birtərəfli yanaşmasının, yuyulmamış qaşıq kimi özünü ortaya atmasının nəticəsidir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin obyektiv vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında aparılmış danışıqlar zamanı əldə edilmiş irəliləyiş dayanıb, keçirilməsi nəzərdə tutulan növbəti görüş təxirə salınıb. Beləmi sülh istəyir Makron? Bu cür ədalətsizlikləmi yenidən vasitəçilik etmək istəyir Fransa? Növbəti dəfə cəhənnəmə getdi Fransanın vasitəçiliyi. Gorbagor oldu...

Azərbaycan ilə münasibətlərdə ard-arda “körpüləri yandıran” Fransa bundan yalnız bir şey qazana bilər: erməni işğalı nəticəsində 1 milyonu 30 ilə qədər qaçqınlıq və məcburi köçkünlük həyatı yaşamağa məcbur olmuş 10 milyondan artıq Azərbaycan Respublikası vətəndaşının, dünyanın müxtəlif yerlərində yaşayan 45 milyona yaxın azərbaycanlının nifrətini! Və hər an öz Prezidentinin, Ali Baş Komandanının ətrafında dəmir yumruğa çevrilməyə hazır olan milyonların nifrəti Makrona da, onun əlaltılarına da yetər! Fransanın növündən asılı olmayaraq palatalarının “sakinlərinin” qəbul etdiyi hansısa qətnamə isə bizim üçün lazımsız kağız parçasından başqa bir şey deyil. Əvvəlkilər kimi...