KÖŞƏ

Mahir Rəsuloğlu

Son addım zərurəti...

06 dekabr 2022 03:18
1353

Laçın yoluna nəzarətin gücləndirilməsi və Qarabağda antiterror əməliyyatının keçirilməsi aktuallaşır 

Son günlər Laçında, Sarıbaba yüksəkliyində külli miqdarda 2021-ci ildə Ermənistanda istehsal edilmiş piyadalar əleyhinə minaların aşkarlanması, 14 nəfər İran İslam Respublikası vətəndaşının müəmmalı şəkildə Qarabağda peyda olması bölgədə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin fəaliyyətsizliyini, bilavasitə və ya dolayısı ilə separatçılara dəstək verdiyini göstərir. Əslində sadalananlar sülhməramlı kontingent tərəfindən Laçın yoluna lazımi nəzarətin olmadığını sübut edən faktların cüzi bir hissəsidir.

Xatırladaq ki, 22 dekabr 2021-ci ildə Fransanın mərkəz sağçı Respublikaçılar Partiyasından prezidentliyə namizəd Valeri Pekres

fransalı deputatlar Bruno Riteiro və Mişel Barnyenin müşayiəti ilə qeyri-qanuni yolla Qarabağa gələrək qondarma “dqr”in qondarma “prezidenti” Araik Arutyunyan və digər separatçılarla görüş keçirmişdi.

Azərbaycan Ordusunun bölmələri 2022-ci il martın 24-26-da cinayətkar erməni silahlılarının təxribatlarına cavab olaraq Xocalı rayonunun Fərrux kəndi və Fərrux yüksəkliyi istiqamətində mövqe dəqiqləşdirməsi aparan zaman İrəvanda Birinci Qarabağ müharibəsi veteranlarını birləşdirən “Yerkrapa” təşkilatı özünün terrorçulardan ibarət könüllü batalyonunun üç aylıq döyüş növbətçiliyi üçün Azərbaycan ərazisinə göndərdiyini elan etmişdi. Bir müddət öncə isə erməni separatçılarının Laçın yolu ilə Ermənistandan Qarabağa hərbi texnika və sursat daşıdıqları barədə də məlumatlar yayılmışdı.

Nəhayət, bu günlərdə Qarabağa hansı məqsədlə gəldikləri müəmmalı olan, diversant olduqları ehtimal edilən 14 iranlının Azərbaycan sərhədlərini qeyri-qanuni yolla keçmələri buna şərait yaradan Rusiya sülhməramlılarının öz missiyalarını yerinə yetirə bilmədiklərini nümayiş etdirir. “Qafqazinfo” xəbər portalı həmin İran vətəndaşlarını daşıyan avtomobilin şəklini və 14 nəfərin hər birinin pasportunun surətini yaymaqla faktın təkzibolunmazlığını sübut etdi. Artıq məsələyə aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən İranın ölkəmizdəki səfirliyinə etiraz notası da təqdim edilib və qarşı tərəfin cavabı gözlənilir.

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkovun əcnəbilərin qanunsuz səfərinə münasibəti isə Laçın yoluna nəzarətlə bağlı ciddi sualların olduğunu göstərir. Azərbaycanlı jurnalistlərin suallarını cavablandıran Volkov deyib ki, biz bu məsələ ilə bağlı təhqiqat aparırıq, araşdırırıq ki, bu nə vətəndaşlar idi, hansı yolla, hansı sənədlərlə keçiblər. Rusiyalı general daha sonra iranlıların “diversant-zad deyil, inşaatçı” olduqlarını və iki gün sonra Qarabağdan çıxarıldıqlarını bildirib. Qəribə məntiqdir: Belə çıxır ki, hər hansı əcnəbi, hətta terrorist və ya diversant Laçın yolu vasitəsi ilə qeyri-qanuni sərbəst şəkildə Azərbaycan ərazisinə daxil ola bilir, kimlikləri, nə məqsədlə gəldikləri isə onlar geri döndükdən sonra araşdırılır. Yaxud hələ təhqiqat aparılırsa Volkov 14 iranlının diversant olmadığına necə belə əmindir?

Təəssüf bütün bunlar da Laçın yolunda nəzarətsizliyi təsdiqləyən faktların hamısı deyil. Rusiya sülhməramlı kontingenti isə bütün bunlara göz yumur, Qarabağdakı erməni cinayətkarların fəaliyyətinə şərait yaradır. Erməni silahlı birləşmələrinin üzvləri tərəfindan azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri ilə əlaqədar Hərbi Prokurorluqda bu günə kimi 297 şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri (103-cü maddə (soyqırımı), 113-cü maddə (işgəncə), 115-ci maddə (müharibə qanunlarını və adətlərini pozma) və s. ilə təqsirləndirilən şəxs qismində cəlbetmə qərarları çıxarılaraq axtarışları elan edilib. Həmin şəxslərin böyük bir qismi hazırda da Azərbaycanın Qarabağ ərazisində, məhz sülhməramlıların məsuliyyət zonasındadır. Lakin bu vaxta qədər axtarışa verilmiş həmin cinayətkarların sülhməramlılar tərəfindən müəyyənləşdirilərək qanunvericiliyin tələblərinə uyğun cəzalandırılması üçün aidiyyəti üzrə Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verilməsi ilə bağlı tək bircə dənə də fakt mövcud deyil.

Rusiya sülhməramlı kontingenti tərəfindən onların müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində ermənilərin apardıqları qeyri-leqal iqtisadi fəaliyyətlər çərçivəsində faydalı qazıntıların qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlarla bağlı da bu vaxta qədər hər hansı addım atılmayıb. Bütün qeyd edilənlər Azərbaycanın müvafiq qurumlarının, həmçinin güc strukturları əməkdaşlarının qanunauyğun tədbirlər görmək zərurətinin yarandığını göstərir. Bu baxımdan dekabrın 3-də Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarının Xocalıda sülhməramlı qüvvələrin qərargahında hərbi kontingentin komandanlığı ilə apardığı müzakirələri və əldə edilmiş razılığı mühüm addım hesab etmək olar. Müzakirələr zamanı Qarabağın ermənilər yaşayan ərazilərində faydalı qazıntıların qanunsuz istismarının aparıldığı yataqlarda və müvafiq digər məntəqələrdə monitorinq, əmlakın inventarizasiyası və ekoloji araşdırmanın həyata keçirilməsinin vacibliyi vurğulanıb. Danışıqlar nəticəsində qeyd olunan fəaliyyət istiqamətləri üzrə ərazidə işlərin aparılması üçün Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumlarının iştirakı ilə yol xəritəsinin hazırlanmasına başlanılıb.

Bütün digər ərazilərimizdə olduğu kimi, ermənilərin yaşadığı Qarabağ iqtisadi rayonunda da Azərbaycan qanunları işləməlidir. Rusiya sülhməramlı kontingentinin fəaliyyətindəki çatışmazlıqları aradan qaldırmaq üçün isə Laçın yolunda nəzarət də Azərbaycan Silahlı Qüvvələrinin iştirakı ilə təmin edilməlidir. Qarabağdakı ermənilər yalnız iki seçimlərinin olduğunu nəhayət ki, anlamalıdırlar – ya Azərbaycan vətəndaşlığını qəbul edib bu vətəndaşlığın verdiyi hüquq və imkanlardan yararlanmaq, ya da Azərbaycan torpaqlarından birdəfəlik rədd olub getmək. Əks halda, Rusiya sülhməramlılarının təmin edə bilmədikləri qanunvericiliyi Qarabağda Azərbaycan komandoları antiterror əməliyyatı vasitəsi ilə təmin etməli olacaqlar. Ancaq belə görünür, sonuncu variantın reallaşması, yəni Laçın yoluna nəzarətin təmini və qanunsuz erməni silahlı dəstələrinin zərərsizləşdirilməsi üçün antiterror əməliyyatının keçirilməsi qaçılmaz olacaq...