KÖŞƏ

Mahir Rəsuloğlu

Normal təfəkkür problemi...

15 dekabr 2022 01:36
1296

Künc zərbəsi

Azərbaycanın Qarabağdakı erməni vətəndaşları onların taleyi ilə oynayan cinayətkarlardan özləri hesab sormalıdırlar

Gözlənildiyi kimi, ermənilər hay-küy salaraq Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin, ekofəalların və könüllülərin iştirakı ilə Laçın yolunda artıq bir neçə gündür fasiləsiz davam edən etiraz aksiyalarının guya Qarabağda “humanitar böhran” yaratdığını iddia edirlər. Ağ yalandır. Əvvəla, Azərbaycan hətta 44 günlük müharibə dövründə belə mülki insanların zərər görməməsi üçün bütün mümkün zəruri addımları atmışdı. Ermənistandan dinc insanların yaşadığı şəhər və rayonlarımız, yaşayış məntəqələrimiz qadağan olunmuş ballistik raketlərlə atəşə tutulanda belə biz mərdliyimizi, humanistliyimizi itirmədik. Cavabını şanlı ordumuz cəbhə bölgəsində ləyaqətlə verdi. Xocalı soyqırımının da, ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş minlərlə soydaşımızın da qisası məhz döyüş meydanında alındı. Ona görə indi ermənilərin “timsah göz yaşlarına”, böhtanlarına kimsə inanmır.

İkincisi də Qarabağda yaşayan mülki erməni əhalisi Azərbaycan vətəndaşlarıdır. Onların humanitar problemlərinin həllinə, hüquqlarının müdafiəsini təmin etməyə dövlətimiz hər zaman hazırdır. Hətta Laçın yolunda aksiyaların davam etdiyi müddətdə də QHT nümayəndələri, ekofəallar sosial şəbəkələr vasitəsilə nömrələrini paylaşaraq erməni mülki şəxslərin, təcili tibbi yardım maşınlarının yoldan istifadəsinə şərait yaratmağa hazır olduqlarını bəyan ediblər. Deməli, Qarabağda dinc insanları yalan “təhlükələrlə” təşvişə salmaq, süni “humanitar böhran” görüntüsü yaratmaq kimlərəsə lazımdır. Həmin “kimlər” də bəllidir – separatçılar, Rusiyada haram yollarla milyardlar qazanmış, daha sonra sanksiyalardan yaxa qurtarmaq üçün batan gəmini ilk tərk edən siçovullar kimi qaçaraq qeyri-qanuni Azərbaycanın suveren ərazisi olan Qarabağa gəlmiş, buradakı Azərbaycan xalqına məxsus qiymətli metal yataqlarını istismar edərək var-dövlətini artırmağa çalışan Ruben Vardanyan və onun başabəla komandası. Vardanyanın Qarabağa təxribat törətmək üçün gəldiyini tək bir faktla sübut etmək olar. Silahsız QHT nümayəndələrinin, ekofəalların və könüllülərin etiraz aksiyaları dekabrın 12-də başlayıb, cəmi bir gün sonra Qarabağdakı qondarma qurumun “dövlət naziri” “postunu” ələ keçirmiş Vardanyan “Facebook” səhifəsində canlı yayım açaraq erməni mülki şəxsləri “döyüşməyə” səslədi. Guya Azərbaycan önları mühasirəyə alıb, təcrid edib: “Biz hamımız döyüşməyə hazırıq, bu vəziyyətdə “artsax” vətəndaşının kim olduğunu, heç kimdən qorxmadığımızı göstərmək üçün hər şeyi etməliyik.”

Əslində isə Rubeni narahat edən Qarabağdakı ermənilərin problemi deyil. O, yaxşı bilir ki, milli sərvətimizin təxribatçı, cinayətkar vardanyanlar tərəfindən talanmasına nə Azərbaycan dövləti, nə də xalqımız göz yuma bilməz. Laçın yolunda keçirilən aksiyanın məqsədi də ancaq bundan ibarətdir – Qarabağdakı faydalı qazıntı yataqlarının qanunsuz istismarına, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlara son qoyulmasını, aidiyyəti dövlət qurumlarının həmin ərazilərdə monitorinqlər keçirməsini təmin etmək. Biz hansısa cinayətkarın ölkəmizin sərvətini talaması faktına biganə qala bilmərik, necə ki qalmırıq.

Laçın yolunun bağlanmasına və bu xüsusda ermənilərin tez-tez istinad etdikləri 10 noyabr üçtərəfli Bəyanatın müddəalarına gəlincə, Xankəndini Ermənistan sərhədi ilə birləşdirən yol məlum sənəddə göstərildiyi kimi, yalnız dinc məqsədlərlə istifadə üçün nəzərdə tutulub. Azərbaycan ən müasir tələblərə cavab verən yeni Laçın yolunu çəkib öhdəliyinə əməl etdi. Ancaq sonradan məlum oldu ki, yol vasitəsi ilə həm də hərbi yüklər, texnikalar, silah-sursat daşınır. Və yola nəzarətin gücləndirilməsi zərurəti yarandı.

10 noyabr Bəyanatında Ermənistan da öz üzərinə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək yolun – Zəngəzur dəhlizinin açılması öhdəliyi götürüb. İkinci Qarabağ müharibəsinin başa çatmasından 2 ildən artıq vaxt keçir. Bəs hanı Naxçıvana getmək üçün Ermənistan ərazisindəki avtomobil yolu? Ermənistan bu öhdəliyi qarşısında hansı addımı atıb? Heç bir. O zaman Azərbaycana qarşı hansı haqla tələb irəli sürürlər?

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Qarabağdakı mülki ermənilər bizim vətəndaşlarımızdır və onların hüquqları lazımi səviyyədə qorunacaq. Bunun üçün isə elə ermənilər özləri onların taleyi ilə oynamağa çalışan vardanyanlardan, arutyunyanlardan qurtulmaq haqqında düşünməlidirlər. Nəhayət, hansısa normal təfəkkürlü bir Qarabağ ermənisi çıxıb sual verməlidir ki, sən kimsən axı, Ruben Vardanyan, nə üçün təxribatla məşğulsan? Qarabağ ermənilərindən öz çirkin, cinayətkar əməllərin üçün istifadə etmək haqqını kimdən almısan?

QHT nümayəndələrinin, ekofəalların və könüllülərin haqlı tələbləri bütün Azərbaycan xalqını narahat edən məsələlərdir. Odur ki, həmin tələblərin yerinə yetirilməsi, Qarabağda Azərbaycan qanunlarının tətbiqi, goreşən kimi torpaqlarımızı eşib, sərvətimizi talayan  cinayətkarların cəzalandırılması üçün həmişə olduğu kimi, yenə də yumruq kimi birik, birlikdəyik. Və bu haqq işimizdə bizi heç kim durdura bilməz.