KÖŞƏ

Mahir Rəsuloğlu

Qaçmaq növbəsi...

14 fevral 2023 01:13
1094

Cinayətkar Vardanyandan sonra baş separatçı Arutyunyan üçün də yolun sonu çatıb

Ruben Vardanyanın ermənisayaq qaçışından sonra Qarabağdakı separatçı qurumun qondarma “prezident”i Araik Arutyunyan da aradan çıxmağın yollarını axtarır. Daha dəqiqi, baş separatçı buna daha əvvəl də cəhd göstərmişdi. Baş verənlərdən sonra isə vəziyyət Arutyunyan üçün bir az da qəlizləşib və belə məqamda qaçmaq yeganə çıxış yolu kimi görünür. Onun bu addımı tezliklə atacağı ehtimalını gücləndirən bir neçə amil var.

Əvvəla, Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunun Şuşa ərazisindən keçən hissəsində altmış beşinci gündür fasiləsiz davam edən etiraz aksiyasında Azərbaycanın qeyri-hökumət təşkilatlarının və ictimaiyyət nümayəndələrinin, ekofəalların, könüllülərin qətiyyəti separatçıların bütün planlarını pozub. Belə görünür, separatçılar kəskin hava şəraiti, həmçinin bir neçə ermənipərəst dövlətin və beynəlxalq təşkilatın “təzyiqi” səbəbindən Laçın yolundakı aksiyanın dayandırılacağını güman edirdilər. Ancaq havanın soyuq və şaxtalı olmasına baxmayaraq iştirakçılar əzmlə, fədakarlıqla yüksək fəallıq nümayiş etdirir, tələbləri yerinə yetirilməyənə qədər aksiyanın dayandırılmayacağını bəyan edirlər. Nəticə etibarilə yol humanitar məqsədlər üçün açıq olsa da separatçıların qeyri-qanuni fəaliyyətlərinə birdəfəlik bağlanıb. Bu isə Arutyunyanı aradan çıxmağın “yol xəritəsi”ni hazırlamağa vadar edir.

İkinci amil isə Qarabağda separatçıların uzun müddətdir faktiki olaraq girova çevirdikləri 25-30 minə yaxın mülki erməni əhalinin daha təzyiq altında, üstəlik ciddi sosial problemlərlə yaşamaq istəməməsi, narazılığın pik həddə yüksəlməsidir. Arutyunyan yaxşı anlayır ki, indi həmin narazı kütlə qarşısında tək qalıb və baş verənlərə görə də elə onu günahlandıracaqlar. Belə ki, rusiyalı cinayətkar Vardanyan qondarma “dövlət naziri” təyin edilməklə bir tərəfdən Arutyunyanın “hakimiyyət”inə şərik olmuşdusa da, digər tərəfdən onun mövcudluğu quldurbaşıya məsuliyyəti bölüşmək, hətta bəlkə tamamilə yayınmaq imkanı yaradırdı. Ancaq Rubenin layiq olduğu yerdə - çirkli rus paltarları arasında qaçması ilə Arutyunyan həm Qarabağdakı mülki erməni əhalinin, həm də Ermənistandakı bir sıra siyasi dairələrin qəzəbi qarşısında tək qalıb.

Xatırladaq ki, baş separatçı təxminən bir ay öncə aradan çıxmağa uğursuz cəhd etmişdi. Yanvar ayının ortalarında Ermənistan mediasında Araik Arutyunyanın həmin vaxt Qarabağda özünü “xilaskar” kimi göstərməyə çalışan cinayətkar Vardanyanı “vəzifə”sindən uzaqlaşdırmaq istəyində olduğu ilə bağlı xəbərlər yayılmışdı. Bildirilirdi ki, baş separatçının özü də “istefa vermək”, “parlament”i buraxmaq və Qarabağda yeni “seçki”lərin keçirilməsinə şərait yaratmaq niyyətində olub. Həmin vaxt Arutyunyanın bu qərara Qarabağdakı mülki erməni əhalisi arasında gündən-günə artan narazılıqlar səbəbindən gəldiyi bəlli olsa da quldurbaşı qondarma “parlament”in “deputat”ları ilə qapalı görüşdə bəhanə kimi Laçın yolunda yaranmış vəziyyəti göstərmişdi.

Bir daha qeyd etmək lazımdır ki, bu gün də davam edən aksiya nəticəsində Laçın yolunda hərəkət dayandırılmayıb və Qarabağdakı hər hansı “böhran”ı bu səbəblə əlaqələndirmək yalan və iftiradan başqa bir şey deyil. Hər gün sözügedən yoldan Rusiya sülhməramlılarının təminat maşınları, Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillər, dərman, tibbi ləvazimatlar və ərzaq daşıyan maşınlar hər iki istiqamətdə sərbəst hərəkət edir. Hətta Arutyunyanın özü də istəmədən Laçın yolunun humanitar məqsədlər üçün açıq olduğunu etiraf edib. Belə ki, fevralın 13-də Qarabağın “blokada”sı ilə bağlı bəyanat yayan baş separatçı elə həmin bəyanatda 90-a yaxın ağır xəstənin Ermənistana köçürülməsini təmin etdikləri, ərzaq, dərman və digər zəruri məhsulların təminatını həyata keçirdikləri üçün BQXK-yə və Rusiya sülhməramlı missiyasına minnətdarlıq bildirir. Suallar yaranır: Laçın yolu bağlıdırsa, Qarabağ blokadadırsa bəs xəstələr Ermənistana necə köçürülüb? Qarabağın mülki erməni əhalisinə talon tətbiq etməklə satılan ərzaq malları haradan gəlib?

Deməli, Arutyunyanın qarnının sancısı başqadır. Onu və digər separatçıları əsas narahat edən, yalandan hay-küy salaraq “humanitar böhran” şousu yaratmaqlarına səbəb onların yoldan əvvəllər olduğu kimi digər qanunsuz məqsədlər üçün istifadəsinə imkan verilməməsidir. Bu isə Qarabağda separatçılığın sonunu gətirmək üzrədir. Bu baxımdan Araik Arutyunyanın son bəyanatı, eyni zamanda, planlaşdırdığı sonrakı proseslərə, yəni Vardanyan kimi qaçıb aradan çıxmaq planına “səbəb”lər yaratmağa hesablanıb. Quldurbaşı vəziyyəti bir az da buna görə yalandan dramatikləşdirməyə və özünə alibi formalaşdırmağa çalışır.

Vardanyan elə öz xislətinə münasib yerdə və şəraitdə qaçdı. Bəs görəsən Araik aradan çıxmağın hansı unikal üsulunu planlaşdırır?