KÖŞƏ

Mahir Rəsuloğlu

Əsaslı təzminat tələbi

01 mart 2023 02:14
2634

Azərbaycanın Ermənistana qarşı başlatdığı dövlətlərarası arbitraj prosesi sonuncu olmayacaq

Ermənistan Azərbaycan torpaqlarını qeyri-qanuni işğal altında saxladığı 30 ilə yaxın müddətdə təkcə şəhər və kəndlərimizi, maddi-mənəvi irs nümunələrimizi, həmçinin dini abidələrimizi, məscidlərimizi, qəbiristanlıqlarımızı dağıdaraq yerlə-yeksan etməyib, eyni zamanda, həmin ərazilərdə ekoloji terror törətməklə məşğul olub, milli sərvətlərimiz, enerji resurslarımız vəhşicəsinə mənimsənilib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev hələ şanlı Qələbəmizlə nəticələnən 44 günlük İkinci Qarabağ müharibəsindən sonra erməni işğalından azad edilmiş Şərqi Zəngəzura və Qarabağa ilk səfərləri zamanı bəyan etmişdi ki, Ermənistan bütün bu əməllərinə görə beynəlxalq məhkəmələrdə cavab verəcək, vurduğu maddi-mənəvi ziyanın konpensasiyasını ödəməyə məcbur ediləcək. Həmin məqam yetişib və bu gün düşmənin törətdiyi cinayətlərə görə hesab verməsi zamanıdır.

Məlum olduğu kimi, 2021-ci il dekabrın 7-də Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) Ermənistanın davam edən İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın pozuntularına qarşı qorunmaq üçün müvəqqəti tədbirlər haqqında Azərbaycanın ilk sorğusunu təmin etmişdi. Məhkəmə Ermənistana azərbaycanlılara qarşı yönəlmiş irqi nifrətin qızışdırılmasının və təşviqinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görməyi tapşırmışdı. BƏM-də düşmən ölkə əleyhinə digər iddialarla bağlı da müzakirələr davam etdirilməkdədir.

Fevralın 27-də isə Ermənistana qarşı Azərbaycan tərəfindən bu dəfə Enerji Xartiyası Müqaviləsinə uyğun olaraq dövlətlərarası arbitraj prosesi başladılıb. Xarici İşlər Nazirliyinin məlumatında bildirilir ki, Ermənistan 1991-2020-ci illərdə hərbi güc yolu ilə Azərbaycanı Qarabağ bölgəsindəki enerji resurslarından istifadədən məhrum edib, həmin təbii enerji ehtiyatları ermənilər tərəfindən qeyri-qanuni şəkildə istismar olunub. Bundan başqa, Ermənistan Azərbaycanın öz milli enerji siyasətinə və ətraf mühitlə bağlı öhdəliklərinə uyğun olaraq enerji ehtiyatlarını daha da inkişaf etdirmək imkanından məhrum etməklə Enerji Xartiyası Müqaviləsinin çoxsaylı müddəalarını və beynəlxalq hüququn fundamental prinsiplərini pozub.

Qeyd edək ki, istinad edilən Enerji Xartiyası Müqaviləsi 1994-cü ilin dekabrında imzalanıb, 1998-ci ildən qüvvəyə minib. Müqavilə bu günə kimi 55 dövlət, həmçinin Avropa Birliyi və “EURATOM” tərəfindən imzalanıb, hüquqi cəhətdən məcburi çoxtərəfli sənəddir. Enerji Xartiyası Müqaviləsinin əsas məqsədi vahid qaydalar yaradılması yolu ilə energetika sahəsində hüquqi normaların gücləndirilməsi və bütün iştirakçı hökumətlər tərəfindən bu qaydalara riayət edilməsi, həmçinin energetika sahəsində investisiya və ticarət ilə bağlı risklərin minimuma endirilməsinə nail olmaqdır. Azərbaycan Beynəlxalq Enerji Xartiyası ilə 20 ildən çoxdur ki, əməkdaşlıq edir.

Azərbaycanın sözügedən Müqaviləyə uyğun olaraq Ermənistana qarşı dövlətlərarası iddiasının əsasını Qarabağ bölgəsinin zəngin hidroenergetika ehtiyatlarının bu ölkə tərəfindən qanunsuz istismarı təşkil edir. İddiada bildirilir ki, Qarabağ bölgəsində Azərbaycanın daxili su ehtiyatlarının 25%-nin cəmlənməsi buranı su elektrik enerjisi istehsalı üçün optimal məkana çevirib. Ermənistanın qeyri-qanuni şəkildə istismar etdiyi hidroenergetika obyektlərinin ən böyüyü Tərtərçayın üzərində inşa edilmiş Sərsəng su anbarında yerləşən Tərtər Su Elektrik Stansiyasıdır (SES). Ermənistan Azərbaycanın suveren ərazilərinə hərbi təcavüzünün tərkib hissəsi kimi, 1994-cü ildə Sərsəng su anbarını və Tərtər SES-i ələ keçirib, həmçinin işğal zamanı suveren ərazimizdə ən azı 37 əlavə icazəsiz su elektrik qurğuları tikib.

Ermənistan, eyni zamanda, İrəvan İstilik Elektrik Stansiyasında istifadə məqsədilə Azərbaycanın Tərtər rayonunun Çardaqlı kömür mədənini də uzun illər qanunsuz istismar edib. Bundan başqa, Azərbaycanın Yevlax şəhəri ilə Naxçıvanı birləşdirən təbii qaz kəməri kimi mövcud enerji tranzit qurğuları da Ermənistan tərəfindən sıradan çıxarılıb, beləliklə də işğal nəticəsində Naxçıvana qaz təchizatı kəsilib.

Başladılan arbitraj prosesinin məqsədi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisində Ermənistan tərəfindən enerji ehtiyatlarının 30 ilə yaxın bir dövr ərzində qeyri-qanuni istismarı və qəsb edilməsinə cavab olaraq haqqı-ədaləti və Ermənistanın təzminat ödəməsini təmin etməkdir.

Məlumat üçün qeyd edək ki, beynəlxalq arbitraj mübahisələrin həlli üçün milli məhkəmələrin yurisdiksiyasına alternativ bir metoddur və yalnız qanunla icazə verilmiş mübahisələrin həllini tərəflərin müəyyən etdiyi bir və ya daha çox müstəqil üçüncü tərəfə - arbitra verir.

Azərbaycan tərəfindən Ermənistana qarşı Enerji Xartiyası Müqaviləsinə uyğun olaraq başladılan dövlətlərarası arbitraj prosesi ilk olsa da sonuncu olmayacaq. Çünki düşmən ölkə işğal dövründə ermənilərin törətdikləri bütün vəhşiliklərə və vurduqları ziyana görə maddi-mənəvi məsuliyyət daşıyır. Daşıdığı məsuliyyət üzrə isə təzminat ödəməlidir. Ödəyəcək də...