KÖŞƏ

Mahir Rəsuloğlu

Tarixi imkan...

16 mart 2023 00:12
2944

Prezident İlham Əliyev: Azərbaycan və Ermənistan arasında münasibətlərin sülh yolu ilə həllinə töhfə vermək üçün əlimizdən gələni edəcəyik

Həm Avropa İttifaqı (Aİ) kimi nüfuzlu beynəlxalq təşkilatın, həm Cənubi Qafqazda baş verən proseslərə birbaşa təsir imkanlarını əlində saxlamağa çalışan Rusiyanın, həm də hadisələrin gedişində izləyici deyil, iştirakçı olmağı hədəfləyən ABŞ-ın Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında vasitəçilik cəhdləri regionda yeni dövrün başlanacağına ümidləri artırır. Təbii ki, iki ildən artıqdır əsas mərhələsinin startı verilmiş prosesə adı çəkilən qurumun və dövlətlərin yanaşmaları bir-birindən fərqlidir. Dolayısı ilə hər kəs sülh danışıqlarının məhz özünün arzuladığı məcrada irəliləməsinə, yekun müqavilənin imzalanmasında söz sahibi olmağa çalışır. Ancaq müxtəlif formatlarda keçirilən çoxtərəfli görüşlər üçün ümumi xarakterik iki məqam var ki, ikisi də Azərbaycanın maraqlarının təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Birincisi, Azərbaycanın vaxtilə əsasən ATƏT-in Qarabağ münaqişəsinin nizamlanması məqsədilə yaradılmış və artıq “dəfn edilmiş” Minsk qrupunun həmsədr ölkələrinin tezis kimi sırımağa çalışdıqları “Münaqişənin hərbi yolla həlli yoxdur” stereotipini qıraraq İkinci Qarabağ müharibəsində Qələbə qazanması və ərazi bütövlüyünü bərpa etməsi nəticəsində regionda yaranmış yeni reallıqları hər kəs qəbul edir. Sirr deyil ki, həmin reallıqlar bu gün sülh təşəbbüsü ilə çıxış edən tərəflərin hamısının ürəyindən deyil. Ancaq tərəflər vəziyyətlə barışmağa və Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla hesablaşmağa məcburdurlar. Çünki əks halda onları da ermənipərəst Fransanın aqibəti gözləyə bilər. Hətta ilk vaxtlar ən müxtəlif bəhanələrlə danışıqlardan yayınmağa çalışan Hayastan da sonda Azərbaycanın ərazi bütövlüyünü və rəsmi Bakının təqdim etdiyi baza prinsiplərini qəbul edib, daha doğrusu, etmək zərurətində qalıb.

İkincisi isə vasitəçilik təşəbbüsləri göstərən beynəlxalq təşkilatların və aparıcı dövlətlərin həm sülh müqaviləsinin imzalanmasında, həm sərhədlərin delimitasiyası və demarkasiyasında, həm də kommunikasiyaların açılmasında vaxt itirmədən “işə başlamaq” barədə təkid etmələridir. Nəticə olaraq formalaşmış ümumi fikir belədir ki, Ermənistanla Azərbaycan arasında müxtəlif formatlarda aparılan danışıqları yekunlaşdırmaq və bölgədə dayanıqlı sülhə nail olmaq üçün tarixi şərait yetişib. Bu yanaşma bitmiş münaqişənin və müharibənin “kitabını bağlayacaq” müqavilənin imzalanmasını və Cənubi Qafqazda yeni sabitlik və inkişaf dövrünə keçidi şərtləndirəcək mühüm amildir.

Başqa bir vacib məqam isə sülh müqaviləsi layihəsinin artıq hazır olması və onun şərtlərinin razılaşdırılması prosesinin birbaşa ikitərəfli təmaslar vasitəsi ilə həyata keçirilməsidir. Ancaq qeyd edilənlər nə qədər ümidverici olsa da Ermənistanın siyasi rəhbərliyinin ortaya konkret mövqe qoya bilməməsi real nəticənin əldə olunmasını ləngidir. Görünən odur ki, Hayastanın baş naziri Nikol Paşinyanın müstəqil qərar vermək imkanları məhduddur və atacağı addımlara görə üzləşə biləcəyi təzyiqlərdən çəkinir. Yəqin bu səbəbdəndir ki, Paşinyan martın 14-də keçirdiyi mətbuat konfransında imzalanacaq sülh müqaviləsi ilə bağlı “bu, arzularımızın nəticəsi deyil, uzunmüddətli sülhü, sabitliyi, inkişafı təmin edəcək bir göz yaşıdır”,- deyə bəhs edib. Bildirib ki, ictimai platformalarda, internet resurslarında və sosial şəbəkələrdə Ermənistan hökumətinin “bəzi sənədlərə” imza atacağına dair həyəcan təbili çalınır: “Sizi əmin etmək istəyirəm ki, əgər hansısa sənədi imzalamağa bir, iki və ya üç gün qalmış vəziyyətdəyiksə, bu, əslində pis xəbər deyil, çox yaxşı xəbərdir. Bu, o deməkdir ki, biz danışıqlar prosesində irəliləyiş və nəticə əldə etmişik. Ancaq bu, arzularımızın nəticəsi deyil, uzunmüddətli sülhü, sabitliyi, inkişafı təmin edəcək bir göz yaşıdır.”

Yeri gəlmişkən, Paşinyan mətbuat konfransında rəsmi İrəvanın Ermənistan, Azərbaycan və Rusiya xarici işlər nazirlərinin Moskvada üçtərəfli görüşünün keçirilməsinə hazır olduğunu bəyan edib. Bildirib ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan yaxın vaxtlarda Rusiyaya gedəcək və bu məsələ orada müzakirə olunacaq. Xatırladaq ki, sonuncu dəfə bu formatda görüşün baş tutması Hayastan tərəfin son anda imtina etməsi səbəbindən təxirə salınmışdı.

Ermənistandan fərqli olaraq Azərbaycan prosesin əvvəlindən sülh çağırışlarına sadiqdir, beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşır və müxtəlif formatlarda keçirilən çoxtərəfli sülh danışıqlarında konkret real nəticələrin əldə olunmasına töhfə verməyə çalışır. Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşündə bunu növbəti dəfə bəyan edib. Bildirib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin sülh yolu ilə həllinə töhfə vermək üçün əlimizdən gələni edəcəyik: “Hesab edirəm ki, razılaşma əldə etmək üçün yaxşı şans var, xüsusən də ötən ilin oktyabrında Soçidəki görüşlərdən sonra Ermənistanın və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı bir zamanda. Bu sazişi gec-tez imzalamaq yaxşı fikirdir. Biz beynəlxalq hüquqa əsaslanan və bizim mövqeyimizə görə sülh sazişinin əsasını təşkil etməli olan beş prinsip işləyib hazırlamışıq. Beş prinsipi özündə əhatə edən sülh müqaviləsinin imzalanması ilə bağlı təşəbbüs məhz Azərbaycan tərəfindən irəli sürülüb və iki ölkə arasında sülh müqaviləsi bu prinsiplər əsasında imzalana bilər.”

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanma prosesini, Aİ Şurasının Prezidenti Şarl Mişelin missiyasını, Brüssel sülh gündəliyini dəstəkləyir.

Beləliklə, son nəticənin əldə edilməsi üçün Ermənistan rəhbərliyinin iradə nümayiş etdirməsi vacibdir. Paşinyan nəhayət anlamalıdır ki, müxtəlif bəhanələrlə vaxtı uzatmaqdansa Azərbaycanın sülh təşəbbüsünü dəyərləndirmək, davamlı sülhə nail olmaq üçün yaranmış tarixi şəraitdən istifadə etmək Ermənistanın yeganə xilas yoludur. Əks təqdirdə itirən yenə Ermənistan olacaq...