01 may 2024 02:16
342

Ermənistanın qurtuluşu sülh müqaviləsini imzalamaqdan keçir

Siyasi ekspertlərin qənaətincə, bu gün sülh sazişi Azərbaycandan daha çox məhz Ermənistana lazımdır. Ona görə ki, bu, haylar  üçün indiki ağır iqtisadi- sosial  vəziyyətdən xilas olub dinc inkişaf mərhələsinə keçid edə bilmək  üçün vacibdir. Eyni zamanda, hazırda geopolitik proseslər də Paşinyan hakimiyyətinin əleyhinə işləyir. Çünki ABŞ və Avropa İttifaqı (Aİ) da Ermənistanı  Azərbaycanla birbaşa sülh sazişini imzalamağa təhrik edir.

Bəli, ağlı başında olan haylar birmənalı şəkildə etiraf edirlər ki, ölkələri üçün yeganə çıxış yolu Azərbaycanla Türkiyənin ərazi bütövlüyünü, suverenliyini tanımaq, Zəngəzur dəhlizini açmaq, sərhədlərin delimitasiyası və demarkasiyasını həyata keçirmək, bütün bunların nəticəsində yaranacaq yeni iqtisadi, ticarət, tranzit imkanlarından səmərəli istifadə etməkdir. Bu isə o deməkdir ki, Ermənistanın da yaxın gələcəkdə Azərbaycan və Gürcüstan kimi beynəlxalq nəqliyyat-logistika  mərkəzinə çevrilmək imkanları olacaq.

Bu günlərdə isə Ermənistan parlamentinin spikeri Alen Simonyan bəyan edib ki, ölkəsi Azərbaycandan təbii qaz almaq məsələsini müzakirə etməyə hazırdır. Onun sözlərinə görə, Ermənistanın  Bakıdan qaz almasını müsbət hesab edir: «Bu məsələni müzakirə etməliyik. Hətta indi də Rusiyadan aldığımız qazın bir hissəsi Azərbaycan qazıdır». Erməni iqtisadçıları da birmənalı olaraq bildirirlər ki, gələcəkdə Ermənistanın Azərbaycandan qaz alması nəqliyyat və lojistik imkanlarına görə, İrandan və Rusiyadan daha sərfəli ola bilər.

Xatırladaq ki, aprelin 23-də Prezident İlham Əliyev ADA Universitetində «COP29 və Azərbaycan üçün Yaşıl Baxış» mövzusunda keçirilən beynəlxalq forumda çıxışı zamanı bildirib ki, əgər iki ölkə arasında uzunmüddətli toqquşmaya son qoyulsa, yaxın zamanda sülh sazişi imzalansa, digər ölkələr kimi, Ermənistan da Azərbaycan qazını ala bilər.

 Hazırda reallıq belədir ki, Ermənistanın İkinci Qarabağ savaşındakı məğlubiyyətindən xeyli vaxt keçməsinə baxmayaraq bu ölkə hələ də özünə gəlmək iqtidarında deyil və sosial-iqtisadi, hərbi-siyasi böhran içərisində çabalayır. Eyni zamanda, ötən ilin sentyabrın19-da Qarabağda reallaşan bir günlük lokal antiterror tədbirlərindən sonra separatçı xuntanın ləğv edilməsi və ermənilərin könüllü şəkildə Qarabağı tərk edib Ermənistana getmələri bu ölkədə ciddi sosial problemlər yaradıb. Bu gün Ermənistan vətəndaşlarının arasında  ölkələrinə hökumətə ciddi inamsızlıq hökm sürür. Xüsusilə Fransanın Ermənistanın iqtisadiyyatına dəstək göstərməsi əvəzinə ona silahlar satması hayların iqtisadi iflasını sürətləndirib. Ona görə ki, Ermənistanın  xarici dövlət borcları hər il artmaqda davam edir.

Məhz işğalçılıq siyasəti nəticəsində onun regiondakı beynəlxalq layihələrdən kənarda qalması, eyni zamanda, ölkə ərazisində elə də ciddi təbii resursların olmaması müttəfiqi olduğu dövlətlərin bu ölkəyə ciddi investisiya yatırmasını əngəlləyib. Ermənistanın acınacaqlı vəziyyəti həm də onunla bağlıdır ki, onun  dövlət sərhədlərini  rus əsgərləri qoruyur. Hətta iri sənaye müəssisələrinin 80 faizi rusiyalı sahibkarların inhisarındadır.  

Postmüharibə dövründə Azərbaycan dövləti də sülh sazişinin imzalanması və bölgədə əməkdaşlıq mühitinin təmin olunması üçün bütün lazımi addımları atır. Rəsmi İrəvanın son dövrlərdəki, hərəkətlərindən də hiss edilir ki, məlum proseslərdə irəliləyiş var. Xüsusilə Ermənistanın baş naziri  Nikol Paşinyan  sülh müqaviləsi ilə bağlı bəzi müsbət bəyanatlar da verib. Hətta Ermənistan parlamentinin sədri Alen Simonyan da bir müddət əvvəl jurnalistlərə açıqlamasında deyib ki, danışıqlarda müsbət irəliləyişlər mövcuddur. Onun birbaşa təmaslar barədə səsləndirdiyi fikirlər də bunu təsdiqləyir. Belə ki, parlament sədri iki ölkə arasında birbaşa təmasların yarandığını diqqətə çatdırıb.  Hətta o, vasitəçilərsiz də sülh müqaviləsinin imzalanmasına nail olmağın mümkünlüyündən danışıb. Aleq Simonyanın sözlərinə görə, bəzi vasitəçilər  bölgədə öz maraqlarını təmin etməyə və təsir imkanlarını genişləndirməyə çalışırlar: «Sülh prosesində vasitəçilik etməyə çalışan istənilən ölkənin öz maraqları var və bu da təbiidir.»

Bütün bu proseslərdən anlaşılır ki, artıq rəsmi İrəvan Cənubi Qafqazda güc sahibi olan Azərbaycanla hesablaşmaq məcburiyyətindədir. Yəni, Nikol Paşinyan hakimiyyəti anlayır ki, Ermənistan üçün xilas yolu yalnız qonşuları ilə əməkdaşlıqdan keçir.

Bu, bir faktdır ki, hazırda Ermənistanla Azərbaycan arasında vasitəçilik iddiasında olan bir sıra ölkələr var. Bunlar Rusiya, Fransa, ABŞ, Avropa İttifaqı və s. Amma bu oyunçuların hər birinin öz dövlət maraqları var. sülh məsələsinə də bu  kontekstindən yanaşmağa çalışırlar. Bu maraqların məqsədi isə Cənubi Qafqaza təsir  imkanlarını  artırmaqdır.

İki ölkə arasında imzalanacaq sülh müqaviləsinə dair fikirlərini açıq şəkildə ifadə edən Prezident İlham Əliyev dəfələrlə beynəlxalq təcrübəyə istinad edərək bildirib ki, bu məsələdə vasitəçiyə ehtiyac yoxdur. Xüsusilə Ermənistan hakimiyyətinə Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün kənarda zəmanətçi axtarmağa ehtiyacın olmadığı  tövsiyə edilib. Ölkəmizin  başçısı vurğulayıb ki, bu, iki suveren dövlət arasında imzalanacaq sənəd olacaq: «Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır. Əgər kimsə kömək etmək istəyirsə, biz buna da etiraz etmirik. Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın.»

Biz bir ölkə olaraq zəmanətçiyə ehtiyac olmadığı qənaətinə ona görə gəlirik ki, bu istiqamətdə ATƏT-in keçmiş Minsk qrupunun fəaliyyəti yarıtmaz olub və onlar daim ermənipərəst mövqe sərgiləyiblər. Belə ki, 30 ilə yaxın müddət ərzində həmsədr ölkələr olan  ABŞ, Fransa və Rusiya ədalətli sülhə mane olmağa çalışıblar. Nəhayət, Azərbaycan öz işini özü gördü. Bundan sonra əslində Ermənistan üçün də yeni imkanlar yarandı. Ən başlıcası isə Ermənistan hakimiyyəti ağır Qarabağ yükündən azad oldu, regionun iki aparıcı ölkəsi – Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırması üçün imkan qazandı.

Diqqət etsək görərik ki, 2020-2022-ci illərdə Ermənistan sülh prosesində vasitəçilərdən vaz keçmək niyyətində deyildi. Bu işğalçı ölkə bütün görüşlərdə üçüncü tərəfin iştirakını təkidlə istəyirdi. Amma deyəsən səhvlərini gec də olsa anlamağa başlayıblar. Yəni, bu gün  Ermənistan da uzaq vasitəçilərdənsə, yaxın qonşusu ilə dil tapmağı daha səmərəli hesab edir. İndi haylar da yaxşı anlayırlar ki, ölkələrinin gələcəyi vasitəçi olmaq istəyən dövlətlərin maraqlarından üstündür. Rəsmi İrəvan artıq başa düşməyə başlayır ki, üçüncü qüvvələr arasında rəqabət Ermənistan üçün heç də yaxşı sonluq vəd etmir.

Elçin Zaman, «İki sahil»