KÖŞƏ

Mənsumə Babayeva

Sandıqlar açılır, Müsavatın “pambıqları tökülür”

26 noyabr 2019 20:15
2647

2019-cu ilində müxalif düşərgənin destruktiv qanadı üçün ictimai qınağın son həddə çatdığı il kimi yadda qalacağı inkaredilməzdir. İctimai qınaq ən böyük cəza olsa da dağıdıcı ünsürlər hələ də bunun ya fərqində deyillər, ya da şəxsi ambisiyalarının quluna o dərəcədə çevriliblər ki, bu barədə düşünmək belə istəmirlər. Amma unudurlar ki, bu kimi yalnışlıqlar, qul psixologiyaları onları hazırda siyasi meydanın küncünə sıxışmalarını şərtləndirir. İkrah doğuran əməlləri sırasına yenə də icazəsiz mitinq və aksiyalara can atmaları, xaricdə yaşayan mühacirlərin söz savaşı, özlərini müxalifət düşərgəsinin öncülləri hesab edən partiyaların ənənələrinə uyğun olaraq bir-birinə qarşı ittihamları, partiya daxili anormal proseslər, tərk etmələrin kütləvi xarakter alması və sair daxildir. İlin sonuna doğru dağıdıcı ünsürlərin əsl simasını açıqlayan olay isə “mühacir biznesi”nin ortaya çıxması oldu.

Bununla da illərdir Avropada Azərbaycana qarşı bəzi antimilli qüvvələr tərəfindən istifadə edilən söyüş maşınlarını formalaşdıran qüvvələr bir-bir ifşa olunurlar. Onsuz da radikal müxalifətin saxta mühacir kimliyi ilə Avropaya aldadıb apardığı insanların varlığı çoxdan bəlli idi və bunların Azərbaycandakı bağlantıları da az-çox bilinirdi. Bunlar Avropadakı havadarlarından daha çox qrant almaq uğrunda mübarizə aparan, yeri gələndə bu savaşda bir-birilərinin himayədarlarını, maliyyə mənbələrini əllərindən alan, bir-birini agent, satqın adlandıran müxalifət liderindən başqa heç kim deyildi.

Elə bu günlərdə Almaniya polisinin müxtəlif şəhərlərdə keçirdiyi əməliyyatlar nəticəsində həmin şəbəkənin bir çox üzvləri saxlanılıb. Onlara məxsus ev və obyektlərdə yoxlamalar zamanı çoxlu sayda xarici ölkə vətəndaşlarına aid pasportlar, viza çap edən xüsusi aparatlar, nağd pul və silah aşkar edilib. Barələrində həbs-qətimkan tədbiri seçilən mühacir alverçilərinin bir çoxu isə Müsavat Partiyasının üzvüdür. Onu da qeyd edək ki, Müsavat Partiyasının “siyasi mühacir” məsələsi ilə bağlı cinayət işinin açılmasından sonra ortaya yeni faktlar çıxıb. Belə ki, Koblenz məhkəməsinin “siyasi mühacir” işi ilə bağlı qərarında adı müqəssir olaraq keçən Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (AKM) sədri İlham Həsənin bir gündə 80 saxta vəsiqə verdiyi faktı yayılıb. Bu faktı Müsavat Partiyasının üzvü, Almaniyada yaşayan jurnalist Yafəz Əkrəmoğlu açıqlayıb. Yeni faktda İ. Həsənin imzası ilə verilən 3 vəsiqə təqdim edilib: 2016-cı ilin 5 dekabrda 36 saylı, 2017-ci ilin 18 aprelində 16 saylı, həmin ilin 19 aprelində 96 saylı vəsiqə. Y. Əkrəmoğlunun sözlərinə görə, burada tarixlərə və nömrələrə diqqət etmək kifayətdir. Bu maxinasiyaya hesablanmış taktikadır. Bu o deməkdir ki, İlham Həsən bir gün ərzində 80 vəsiqə paylayıb. Dekabr-aprel ayları ərzində verilən saxta vəsiqələrin sayı 36-nı keçmək əvəzinə aşağı düşüb. Bu da bilərəkdən edilən saxtakarlıqdır ki, maxinasiyaya yol açır”. Müsavatçı jurnalist onu da qeyd edir ki, bu saxtakarlıqlarla bağlı partiya rəhbərliyinə məlumat verib: “Bu və digər saxtakarlıqları partiya rəhbərliyinə çatdırmaq üçün 2017-ci ildə Müsavat Divan üzvlərindən ibarət “Watsapp” qrupu yaratdım. İsa Qəmbəri də bu qrupa əlavə etdim. O vaxt bu məsələlərin xaricə çıxmasını istəmirdim və inanırdım ki, daxildə hər şey öz həllini tapacaq. Təəssüf ki, belə olmadı və bu məsələlərdə səsimə səs verən vicdanlı partiya rəhbərlərinin sayı çox az oldu. Məhz bu saxtakarlıq haqqında məlumat verdikdən sonra 17 iyun 2017-ci ildə qrup da belə bir cümlə yazmışdım: “Almanlar bu saxtakarlıqdan xəbər tutsalar, heç bağışlamayacaqlar. Bu dəfə AKM də bağlanacaq, bu saxtakarlığı edənin kitabı da”.

Müsavat Partiyasının sədr müavini Gülağa Aslanlı mühacir alveri qalmaqalı ilə bağlı partiya qarşısında davamlı olaraq faktlar qoyan jurnalist Yafəz Əkrəmoğlunu təhdid edərək onu məhkəməyə verəcəyini deyib. O, növbəti addım kimi Almaniya məhkəməsinə müraciət edəcəyini bildirib. Jurnalist Y. Əkrəmoğlu Müsavatın təhdidlərinə cavab olaraq digər faktları açıqlamaqla yanaşı bu məsələhəti də diqqətə çatdırıb: “Tak şto”, papağını qoy qabağına yaxşı düşün”.

Bütün hallarda son sözü Avropa məhkəməsi deyəcək. Hadisələrin sonunu gözləyək.